adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Oktyabr 2019 14:50
40623
KRİMİNAL
A- A+

Suraxanıda 7 min abonentin qaz təminatında problemlər aradan qaldırılıb

Suraxanı rayonu ərazisində 5000 m uzunluğunda qaz kəmərinin yenilənməsi başa çatıb.

"Azəriqaz”dan verilən məlumata görə, bu zaman uzun illər istismarda olduğundan korroziyaya uğrayaraq yararsız hala düşmüş yeraltı 530 mm diametrində polad boru, diametri 400 mm olan polietilen borularla əvəz olunub. Bununla da "Suraxanı”, "Dədə Qorqud” və "Bahar” qəsəbələrində yaşayan 7 min abonentin qaz təchizatındakı bu günə qədər yaşanan problemlərə son qoyulub və normal təzyiqdə qazla təminatı həyata keçirməyə lazımi imkanlar yaradılıb.

Tikinti işlərinə bu ilin avqust ayında başlanılıb və oktyabrın 28-də tamamlanıb. Gecə saatlarında artıq yeni kəmər işə salınıb. Qaz kəməri bir yerdə Bakı-Aeroport avtomagistralı və 3 yerdə Suraxanı rayonu küçə avtomobil yollarını kəsməklə yeraltı çəkilib.

Məlumat üçün bildirək ki, 2019-2020-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq bu ilin 9 ayında Respublika ərazisində 487 km-dən çox qaz kəmərləri əsaslı təmir edilib, yaşayış ərazilərinin qazlaşdırılması ilə bağlı 1376 km-dən çox müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib.