adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Noyabr 2019 09:19
18380
MƏMLƏKƏT
A- A+

HƏSƏN SARIYEVİN QƏBUL GÜNLƏRİ

Mətbuatda oxudum ki, Möhtərəm Prezident tərəfindən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş Elnur Rzayev qəbul günlərini ləğv edib. Yəni hər bir vətəndaş istədiyi vaxt ona müraciət edə bilər. Alqışlanası bir hadisədi. Əvvəla, bu ənənənin özülünü Möhtərəm Prezident İlham Əliyev şəxsən özü qoyub. Ayda bir neçə dəfə rayonlarda olur, əhali ilə görüşür, problemlərini dinləyir və bu problemlərin aradan qaldırılması üçün dərhal öz göstərişlərini verir. Eləcə də 1-ci vitse-prezident hörmətli Mehriban xanımın əhali ilə görüşmələri artıq bir ənənəyə çevrilib.

Bundan başqa Möhtərəm Prezidentin göstərişi ilə həm nazirlər, həm komitə sədrləri, eləcə də onların müavinləri ayda bir dəfə rayonlarda qəbul günləri keçirirlər, problemləri ilə yerində tanış olurlar və həmin problemlərin həll olunmasına çalışırlar. Daha bir də vətəndaş dünyanın o başından dərdini demək üçün durub Bakıya, hansısa nazirin və ya rəhbər şəxsin qəbuluna gəlmək üçün əziyyət çəkmir.

Rayon icra başçıları da dövlət başçısından ibrət götürüb rəsmi qəbul günlərindən başqa hər həftə bir və ya iki kənddə görüşlər keçirir və problemləri yerindəcə həll etməyə çalışırlar.

Qarabağ savaşı zamanı «Papravənd qartalları» batalyonuna komandirlik edən Həsən Sarıyev sonra Ulu Öndər Heydər Əliyev tərəfindən Ağdam Payon İcra Hakimiyyətinin başçısı təyin edildi. Və təxminən 16 il bu vəzifəni daşıdı. Özü də cavanlıqda güləşçi olmuşdu, idmanı çox sevirdi. «Qarabağ» komandasının maddi durumunun ən ağır vaxtlarında da komandanı sahibsiz buraxmadı.

Təbii ki, hər başçının qəbul günü var. O qəbul günü başqa qəbul günlərindən fərqlənir. Çünki həmin qəbulda rayonun bütün rəhbər şəxsləri də iştirak edir və məsələ hərtərəfli öyrənilir və başçı da rəhbər şəxslərə öz göstərişlərini verir. Həsən Sarıyevin qəbul gününü qoyduq qırağa.

İcra hakimiyyətinin qarşısında bir qoca palıd ağacı vardı, altında da bir stol və bir neçə stul. Həsən müəllim işə bir saat tez gələrdi, işdən də gec gedərdi. Eləcə də günorta istirahətə çıxmazdı. Yəni bütün boş vaxtlarında oturardı həmin palıdın altında. Bəzən də şahmat oynayardı. Və bunu da bütün rayon camaatı bilirdi və qəbul gününü gözləmək lazım deyildi. Hamı gəlirdi elə o palıdın altında Həsən müəllimə dərdini danışardı. Toyu olan da, yası düşən də, övladının təhsil haqqını ödəyə bilməyən də, xəstəsi olan da, nə bilim işığı kəsilən də, suyu gəlməyən də, artezianı yanan da.

O da çalışırdı ki, yanına gələn hər bir adamın probleminə əlindən gələn köməyi əsirgəməsin. Tanıdı-tanımadı, toydan da qalmazdı, yasdan da.

Xaçmazın yeni təyin olunmuş gənc icra başçısının qəbul günlərini ləğv etməsini eşidəndə nədənsə yadıma Həsən Sarıyev düşdü.

Həsən müəllim yenə həminki sadə Həsən müəllimdi. Yenə nə xeyirdən qalar, nə şərdən, nə də ona üz tutanları qapıdan qa ytarmaz.


Aqil ABBAS