adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Noyabr 2019 13:13
15727
ƏDƏBİYYAT
A- A+

Bakı və Salyandan sonra Taxtakörpüdə İlham Qəhrəmanın 60 illiyi qeyd edilib

Noyabrın 1-də laçınlıların kompakt məskunlaşdığı Ağcabədi rayonu Taxtakörpü ərazisində İlham Qəhrəmanın 60 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Rayon İcra hakimiyyətinin məsul şəxsləri, mədəniyyət xadimləri, rayon ağsaqqalları, təhsil işçiləri, söz adamları, poeziyasevərlər, sadə əmək adamları Mədəniyyət Evində baş tutan tədbirə qatılanlar arasında idilər. Səhnəyə qoyulmuş bir topa payız qızıl gülləriylə yurd həsrətli laçınlılar arasında qəribə bir uyarlıq vardı. Həmyerliləri şairin böyüdülmüş şəklini də səhnə pərdəsindən asmağı unutmamışdılar. Paytaxtdan, eləcə də Goranboy, Bərdə, Ağcəbədidən qonaqlar da maqraqlılar qismində tədbirə təşrif buyurmuşdular. Yubiley tədbirini Laçın rayon Mədəniyyət Mərkəzinin direktoru Sadıq Axundov açıq elan etdi. O, öz kiçik çıxışında İlham Qəhrəmanı Azərbaycanın çox istedadlı və dəyərli qələm sahibi kimi xarakterizə etdi, onun Laçın, Qarabağ həsrətli şeirlərindəki səmimiyyətdən danışdı. "Yaddaş” poemasından "Evimiz” fəslini oxuyandan sonra direktor məclisi idarə etmək üçün sözü Bakıdan gəlmiş qonaq, AYB-nin İdarə Heyətinin üzvü, "Azərbaycan” jurnalının baş redaktor müavini Əsəd Cahangirə verdi.

Əsəd Cahangir öz çıxışına laçınlılara sevgisindən, dədə-babalarının tərəkəmə kimi dağ-aran getməsindən və bu zaman Laçın dağlarında yurd salmalarından və onlardan eşitdiyi xatirələrdən başladı. Daha sonra bir ədəbiyyat tənqidçisi kimi bu gün həmyerliləri arasında yubileyi qeyd edilən İlham Qəhrəmanın yaradıcılığına dərindən bələd olduğunu, şairin indiyə qədər çap olunan 10 kitabından üçünə ön söz yazdığını dedi. Natiq yubilyarı həmişə vətəndaş mövqeyi ilə seçilən, vətənini, xalqını ürəkdən sevən, onun maddi və mənəvi dəyərlərinin üstündə yarpaq tək əsən şair kimi xarakterizə etdi. O, İlham Qəhrəman yaradıcılığının yalançı vətənşüvənlikdən, bayağılıqdan uzaqda durduğunu, şeir dilinin aydın olduğunu dilə gətirdi. Əsəd müəllim şairi səmimi hisslərin tərənnümçüsü adlandırdı. Hansı mövzuda yazmasından asılı olmayaraq oxucunun hisslərinə hakim kəsilə bilmək məharətini xüsusi vurğuladı. Çıxışında görkəmli tənqidçi yubilyardan nümunələr gətirərək onu şeirdə obrazla danışmağın ustası adlandırdı. Ona görə də onun şeirlərinin oxucu tərəfindən yaxşı qavranıldığını, yadda qaldığını toplaşanların diqqətinə çatdırdı. Əsəd Cahangir İlham Qəhrəmanın dilimizin incəliklərinə dərindən bələd olmasını bir şair kimi tək onun xöşbəxtliyi olmadığını, həm də ədəbiyyatımızın, poeziyamızın qazancı olduğuna diqqət çəkdi. Çıxışını tamalayandan sonra natiq yubilyarı kürsüyə dəvət etdi.

İlham Qəhrəman indiyə qədər Bakıda, Salayanda və başqa məkanlarda olan yubiley tədbirlərindən sonra doğma laçınlılar arasında keçirilən tədbirin onun üçün xüsusi əhəmiyyət daşıdğını dedi. Laçının simasının onun füsunkar təbiəti, dağları, mənzərələriylə yanaşı həm də adamlarının olduğunu qeyd edən şair bu gün doğma yurdun əlçatan olmasa da, adamlarıyla bir yerdə olduğuna çox sevindiyini dedi. Şair Laçını sevən, Laçınla bağlı xatirəsi olan insanları itilənərkən çarxda tədricən qəməsi kiçilən bıçaqla müqayisə etdi. Amma sayları azalsa da sevgilərinin həmin bıçaq kimi həmişə ovxarda qaldığını, iti olduğunu dedi.

Daha sonra Laçın rayon İcra Hakimiyyətinin İctimai Siyasi şöbəsinin rəhbəri Məhəmməd Şahbazova söz verildi. Məhəmməd müəllim yubilyarın şeir yaradıcılığının laçınlılar arasında çox sevildiyini, onun folklor kitablarının dəyərli olduğunu, bu nümunələrin tariximiz üçün əhəmiyyətindən danışdı. O, rayon ictimaiyyəti və Laçın rayon İH-nin başçısı Aqil Nəzərli adından yubilyarı təbrik etdi.

Bundan sonra məclis rəngarəng axara düşdü. Aparıcı bir yandan Fəxri Mədəniyyət işçisi aşıq Nizami Şirinovu, aşıq Vidadi Mövlamverdiyevi, aşıq Təbriz Sadıqovu, 6-cı Muğam Müsabiqəsinin laureatı, gənc muğam müəllimi Qəmbər Axundovu, Şamkənd kənd uşaq musiqi məktəbinin şagirdi Tacir Alxanovu, aşıq Əbdüləli Axundovu, şair-aşıq Amil Bəxtiyarı, Elvin Axundovu oxumaq və ifa üçün, bir yandan da ədəbiyyat müəllimi, şair Eynulla Sadığı, Raziyyə Laçını, 552 saylı Tam Orta məktəbin direktoru Abuzər Abuzərovu, 37 saylı Tam Orta məktəbin direktoru Bəsirə Məmmədlini, Ağcabədi şəhərindən tədbirə qatılmış şair Yusif Kamalı, tanınmış ziyalı, müəllim Qoca Qocayevi yubilyar haqqında söz demək və onu təbrik etmək üçün ard-arda səhnəyə dəvət etdi. Qeyd edək ki, ifaçılar məxsusi olaraq bu gün üçün oxuduqları şeirlərin hamısını İlham Qəhrəmanın yaradıcılığından seçmişdilər. Aşıq Təbriz şairin "Qoymadılar öləm öldüyüm yerdə” şeirini "Naxçıvanı” havası üstündə o qədər şövqlə oxudu ki, salondakıların alqışı ilə aşıq ikinci dəfə səhnəyə qayıtmalı oldu. Goranboydan tədbirə gəlmiş balmançı-aşıq Eldəniz Elxanoğlunun bir dəmkeş kimi səhnədə aşıqlarla ifaya uyğun geşt eləməsi, məharətli meydangirliyi yadda qalan oldu. Laçın məktəbliləri Aytacın və Eltonun əzbərində şairin şeirlərinə toplaşanlar maraqla qulaq asdılar. Aparıcı arada yubilyarın özünü də şeirlərindən nümunələr səsləndirmək üçün mikrofona dəvət edirdi.

Məclisin sonunda söz alan İlham Qəhrəman onun yaradıcılığını dəyərləndirib belə gözəl sazlı-sözlü tədbirin keçirilməsinə dəstək verdiyinə görə cənab başçı Aqil Nəzərli başda olamqla İcra Hakimiyyətinin işçilərinə, tədbirin bilavasitə təşkilatçısı olan Laçın rayon Mədəniyyət Mərkəzinə, sənət adamlarına, məclisi idarə edən qələm dostu Əsəd Cahangirə, tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi. Doğma laçın camaatı ilə bir arada olmağın kədər qarışıq sevinc hissinin onu heç vaxt tərk etmədiyini, belə görüşlərin hafizələrdə qaldığını dedi.

Axırda xatirə şəkilləri çəkildi.

Bakı (03may 2019) və Salayandan (07 avqust 2019) sonra