adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Noyabr 2019 13:11
14054
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: AVTOBUS QƏZALARI...

Bu gün istər Bakı şəhərində, istərsə də regionlarda sərnişinlər avtobus və mikroavtobuslardan daha çox istifadə edirlər. Təbii ki, fərdi avtomobilləri olmayan insanlar bu ictimai nəqliyyat növündən yararlanmaqda haqlıdırlar. Çünki kimliyindən asılı olmayaraq, avtobus və mikroavtobusa minən sərnişinlər həm də mənzilbaşına rahat və təhlükəsiz çatmaq istəyirlər.

İndi gəlin görək bu rahatlıq və təhlükəsizlik bütün avtobus və mikroavtobuslarda mövcuddurmu? Təbii ki, bu suala birmənalı cavab vermək olmaz. Və həmin sualın da ən obyektiv cavabını bu nəqliyyatdan istifadə edən sərnişinlər söyləyə bilərlər. Ən azından ona görə ki, bayaq dediyimiz kimi, hər gün avtobus və mikroavtobuslardan ölkəmizdə yüz minlərlə sərnişin yararlanaraq mənzilbaşına gedirlər.

Sərnişinləri, eləcə də ondan istifadə edən insanları ən çox düşündürən və narahat edən təhlükəsizlik qaydalarına əməl edilməsidir. Gəlin onunla razılaşaq ki, istər rayondan Bakıya gələn, istərsə də paytaxtımızda hərəkət edən və sərnişin daşıyan əksər avtobus sürücüləri sürət həddinə əməl etmirlər. Dəfələrlə Bakı-Qazax yolunda bir hadisənin şahidi olmuşuq ki, sərnişin daşıyan avtobus saatda 90-100-lə hərəkət etmək əvəzinə 120-130-la idarə olunur.

Bəzən də həmin avtobusun sürücüləri minik avtomobillərini magistral yolda ötüb keçir, yolun sağıyla getmək əvəzinə soluyla hərəkət edir, qəza şəraiti yaradır və tez-tez istiqaməti dəyişir. Hətta bəzən görürsən ki, bu avtobusun sürücüləri heç yol polisinin "saxla!” işarəsinə də məhəl qoymurlar.

Mütəxəssislərin hesablamalarına görə, baş verən və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin böyük hissəsi avtomobillərin yüksək sürətlə idarə olunması nəticəsində yaranır. Bu barədə bir çox ekspertlərin də həyəcanlı fikirləri səslənib və onlar qəzaların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülməsini tövsiyə ediblər. Elə bir ay, elə bir ongünlük olmur ki, avtobusların iştirakı ilə respublikamızda qəzalar baş verməsin.

Xüsusən də Bakı şəhərində tez-tez bu hadisələr baş verməkdədir. Məsələn, bir həftə bundan öncə Ramanı istiqamətində iki avtobusun toqquşması nəticəsində 9 sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar insanların və təcili tibbi yardım maşının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Xoşbəxtlikdən ölüm halı olmayıb və xəsarətlər də bir o qədər ağır deyilmiş. Həkimlərin müayinə və müalicəsindən sonra həmin 9 nəfər xəstəxanadan evlərinə buraxılıb və müalicələrinin davam etdirilməsi məsləhət bilinib.

Əhalinin əksəriyyəti bu gün avtobuslara minəndə çox narahatlıq hissi keçirirlər. Xüsusən o marşrutlarda ki, avtobuslar köhnədir, xırda tutmludur, bax həmin avtobuslarda mənzilbaşına gedənlərin həyatı böyük təhlükədə olur. Bu gün Bakı şəhərində nümunəvi və dünya standartlarına cavab verən avtobuslar xidmət göstərir. Birmənalı demək olar ki, bu yeni avtobuslarda bütün təhlükəsilik tədbirləri görülüb, sürücülər daha peşəkardır, sürət həddini aşmırlar və eyni zamanda kart sistemindən istifadə olunur.

İstər-istəməz müasir tipli avtobusların yayda və qışda kondisioner sistemi işlək vəziyyətdədir. Bir sözlə, bu cür marşrutlarda qəzalar çox nadir halda baş verə bilər. Ən azından ona görə ki, həmin avtobusların sürücüləri nizam-intizamlı və peşəkardılar.

Birmənalı olaraq deyə bilərik ki, qaydaların pozulması köhnə avtobuslardan istifadə edən marşrutlarda baş verir. Belə ki, onlara gün ərzində çox yüksək plan qoyulub. Məsələn, iritutumlu bir avtobus bir gündə 150 manata yaxın daşıyıcı şirkətin rəhbərinə pul ödəməlidir. Bunu isə ödəmək elə də asan deyil. İlk növbədə həmin sürücü ən azından 16-18 saat sükan arxasında olmalıdır. İkincisi də planı vermək üçün maşını sürətlə idarə etməli, dayanacaqda az saxlamalı və eyni zamanda yol hərəkəti qaydalarını tez-tez pozmalıdır.

Hələ biz həmin avtobusun təmizliyini, sürücünün sağlamlığını və onun daşıyıcı şirkətlə əmək müqaviləsi olub-olmadığını demirik. Sirr deyil ki, əksər daşıyıcı şirkətlər vergidən yayınmaq üçün sürücülərlə əmək müqaviləsi bağlamır və bir sözlə, həmin sürücü istehsalat zədəsi alanda, təqaüdə çıxanda heç bir imtiyazdan istifadə edə bilməyəcək. Ona görə də bu cür marşrutlara çox vaxt qeyri-peşəkar və hardan gəldi iş bacarmayan təsadüfi adamlar qəbul edilir.

Sözün açığı, bu cür "sürücülərin" işə qəbul edilməsi daşıyıcı şirkətlərə sərf eləyir. Bir qəza da törədəndə sürücülük vəsiqəsi olmayan, daşıyıcı şirkətlə əmək müqaviləsi bağlamayan adam avtobusu yolun ortasında qoyub qaçır. Görəsən, qəza zamanı ölənlərə və xəsarət alanlara görə kim məsuliyyət daşıyacaq? Əlbəttə, avtobusu yolun ortasında qoyub qaçan o "sürücü”.

Ən çox köhnə avtobuslardan və orta tutumlu nəqliyyat vasitələrindən Bakının mərkəzində deyil, qəsəbələrə, kəndlərə və ucqar yaşayış sahələrinə getmək üçün istifadə olunur. Hamıya gün kimi bəllidir ki, Bakının əksər qəsəbələrinə, daha doğrusu, hamısına köhnə avtobuslardan istifadə etməklə marşrutlar təşkil edilib. Elə həmin marşrutun sahibləri də, daha doğrusu, daşıyıcı şirkətlərin rəhbərləri də bir hadisə olanda yaxalarını kənara çəkirlər.

Bakı Nəqliyyat Agentliyi hər il sona çatanda bildirir ki, paytaxtın bütün marşrutları kart sisteminə keçəcək. Amma il tamam olur, yeni il gəlir görürsən ki, yenə heç də bütün marşrutlar kart sisteminə keçməyib, köhnə formada işləyir. Yəni el dilində demiş olsaq, köhnə hamam, köhnə tasdı. İndi yenə məlum qurumun yetkililəri bildirirlər ki, yeni ildən Bakıda bütün marşrutlar kart sisteminə keçəcəklər. Təki belə olsun! Kör nə istər iki göz; biri əyrü, biri düz! Amma bu yazıq camaatı o qədər aldadırlar ki, heç bu deyilən sözlərə də bir o qədər inam qalmayıb. Çünki camaat sözə yox, gördüyünə inanır.

Əgər köhnə avtobusların məxsus olduğu daşıyıcı şirkətlər öz sürücülərinə, texniki işçilərinə, dispeçerlərinə nəzarət edə bilmirlərsə və bu sürücülərin məsuliyyətsizliyi üzündən ağır qəzalar baş verirsə, deməli, bu işin bilavasitə yükü daşıyıcı şirkətin üzərinə düşür. Çünki daşıyıcı şirkətlər öz işlərini düzgün qura bilmir, təsadüfi adamları işə qəbul edir, onlarla əmək müqaviləsi bağlamır, avtobusların texniki sazlığını diqqət mərkəzində saxlamırlar. Belə olanda da təbii ki, qəzalar qaçılmaz olur.

Yazımızın başlığında belə bir sərlövhə yazmışdıq: "Avtobus qəzaları... Kimdir günahkar?”. Bu qısa araşdırmadan sonra belə bir məntiqi nəticəyə gəlmək olar ki, köhnə avtobusların iştirakı ilə baş verən qəzalarda əsas günahkar daşıyıcı şirkətlərdir. O daşıyıcı şirkətlər ki, götürdükləri öhdəliklərə əməl etmir, onu tez-tez pozur, mövcud qanunlardan və təlimatlardan yayınır. İkinci günahkar isə heç bir məsuliyyət hiss etmədən və sükan arxasında əyləşən qeyri-peşəkar sürücülərdi. Bu cür sürücülər heç bir məsuliyyət hiss etmir, altıda alımı, beşdə verimi olmur və necə gəldi avtobusu idarə edir.

Əlbəttə, bu cür qanun pozuntularına göz yuman və bilavasitə Bakıda avtobus marşrutlarına nəzarət edən Bakı Nəqliyyat Agentliyi də məsuliyyətdən kənarda qalmamalıdır. Elə daşıyıcı şirkətlər var ki, onların lisenziyası əlindən alınmalı və daha məsuliyyətli daşıyıcı şirkətə verilməlidir. Məsələn, metronun "Neftçilər” stansiyasından Yeni Günəşli qəsəbəsinə işləyən marşrutun sahibi və sürücüləri uzun illərdir yarıtmaz fəaliyyəti ilə Günəşli camaatını təngə gətiriblər. Belə ki, yayın istisində avtobusda camaat istidən boğulur, qışın soyuğunda isə soyuqdan üşüyür. Hələ bu azmış kimi, köhnə iri və orta tutumlu avtobuslar bəzən xarab olub yolun ortasında qalır. Camaat da sürücüyə irad tutanda o da deyir ki, bizim günahımız yoxdur, gedin şikayətinizi bizim şirkətin rəhbərliyinə və yaxud da Bakı Nəqliyyat Agentliyinə deyin.

Biz də dəfələrlə camaatın 50 nömrəli marşrutla bağlı giley-güzarını həm daşıyıcı şirkətin rəhbərinə, həm də Bakı Nəqliyyat Agentliyinin məsul şəxslərinə çatdırmışıq. Ancaq onlardan bir səs çıxmayıb ki, çıxmayıb. Bəlkə indən sonra hər iki qurum hərəkətə gəlib bu marşrutda baş verən özbaşınalığın qarşısını ala, camaatın narazılığına son qoya.