adalet.az header logo
  • Bakı 20°C
04 Noyabr 2019 18:09
24254
ƏDƏBİYYAT
A- A+

"ƏLİ NƏZMİ" ƏDƏBİ BİRLİYİNİN OTUZ ALTI YAŞI

Düz otuz altı il qabaq bu gün döyüş bölgəsi kimi tanınan Goranboy rayonun Mədəniyyət Şöbəsi nəzdində (indiki Mədəniyyət Mərkəzi) "Əli Nəzmi" ədəbi birliyi fəaliyyətə başlamışdır. Keçən bu illər ərzində bir çox istedadlı müəlliflərin kitabları müxtəlif nəşriyyatlar tərəfindən çapdan buraxılmışdır. Artıq birlik iştirakçılarının yeddi nəfəri Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Birliyə toplaşan şair və nasirlərin əsərləri yerli və respublika mətbuatında ardıcıl surətdə çap olunur.

Birliyin ilk yaradıcısı və rəhbəri şair Ələsgər Əlioğludur.Neçə-neçə müəllifin ölkədə tanınmasında onun böyük əməyi vardır.

Bu yaxınlarda birliyin növbəti ildönümü qeyd olunmuşdur.Bu münasibətlə oxuculara birlik üzvlərindən bəzilərinin yaradıcılıq nümunələrini təqdim edirik.


MEHMAN ƏŞRƏF

BAYATILAR

Ay çıxıb gecə yarı,

Xeyli gözlədim yarı.

Ay batmamış gəlmədi,

Kim verdi ixtiyarı!?

Amandı qarlı dağım,

Göz dikib sənə bağrım.

Suyun əskik olmasın,

Quruyar qol-budağım.

Əzizim zaman keçdi,

Gün keçdi,yaman keçdi.

Vətənsiz günüm qara,

Günüm ah-aman keçdi.

Tonqalım yandı,söndü,

Dağımın üzü döndü.

Bir haraya gələn yox,

Dağ-daş dil açdı,dindi.

Bir qatar durna keçdi,

Düşdü dumana keçdi.

Xurması yox Bağdadın,

Görən ha yana keçdi!?

Əzizizm vətən darda,

Sən demə,vətən darda.

Çəkil görüm yolumdan,

Vətən harda.biz orda.

Günüm ah-aman keçər,

Çırmanar çaydan keçər.

O tayda vətən qalıb,

Günüm ah-vaydan keçər.

Amandı qarlı dağım,

Göz tikib sənə bağım.

Suyun əskik oımasın,

Quruyar qol- budağım.

Əzizim qaş qaralar,

Gün batar, qaş qaralar.

Ömür də bir günəşdir,

Üstündə daş qaralar.

Mən aşiq beləsinə,

Görmədim belə sinə.

Sinəmə min dağ çəkdi,

Çal-çarpaz beləsinə.

Əzizim yarasına,

Toxunma yarasına.

Gəl sözünü üzə de,

Danışma qarasına.

Mən aşiq özgəsinə,

Sirr verdim özgəsinə.

Başım bəlalar çəkdi,

Görk oldu özgəsinə.

Bu qala Əlincədir,

Quyusu dərincədir.

Bir sevdaya düşmüşəm,

Mənimlə ölüncədir.


Taleh CƏFƏROĞLU

AND İÇMİŞƏM


Hazırlaş,igid əsgər,qalx ayağa ey Vətən,

O şəhid balaların canına and içirəm.

Qoymayaq şəhidlərin gecikməyə qisası,

Xocalının tökülən qanına and içirəm.

Ancaq qisasla durar bu tökülən göz yaşı,

Ancaq qan yuya bilər bu torpağı,bu daşı.

Körpəmi qətl edənin kəsilməyincə başı,

Girməyəcək qılıncım qınınq,and içirəm.

Qayıdıb Qarabağım öz yurduna köçməli,

Laçınımda qan tökən öz qanını içməli.

Kəbəmə gedən yolum Kəlbəcərdən keçməli,

O Kəbənin,Məkkənin yoluna and içirəm.

Ölsəm ağlama,oğlum,Bayrağıma bük məni,

Yandır,külümü götür,Vətənimə tök məni.

Talehəm,hər qarışda,hər addımda ək məni,

Canım Vətənə fəda,mən ona and içirəm.


MÜŞVİQDAĞLAROĞLU

BAXIRAM DAĞLARA ÜRƏYIM YANIR


Orda sökülməyən danım qalıbdır,

Baxıram dağlara, ürəyim yanır.

Ruhumdan ayrılıb canım qalıbdı,

Baxıram dağlara, ürəyim yanır.

Quş olub sərhəddi keçə biləydim,

Yurduma-yuvama köçə biləydim.

Gedib bulağımdan içə biləydim,

Baxıram dağlara, ürəyim yanır.

Könlümün nisgili,qubarı çoxdur,

Dünyanən mənimlə arası yoxdur.

Dərdi uşaqlıqdan sinəmə oxdur,

Baxıram dağlara, ürəyim yanır.

Hanı Qoç Koroğlu,yerin bərkidə,

Düşməni bir anda yurddan hürküdə.

Müşvüqəm,aranda odlu-bürküdə,

Baxıram dağlara, ürəyim yanır.


İSGƏNDƏR FƏRHADOĞLU

ÜRƏYİMƏ MƏN ÇOX YAXŞI BƏLƏDƏM


Ürəyimə neçə arzu bələdim,

Ürəyimlə neçə arzu ələdim.

Ürəyimdən uçub pərvaz elədim,

Ürəyimin yuvasıyam, quşuyam.

Qələmimə varaqlar da gəlir dar,

Varağıma günəş qonar, yağar qar.

Damağımda neçə alov dadı var,

Mamırlanmış hisli ocaq daşıyam.

Bu yolların ürəyini üzmüşəm,

Cığırlara izlərimi düzmüşəm.

Göz yaşımda yelkən asıb üzmüşəm,

Qığılcımam, bir ovuc göz yaşıyam.


ANAR BOLUSLU (ƏLİOĞLU)

AXTARIR


Öz gözündə tir görməyən,

Yad gözündə qıl axtarır.

Zəhmət çəkib qazanmayan,

Əl açıbdı, pul axtarır.

Aylar, illərlə ac olan,

Özgə başında tac olan,

Beş şahıya möhtac olan,

İşlətməyə qul axtarır.

Qərar ki, vermədin düzgün,

Olmaz bundan artıq pis gün.

Əlindən övlad didərgin,

İndi qız-oğul axtarır.

Cavabsız qalıb suallar,

Anar deyər, bağlı yollar...

Hər gün qurur xam xəyallar,

Gəzir dövlət, mal axtarır.