adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Noyabr 2019 14:08
11145
GÜNDƏM
A- A+

VERİLİŞİ QULU MƏHƏRRƏMLİ APARIR...

Bu gün məşhur televiziya aparıcısı, publisist, teletənqidçi, media mütəxəssisi, respublikanın Əməkdar jurnalisti olan professor Qulu Məhərrəmlinin reportyor kimi ekranlara çıxıb reportaj, süjet, müsahibə, veriliş aparmasından 40 ildən çox bir vaxt keçir. Bu illərdə onun yaddaqalan, geniş tamaşaçı auditoriyasında ictimai rezonans doğuran bir sıra verilişləri olmuşdur. Bunlar hansı verilişlərdir?

1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib təyinatla göndərildiyi Azərbaycan televiziyasında Xəbərlər və Tədris redaksiyalarının verilişlərində ara-sıra reportyor kimi görünüb. 1982-ci ildə AzTV-də yeni yaradılmış "Beynəlxalq icmal” qrupuna rəhbərlik edib. Həmin qrupun hazırladığı "Planetimizin mənzərəsi”,”Qitələr, hadisələr”, "Azərbaycan dünya meridianlarında” kimi verilişlər qısa müddətdə populyarlıq qazanıb.

1991-ci ildən xəbər aparıcısı kimi müntəzəm efirə çıxmağa başlayıb, "1000 saniyə” və "24 saat” xəbər verilişlərini, həmçinin əsas xəbər proqramını aparıb. Həmçinin həmin verilişlərdə siyasi şərhlərlə çıxış edib

1993-1995-ci illər arasında geniş tamaşaçı kütləsi toplayan "7 gün” populyar analitik-informasiya verilişinin müəllifi və aparıcısı olub. O dövrdə bir peşəkarlıq məktəbi olan "7 gün” (Hacı Hacıyev) geniş tamaşaçı kütləsi toplaya bilib. Hadisələrin təhlilinə obyektiv və plüralist yanaşması ilə fərqlənən bu proqram Qulu Məhərrəmlini peşəkar aparıcı kimi auditoriyaya daha geniş tanıdıb.

1995-ci ilin martında Azərbaycan televiziyasının ilk siyasi icmalçısı təyin olunmuş Qulu Məhərrəmli, həmin il qısa müddətdə "Xəbərlər” baş redaksiyasına da rəhbərlik edib. Beynəlxalq əhəmiyyətli tədbirlərdən, rəsmi toplantılardan canlı yayımlanan reportajlar aparıb, ölkə başçılarının xarici səfərlərindən çoxsaylı hesabatlar, müsahibə və reportajlar hazırlayıb.

1995-ci il avqustun 14-də efirə çıxmış "Səhər” musiqi-informasiya proqramı, təkcə Qulu Məhərrəmlinin yaradıcılıq bioqrafiyasında deyil, bütövlükdə Azərbaycan televiziyası tarixində yeni estetik prinsiplərin ekran təcəssümü baxımından yeni səhifə açıb. Peşəkar jurnalist, indi də teleməkanımızın baxımlı verilişlərindən olan bu proqrama 12 il rəhbərlik edib.

Toxunduğu hadisə, problem və faktlara fərdi yanaşması Q.Məhərrəmlinin AzTV ekranında ilk davamlı müəllif proqramı olan, ən müxtəlif mövzuları araşdıran "Təfsilat”ın (1996-1997), sonralarsa "Gerçəklik” (1998-2000) verilişinin populyarlığını təmin edib.

2000-ci ildə Qulu Məhərrəmlinin yenidən informasiya aparıcılığına qayıdaraq "Gecə xəbərləri” adlı xüsusi buraxılışa çıxması, bütövlükdə AzTV-də müəyyən bir canlanma yaratmışdır.

2001-ci ildə qısa müddətdə ekranlarda olmuş "Xalqın sözü” adlı tok-şou da müxtəlif mövzuların açıq ictimai müzakirəsinə görə xeyli maraqla qarşılanıb.

Q.Məhərrəmli 2005-ci ildə "Planetimiz bu gün” adlı beynəlxalq informasiya bülleteninin aparıcı və şərhçisi olub. Bu verilişlərdə onun Qarabağ mövzusunda şərhləri, beynəlxalq həyata dair siyasi təhlilləri, görkəmli siyasətçilərlə apardığı müsahibələr maraqla baxılıb.

2007-ci ildə AzTV-ni tərk edən Qulu Məhərrəmli Xəzər TV-də fəaliyyətini davam etdirib. Burada efirə çıxan "Dost məclisi” (2007-2010) proqramına aparıcılıq edib. 2010-cu ildən isə həmin telekanalda həftəlik hadisələrin təhlilinə həsr olunmuş "Gündəm” proqramını aparıb. Hər iki veriliş qısa müddətdə tamaşaçılar arasında populyarlaşıb.

Qulu Məhərrəmli hazırda peyklə yayımlanan GünAz TV ilə əməkdalıq edir. 2016-cı ildən bu telekanalda efirə çıxan "Mətbuat aynasında” populyar verilişinin aparıcısıdır.

Azərbaycan telejurnalistikasının inkişafında müstəsna xidmətləri olan professor Qulu Məhərrəmli müxtəlif mövzularda 20-yə yaxın sənədli televiziya filminin ssenari müəllifidir. Bu filmlərin bəziləri beynəlxalq festival və müsabiqələrdə nümayiş etdirilib. Bir neçə populyar xarici serialın Azərbaycan dilinə dublyajının bədii rəhbəri olub.

Məryəm ƏHMƏDLİ