adalet.az header logo
  • Bakı 20°C

"HEYRATI" TÖKüLüR YƏHƏRƏ BURDA

AQİL ABBAS
52967 | 2011-04-23 07:56
Ölkənin aparıcı qəzetlərindən biri guya Dövlət Himninin dəyişdiriləcəyi ilə bağlı məlumat yayıb. Guya ona görə yazıram ki, yəni ortada dəqiq bir dəlil yoxdu. Və neçə gündür ki, dövri mətbuatda siyasətçilərin, tanınmış bəstəkarlar və sənətkarların, millət vəkillərinin bu məsələ ilə bağlı fikirləri, açıqlamaları dərc edilir. Yəni bir müzakirə mövzusuna çevrilib. Yəqin hələ müzakirələr də bir müddət davam edəcək. Ya rəsmi açıqlama gələnə qədər, ya da həmkarlarım yorulanadək.
   
   Dövlət rəmzlərinə qayğı və bu rəmzləri başımızın üstə tutmaq hər birimizin bir vətəndaşlıq borcudur. Bu rəmzlərlə bağlı ara-sıra mən də müəyyən fikirlərimi yazıram, xüsusilə də Bayrağımız barədə. Çünki dəfələrlə Bayrağımıza sayğısızlığın şahidi oluram.
   
   Bir dəfə İran bizim bayrağımızı tərs asmışdı, Azərbaycan mətbuatı ayağa qalxmışdı. Amma bizim özümüz Bayrağımıza nə qədər sayğılıyıq?! Bununla əlaqədar əsəbi bir yazı da yazmışdım: "O Dövlət Bayrağıdır, cehizlik xalça deyil".
   
   Hətta dövlət tədbirlərində belə Bayrağımızın düzgün asılmadığının dəfələrlə şahidi olmuşuq, həmin dövlət qurumlarının adlarını da mən yazmışam. Təkrara ehtiyac yoxdur, çünki bu mövzu Bayraqla bağlı deyil.
   
   Amma qanmayanlara bir daha qandırmaq borcumuzdur. Bayraq asılarkən birinci göy rəng gəlir, ikinci qırmızı, üçüncü yaşıl. Yəni birinci türkçülük, din yox. Heç vaxt din millətdən yuxarıda dayana bilməz. Amma təəssüflər olsun ki, yaşılın birinci asıldığını, çıxın, şəhərdə də görəcəksiniz, mağazalarda da görəcəksiniz, müxtəlif şirkətlərin binalarının təpəsində də görəcəksiniz və eləcə də dövlət qurumlarının tədbirlərində də. Belələri buna görə mütləq cəzalandırılmalıdı.
   
   Yadınızdadırsa, toylarda pulu zibil kimi ayaqlar altına atırdılar, üstündə "Tərəkəmə" oynayırdılar. Amma Azərbaycanın milli pulu yaranandan sonra millət o pulun üstündəki rəmzlərə görə və pulun özünün də dövlət atributu olduğuna görə, öz dövlətinə və millətinə sayğı əlaməti olaraq bu adəti yığışdırdı. Millətə "sağ ol" düşür.
   
   Amma Bayrağı tərsinə asanlar millətin özü deyil, millətin ayrı-ayrı fərdləridi. Dediyim kimi, onlar da cəzalanmalıdı.
   
   Bəli, Dövlət Himninin dəyişdirilib-dəyişdirilməyəcəyi müzakirəyə çıxarılıb. İctimaiyyətin yaxşı tanıdığı və qəbul etdiyi şəxslər də bu barədə müxtəlif fikirlər söyləyirlər. O fikirləri dövri mətbuatda oxuduğunuza görə təkrar eləmirəm. Sadəcə olaraq, mən də öz münasibətimi bildirmək istəyirəm.
   
   Azərbaycan Sovet Sosialist Respublikasının Himnini Üzeyir Hacıbəyov yazıb. Sözləri də Səməd Vurğunundur. İki ölməz şəxsin ölməz və möhtəşəm əsəridir. Adamın qanını coşduran, insanları mübarizəyə səsləyən, döyüşə səsləyən, insanlara ruh verən "Heyratı" muğamının üstündə yazılıb.
   
   70-80-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasının yeni Konstitusiyası qəbul olunanda Himnin sözləri çox cüzi, nəzərə çarpmayacaq dərəcədə redaktə edildi. Redaktəni də Bəxtiyar Vahabzadə ilə Hüseyn Arif eləmişdi. Bu redaktədən sonra Himnin müəllifi təkcə Səməd Vurğun deyil, Bəxtiyar Vahabzadə ilə Hüseyn Arif də göstərilirdi. Redaktə məsələsinə qayıdacağıq.
   
   Qonşu Rusiyada da Putin hakimiyyətə gəldikdən sonra Dövlət Himni dəyişdirildi, əski Sovetlər İttifaqının Himni yenidən bərpa olundu. Putin bunu insanlarda nostalji duyğular oyatmaq üçün elədi, yoxsa adı Sovetlər, əslində isə Rusiya İmperiyası olan imperiyanın hələ ölmədiyini, yaşadığını və yaşayacağını dünyaya bəyan etmək üçünmü elədi, day onu mən bilmirəm, Putin bilər, bir də Allahı.
   
   Və yaxud qonşu Gürcüstanda Saakaşvili hakimiyyətə gəldikdən sonra 1918-ci ildə müstəqilliklərini elan etdikdən sonra qaldırdıqları bayrağı yendirdi və gürcü xalqının daha qədimlərə söykənən bayrağını ucaltdı. Yəni belə misalları çox çəkmək olar. Çünki mən nə Bayrağımızın, nə də Himnimizin dəyişməyinin tərəfdarı deyiləm.
   
   Müasir Himnimizin müəllifi Üzeyir Hacıbəyov, sözləri də Əhməd Cavadındır. Amma bir məsələ də var ki, şeirin müəllifinin Əhməd Cavad olması da mübahisəlidir, mən yenidən həmin mübahisəyə qayıtmaq istəmirəm. Bu, ədəbiyyat tədqiqatçılarının işidir.
   
   Məsələn, belə bir fikir söyləyirlər ki, hər iki əsərin müəllifi Üzeyir Hacıbəyovdur və toxunmaq olmaz. Təbii ki, toxunmaq olmaz. Əslində bizdə iki din var. Biri peyğəmbəri Məhəmməd (ə.s.) olan İslam, biri də Peyğəmbəri Üzeyir Hacıbəyov olan İslam dini kimi qanımıza, canımıza hopmuş Azərbaycan musiqisi. Yəni bunlara toxunmaq günahdı.
   
   Amma bir məsələ var ki, Üzeyir Hacıbəyovun Azərbaycan Sovet Respublikasına yazdığı Himn Xalq Cumhuriyyətinə yazdığı Himndən daha mükəmməldi, daha möhtəşəmdi. (Qətiyyən ağlınıza gətirməyin ki, Azərbaycan Sovet Respublikasının Himninin bərpa olmasını istəyirəm, sadəcə özümün subyektiv bildiyim həqiqəti söyləyirəm).
   
   Çünki Azərbaycan Sovet Respublikasının Himnini yazanda Üzeyir Hacıbəyov daha geniş dünyagörüşə malik idi, daha geniş musiqi elminə malik idi və əvvəlki illərə nisbətən daha müdrik idi. "Leyli və Məcnun" da Üzeyir Hacıbəyovundu, "Koroğlu" da. "Koroğlu"nun "Leyli və Məcnun"dan dəfələrlə möhtəşəm bir əsər olduğunu kim dana bilər?
   
   Xalq Cümhuriyyəti qurulanda adından və millətindən başqa heç nəyi yox idi, Allahın bir ali məktəbi belə, bir texnikumu belə. Sıfırdan başlamışdı hər şeyi. Dövlət qurumları yaratmaq, nazirliklər yaratmaq, icra strukturları yaratmaq, dövlət rəmzlərini yaratmaq, sərhədlərini müəyyənləşdirmək, bir tərəfdən də Qarabağda ermənilərlə savaşmaq, Gəncədə Qatır Məmməd kimi gədələrin üsyanını yatırtmaq, Bakıda və başqa bölgələrdə bolşeviklərin bayrağı altında ermənilərin törətdikləri soyqırımların qarşısını almaq, bir yandan da rusların göndərdiyi 9-cu, 11-ci vəhşi diviziyalarla vuruşmaq. Əliyalın, necə 90-cı ildə olduğu kimi. Və təbii ki, hər şeyi ürəkləri istədikləri kimi qurub-yaratmağa vaxt çatmırdı, bir az tələsiklik vardı. Heç vaxtları da çatmadı.
   
   Himnimiz də həmin dövrün məhsuludu, amma bütün bunlara baxmayaraq, Üzeyir Hacıbəyov bu işin öhdəsindən şərəflə gəldi. Üstündən 70 il keçsə də bu Himn unudulmadı. Millətin ruhunda, qanında yaşadı.
   
   Sovetlər dönəmində belə bir fikir də dolaşırdı ki, əslində Üzeyir Hacıbəyov "Koroğlu" üverturasını Xalq Cümhuriyyətinə Himn yazmışmış. Və millətin əksəriyyəti Üverturanı Cümhuriyyətin Himni kmi qəbul edirdi, sevirdi, sayğı göstərirdi və Üvertura səslənəndə də ayağa qalxırdılar.
   
   Bu da bir faktdır ki, Üvertura nəinki canlıları, hətta məzarda yatanları da qaldırmağa, döyüşə aparmağa qadir bir əsərdir.
   
   Bəzən şəhidlərimizi də Üverturanın sədaları altında dəfn edirdik.
   
   Vaqif Bayatlının bir şeirində deyilir ki:
   
   
   
   Ölsək,
   
   ayaq üstə
   
   basdırın bizi.
   
   Atla,
   
   avtomatla basdırın bizi.
   
   Döyüşlər
   
   təzədən başlana bilər.
   
   
   
   Biz də şəhidlərimizi kəfənə deyil, Üverturaya sarıyıb dəfn edirdik ki, böyük Üvertura çalınanda ayağa qalxsınlar, bizimlə bir yerdə Üverturanın sədaları altında Bayrağımızı ən uca zirvəyə, Cıdır düzünə sancsınlar.
   
   Və bu gün də harda Üvertura çalıınırsa məclisdəkilər ayağa qalxır. Sanki Üzeyir Hacıbəyov əlini atıb adamın yaxasından yapışır və deyir, qalx ayağa millətin oğlu, döyüş zamanıdı, yatmaq zamanı deyil.
   
   Yəni məndən asılı olsaydı Üverturanı Dövlət Himnimiz kimi qəbul edərdim. Amma Himn ayrı-ayrı fərdlərin arzusuyla, istəyiylə deyil, millətin iradəsi ilə qəbul olunur. Millətin iradəsi ilə də Himnimiz qəbul olunub.
   
   Amma Himnin sözlərinin həqiqətən redaktəyə ehtiyacı var. Yuxarıda qeyd etmişdim ki, Azərbaycan Sovet Respublikasının Himninin sözləri redaktə olundu. Və redaktə edənlər də müəllif kimi göstərildi.
   
   Bugünkü Himnimizin sözləri də redaktə olunub, özü də Vaqif Səmədoğlu tərəfindən. Amma Vaqif Səmədoğlunun adı müəllif kimi göstərilməyib. Göstərilməliydi, ya göstərilməməliydi, bu mənim səlahiyyətimdə deyil!
   
   Vaqif müəllimlə də bu barədə bir neçə dəfə söhbətimiz olub. Sözlərdə müəyyən uyuşmazlıq olduğunu söyləmişəm. O da razılaşıb, tək onunla yox, bir çox ziyalılarla bu barədə söhbətim olub, onlar da razılaşıblar. Vaqif müəllimdən soruşanda ki, bunu niyə redaktə etmədiz. Dedi ki, sözün düzü, şeirin üstündə çox işləməkdən qorxdum. Dedim, fikirləşərlər ki, Azərbaycan Sovet Respublikasının Himninin sözləri atasına məxsus olduğuna görə Vaqif qısqanclıq edir.
   
   İndi gəlin həmin uyuşmazlığa diqqət edək.
   
   
   
   HÜQUQUNDAN
   
   KEÇƏN ƏSGƏRg
   
   
   
   Azərbaycan dilində və ya elə türk dillərində "hüququndan keçmək" anlayışı varmı, özü də Vətən yolunda, millət yolunda?
   
   Hər bir vətəndaşın hüquqları var. Təhsil hüququ, evlənmək hüququ, işləmək hüququ, demokratik hüquqları. Bəli, insan bu hüquqlarından keçə bilər. Oxumuram və ya evlənmirəm, özüm bilərəm, heç işləmirəm də sənə nə borc, indi də Sovet hökuməti yoxdu ki, işləməyəni tüfeyli adıyla həbs eləsinlər.
   
   
   
   MİNLƏRLƏ CAN QURBAN OLDU,
   
   SİNƏN HƏRBƏ MEYDAN OLDU,
   
   HÜQUQUNDAN KEÇƏN ƏSGƏRg
   
   
   
   Əslində bu Vətən üçün, bu millət üçün əsgər bir daha ona verilməyəcək dünyanın ən şirin neməti - canından keçir.
   
   Niyə "ÖZ CANINDAN KEÇƏN ƏSGƏR" deyil, "HÜQUQUNDAN KEÇƏN ƏSGƏR"? Dilçilərimiz desinlər görək, Azərbaycan dilində belə bir ifadə varmı?
   
   Və çox ciddi bir cümlə də var Himndə.
   
   Himnin əvvəlində və sonunda deyirik ki:
   
   
   
   SƏNDƏN ÖTRÜ CAN VERMƏYƏ CÜMLƏ HAZIRIZ,
   
   SƏNDƏN ÖTRÜ QAN TÖKMƏYƏ CÜMLƏ QADİRİZ!
   
   
   
   Amma Himnin ortasında məsuliyyəti atırıq gənclərin üstünə, balalarımızın, övladlarımızın üstünə.
   
   
   
   NAMUSUNU HİFZ ETMƏYƏ,
   
   BAYRAĞINI YÜKSƏLTMƏYƏ
   
   CÜMLƏ GƏNCLƏR MÜŞTAQDIRg
   
   
   
   Niyə "gənclər", bu millətin namusunu hifz etməyə, Bayrağını yüksəltməyə atalar və babalar müştaq deyil, bizlər müştaq deyilik?!
   
   
   
   Əslində bu belə olmalıdır:
   
   
   
   NAMUSUNU HİFZ ETMƏYƏ,
   
   BAYRAĞINI YÜKSƏLTMƏYƏ
   
   CÜMLƏ MİLLƏT MÜŞTAQDIR!
   
   
   
   Müzakirəyə qoşulanların belə bir fikrini də oxudum ki, guya Himndə Osmanlı ifadələri var. Yəqin ki, bunu "hazırız" və "qadiriz" sözlərinə istinad edib deyirlər. Əslində "ız; iz" şəkilçisini təkcə Osmanlılar deyil, əsrin əvvəlində Azərbaycan türkləri də işlədiblər. Sonralar Sovet dilçilərinin dilimizin üstündə apardıqları "cərrahiyyə əməliyyatı" zamanı "ız; iz"i bizim dilimizin Osmanlı türklərinin dilindən ayırmaq üçün kəsib atıblar.
   
   Bu şəkilçilər də bizim dilimizə aiddir.
   
   "Mən gəlirəm. Sən gəlirsən. Onlar gəlirlər. Siz gəlirsiniz. Biz gəlirik". Elə "Biz də gəliriz də". Dil belə tələb edir. Niyə "Siz gəlirsiniz, biz gəlirik"? Elə "Biz də gəliriz" də.
   
   Himn dəyişiləcəkmi? Himni dəyişdirmək istəyirlərmi? Mən də o Parlamentdə oturmuşam, belə bir şey eşitməmişəm. Bir qəzetin reytinq xatirinə, müzakirələr xatirinə qaldırdığı bir məsələ kimi baxıram buna. Və qəzet istəyinə də nail olub. Oxucuları maraqlandıra bilib. Bu, qəzetçinin özünün qələbəsidi. Amma belə bir qələbə də həmin məsələni qaldıran qəzetə lazım deyildi.
   
   İndi görəcəksiz lap bu yaxınlarda başqa bir mövzu ortalığa atılacaq: "Pullar dəyişilir, üstündə kimlərin şəkli olacaq" və yaxud bir millətçi də məsələ qaldırdı ki, Bayrağımızı dəyişək, Ağqoyunluların bayrağını gətirək (adına quzu kəsim. Millət də dövlətinin adını qoyun qoyarmı?), ya Qaraqoyunluların, ya nə bilim Tomrisin, yaxud da Şah İsmayılın.
   
   Qəzetlərdə belə mövzular müzakirəyə çıxarılanda təəccüblənməyin. Bizdən asılı deyil, birdən mövzu qıtlığı olur.
   
   Və nədənsə yadıma böyük Nüsrət Kəsəmənlinin "Cəngi" şeirindən bir misra düşdü:
   
   Qan deyil,
   
   "Heyratı" tökülür yəhərə burda!
   
   Və sonda. Xahiş edirəm, mənim yazımı müzakirə eləməyin.
   
   

TƏQVİM / ARXİV