VAXT MƏDƏNiYYƏTi

AQİL ABBAS
39589 | 2011-04-14 07:31
Bütün dünyada vaxt ən qiymətli şey sayılır. Belə bir ifadə də var ki, vaxt qızıldan qiymətlidi. Amma deyəsən bizim üçün vaxtın bir qəpiklik də qiyməti yoxdu. Görünür, ya anadangəlmə bizim vaxtımız boldu, ona görə də qədir-qiymətini bilmirik, ya da nə bilim nə, ya da alman deyilik də!
   
   Gözəl bir film var, "Rusiyanın bəyaz qarı". Dünyanın ən məşhur şahmatçısı Alyoxinə həsr olunub. Film haqqında danışmaq fikrim yoxdu, ordakı bir epizodu xatırlamaq istəyirəm.
   
   Alyoxin Stalinin qorxusundan vətənə qayıda bilməyib qalıb Berlində. Müharibə vaxtıdı, Vətən dərdi, repressiya dərdi, qorxu psixologiyasını pozub, alkoqolizmə meyllənib, günlərini traktirlərdə keçirir. Alman generalları onunla şahmat oynamaq istəyirlər. İstəyirlər ki, Alyoxin onlara seans versin, yəni eyni vaxtda 32 generalla şahmat oynasın. Filmdə 32 gedir, amma tarixdə 40-ı ilə oynayıb.
   
   Bunun üçün Gestapoda işləyən bir rusu onun yanına göndərirlər.
   
   Rütbəcə mayor olan həmin rus axtarıb traktirlərin birində Alyoxini tapır və generalların xahişini ona çatdırır. Bildirir ki, axşam saat 6-da filan sarayda generallar onu gözləyəcək. Alyoxin başı ilə razılığını bildirir.
   
   Mayor traktirdən çıxarkən rus psixologiyasını yaxşı bildiyinə görə qapının ağzında arxaya çevrilib deyir:
   
   - Axşam saat 6-da. Bunlar almandı ha!
   
   ... Nə bilim, bəlkə bizə də vaxtın qədir-qiymətini bilməmək keçmiş böyük qardaşlarımız olan ruslardan keçib?
   
   Nə isə... Gələk mətləbə.
   
   Mən də, sizlər də tez-tez müxtəlif iclaslarda, tədbirlərdə iştirak edirik. Bu günədək hansısa bir iclasın və yaxud tədbirin, hətta dövlət tədbirlərinin (möhtərəm prezidentin tədbirləri istisna olmaqla) vaxtında başladığının şahidi olmamışam və heç siz də olmamısınız.
   
   Srağagün üç tədbirə dəvət olunmuşdum. Bir tədbir yarım saat, digər tədbirlər isə 40 dəqiqə gecikdi. Günahın biri təşkilatçılarda idisə, digəri də dəvətlilərdə idi. Hətta bu tədbirlərdən biri konsert idi. Adətən kinodu, teatrdı, konsertdi vaxtında başlayır, belə desək, 3-cü zəngdən sonra. Amma 3-cü də çalınır, 4-cü də çalınır, xeyiri yoxdu.
   
   Bəzən də görürsən ki, bir tədbirə saat 6-ya çağırılmısan, bir 10 dəqiqə də tez gedirsən, içəri buraxmırlar ki, tədbir 7-də başlayacaq. Qardaşım, 7-də başlayacaqsa 6-dan məni niyə avara eləyirsən?
   
   Vaxta bu qədər hörmətsizlik eləmək milli mentalitetimizə çevrilib. Qardaşım, vaxt sənin ömründü, həyatındı, adam da öz ömrünə, həyatına bu qədər hörmətsizlik edərmi? Hətta şahidi olmuşam ki, təyyarə də vaxtında havaya qalxmayır, sonra məlum olur ki, hansısa yüksək vəzifəli bir məmur hardasa yeyib-içir, təyyarə də hələ onu gözləyir. Bu, yəqin ki, dünyada bircə bizdə ola bilər.
   
   Artıq adamlar ona da öyrəşiblər ki, dəvət olunduqları yerə yarım saat gec gedirlər, deyirlər ki, əşi, onsuz da vaxtında başlamayacaqlar ha.
   
   Bütün dünyada vaxt qızıldı, bizdə isə qızıl hər şeydi. Vaxt isə boş və mənasız bir şeydi.
   
   Vaxtın qədrini bilmiriksə, deməli, heç nəyin qədrini bilməyəcəyik, heç Qarabağın da. Yoxsa 18 ildi vaxtımızı öldürüb ATƏT-in gülmə-şəkər sədrlərinin ağzına gözümüzü dikməzdik.

TƏQVİM / ARXİV