adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 Oktyabr 2019 18:00
86158
MÜSAHİBƏ
A- A+

Vüqar Səfərli: İrəli sürülən qərəzli iddialar dövlətimizin media siyasətini gözdən salmaq məqsədi daşıyır

"Bizi ittiham edənlər hansı nüfuzu, tirajı olan və cəmiyyətdə tanınan qəzetin adını çəkə bilərlər ki, bu gün Fondun maliyyə yardımından kənarda qalıb? Ümumiyyətlə, Fondun dəstəyindən kənarda qalan ciddi imicli ictimai-siyasi qəzet varmı?"

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Trend-ə müsahibəsində rəhbəri olduğu qurumun fəaliyyəti ilə bağlı son günlər səslənən bəzi iddialara münasibətini bildirib.

- Vüqar müəllim, son günlər bəzi saytlarda və sosial şəbəkədə Fondun guya cəmiyyətə təsir imkanları, habelə nüfuzu olmayan qəzetlərə maliyyə yardımı ayırması ilə bağlı ittihamlar səslənir...

- Birmənalı şəkildə bəyan edirəm ki, bu iddialar tamamilə qərəzli və əsassızdır. Fondun "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" və Nizamnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərindən biri kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsidir.

Maliyyə yardımı ayrılmasının şərt və meyarları ilə bağlı qərarlar Fondun Müşahidə Şurasının iclaslarında, kollegial və şəffaf şəkildə qəbul olunur. Fond il ərzində maliyyə yardımı müsabiqələri elan edir, maliyyə yardımının ayırılması şərtləri və meyarları müsabiqə elanında dəqiqliklə göstərilir. Həmin şərt və meyarlara əsasən, yayımı, tirajı və dövrülüyü müvafiq tələblərə cavab verən ictimai-siyasi qəzetərə maliyyə yardımı ayrılır.

Hazırda Fondun maliyyələşdirdiyi 25 ictimai-siyasi qəzetin hər biri həmin şərtlərə cavab verən, uzun illər ərzində fəaliyyət göstərən, cəmiyyətdə tanınan nəşrlərdir. Bizi qərəzli şəkildə ittiham edənlər hansı nüfuzu, tirajı olan və cəmiyyətdə tanınan qəzetin adını çəkə bilərlər ki, bu gün Fondun maliyyə yardımından kənarda qalıb? Ümumiyyətlə, Fondun dəstəyindən kənarda qalan ciddi imicli ictimai-siyasi qəzet varmı?

Əminliklə deyirəm ki, onlar belə bir qəzet adı çəkə bilməyəcəklər. Əgər əksini iddia edirlərsə, qərəzli və ümumi sözlərlə yox, konkret faktlar əsasında mövqelərini əsaslandırmalıdırlar. Bu gün Fonddan maliyyə yardımı almaq istəyən hər hansı qəzet elan olunmuş şərt və meyarlara cavab verməlidir.

Odur ki, "İctimai rəyə təsir imkanları və nüfuzu olmayan qəzetlərə maliyyə yardımının ayrılması" kimi qərəzli fikirlər yalnız Fonda qarşı qərəzli yanaşma deyil, həm də dövlətimizin media siyasətinin mahiyyətini gözdən salmağa xidmət edən məkrli kampaniyadır. Maraqlıdır ki, ictimai rəyə təsirdən danışanların özlərinin cəmiyyət arasında heç bir nüfuzu yoxdur, ictimai rəyə təsir imkanlarından isə heç danışmağa belə dəyməz.

- Konkret olaraq Milli Məclisin deputatı Fəzail Ağamalı rəhbəri olduğunuz Fondu "ictimai rəyə təsir imkanları və nüfuzu olmayan" qəzetlərə maliyyə yardımı ayırmaqda ittiham edib...

-Milli Məclisin deputatı Fəzail Ağamalının belə məsuliyyətsiz açıqlaması uzun illər fəaliyyət göstərən, Fondla əməkdaşlıq edən tanınmış qəzetlərə və onların kollektivinə qarşı hörmətsizlikdir. Bir daha təkrar edirəm - Fondun maliyyə yardımı ayırdığı qəzetlərin böyük əksəriyyəti 20 ildən çoxdur ki, fəaliyyət göstərən, ictimaiyyətin tanıdığı, oxucu auditoriyası olan nəşrlərdir.

Onu da bildirmək istərdim ki, maliyyə yardımı ayırılmış qəzetlər hər ayın yekununda Fonda tiraj, yayım və dövriyyələri ilə bağlı hesabat verirlər. Eyni zamanda, ayrılmış maliyyə yardımı müqabilində "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası"nda əksini tapmış 19 prioritet istiqamət üzrə dərc edilmiş yazılar Fonda təqdim edilir. Həmin yazılarda dövlətimizin daxili və xarici siyasəti, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan mütərəqqi dəyişikliklər, ordu quruculuğu, dövlətin gənclər siyasəti, demokratik inkişaf, və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər dolğun əksini tapır.

Görünür, Fondun maliyyə yardımları barədə əsassız fikir səsləndirənlərin ölkədə mətbu nəşrlərin fəaliyyəti barədə məlumatlıq dərəcəsi də çox aşağıdır. Hesab edirəm ki, konkret fakta, dəlilə əsaslanmayan bu cür qərəzli fikirlər dövlətimizin müasir internet əsrində çap mediasının ayaqda durması və inkişafı yönümündə yürütdüyü siyasəti gözdən salmaq məqsədi daşıyır.

- Fondun fəaliyyətində "şəffaflıq prinsipinə əməl olunmaması" barədə irəli sürülən ittihamlarla bağlı nə deyə bilərsiniz?

- Qeyd etdiyim kimi, Fondun fəaliyyəti ilə bağlı bütün qərarlar Müşahidə Şurasının iclasında geniş müzakirə olunaraq qəbul edilir. Eyni zamanda, qəbul olunmuş qərarlar media vasitəsilə operativ olaraq ictimaiyyətə açıqlanır. Fondun daim yenilənən saytında onun fəaliyyəti ilə bağlı məlumatları əldə etmək mümkündür. Mütəmadi olaraq fəaliyyətimizlə bağlı hesabatlar veririk, bu hesabatlar mətbuatda da dərc olunur.

Təşkil etdiyimiz müxtəlif tədbirlərdə çoxsaylı jurnalistlər və nüfuzlu media orqanlarının rəhbərləri ilə yanaşı, Milli Məclisin deputatları, müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri, ziyalılar da iştirak edirlər. Bir sözlə, Fondun fəaliyyəti, gördüyü işlər, qəbul etdiyi qərarlar istər mətbuat, istərsə cəmiyyət üçün tamamilə açıq və şəffafdır.

- Vüqar müəllim, səslənən ittihamlardan biri də odur ki, guya bir neçə mənzili olan KİV əməkdaşlarına da mənzil verilib.

- Jurnalistlərə mənzillərin verilməsi prosesi yaradılmış xüsusi komissiya tərəfindən şəffaf və ədalətli şəkildə həyata keçirilib. Komissiya mənzillərin bölgüsünün şərt və meyarlarını hazırlayaraq əvvəlcədən KİV-də elan edib. Sonrakı mərhələdə mənzilə iddialı KİV əməkdaşlarının sənədləri toplanaraq sistemləşdirilib və aidiyyəti üzrə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilib. Müvafiq araşdırmalardan sonra uzun illər jurnalistlka sahəsində çalışan, mənzilə ehtiyacı olan, habelə mediamızın inkişafında xidmətləri olan KİV əməkdaşlarının mənzillə təmin olunmasına qərar verilib.

Hər hansı ittiham, tənqidi yanaşma konkret fakta, dəlil-sübuta əsaslanmalıdır. Əks təqdirdə, bu ittihamlar, yumşaq desək, əsassız və subyektiv xarakter daşıyır. Ümumi sözlərlə jurnalistlərə mənzillərin verilməsi prosesinin obyektivliyinə və şəffaflığına kölgə salmaq cəhdləri heç zaman mümkün olmayacaq. Bu fikirlər dövlətimizin dünyada analoqu olmayan sosialyönümlü layihəsinin humanist mahiyyətinə xələl gətirmək, ictimaiyyəti çaşdırmaq məqsədi güdür.

Belə absurd ittihamlarla çıxış edənlər indiyədək mənzillə təmin olunmuş hansısa jurnalistin əvvəldən guya bir neçə evinin olmasına dair heç bir fakt göstərə bilməyiblər. Fəaliyyəti qərəz və böhtandan uzağa getməyən, Fondu və çap mediasını qərəzli şəkildə ittiham etməklə gündəmdə qalmağa çalışan bəlli bir qrupun qarayaxma və iftira kampaniyası cəmiyyətdə də ciddi qarşılanmır.