adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Oktyabr 2019 13:40
13132
GÜNDƏM
A- A+

Xocavənd Rayonun Tuğ kəndinin işğalından 28 il ötür - Əbülfət Mədətoğlu yazır

O GECƏ

(28 il bundan öncə oktyabrın 30 - dan 31 -nə keçən gecə doğulduğum Tuğ kəndi işğal olundu! 28 ildir ki, kəndimə gedə bilmirəm... 28 ildir ki, kəndinə gedənlərə həsəd hissini içimin ahlarında əridirəm... Və 28 il öncə bu şeiri yazmışam...)

Yer- göy yanıb, od tutmuşdu o gecə,
Allah harda oturmuşdu o gecə?
Dərd elə bil otuxmuşdu o gecə -
Qəlbimizi üzə -üzə gedirdik...

Boy vermişdi tüstü səsdən yuxarı
Fəryadımız tüstülərdən yuxarı...
Güllə bizi susduranda " yuxarı" -
Dodağını büzə - büzə gedirdi...

Dağ çayında, kolda - kosda itən kim
Yol boyunca köksündə "ah" bitən kim...
Yıxılan kim, yüyürən kim, ötən kim -
Bir -birini gəzə - gəzə gedirdi...

Havalanıb, dəli olub bir oba,
Ölümünü üstün bilib girova!
Səpələnən güllə adlı " qırova" -
Baxmadan biz , dözə - dözə gedirdik!..

Bu nə oyun, bu nə məkr, nə hiylə,
Düşmən bəlli! - vuruşaydıq nə ilə?
Bu andaq da əli göydə - səy ilə -
Günahını çözə -çözə gedirdi...

Qaçmırdı ki, qovulurdu evindən,
Qovulurdu ellik ilə elindən...
Bir canıydı qopardığı ölümdən -
Bu candan da bezə - bezə gedirdi...

Bir kənd yandı, viran oldu o gecə...
Dünyam uçdu - toran oldu o gecə...
Əldə bıçaq yaran oldu o gecə -
Ürəyimi , atıb közə gedirdim...

... Yer - göy yanıb, od tutmuşdu o gecə,
Allah harda oturmuşdu o gecə?
Dərd elə bil otuxmuşdu o gecə -
Qəlbimizi üzə -üzə gedirdik...