adalet.az header logo
  • Bakı 18°C
28 Oktyabr 2019 16:39
9283
MƏMLƏKƏT
A- A+

Şuranın dəstəyilə növbəti maarifləndirmə tədbiri Neftçalada keçirilib

"Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə "Məişət zorakılığının qarşısının alınması məqsədilə icma səviyyəsində maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirini Neftçala rayonunda təşkil edib.

Neftçala rayon İcra hakimiyyətinin Hüquq şöbəsinin müdiri Sadiq Abbasov tədbiri açaraq bu tədbirin keçirilməsinin əhəmiyyətindən söz açıb və iştirakçıları fəal olmağa dəvət edib.

Tədbirdə layihənin eksperti Arzu Hüseyn çıxışında layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat verib. O, ölkəmizdə insan hüquqlarının təmini, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlərdən, "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası vəziyyətindən, bu sahədə dövlət qurumları və QHT-lər tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.

Layihənin eksperti məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək milli səviyyədə uyğunlaşdırmaqla tətbiq olunması, nikahsız ailələrin qurulmasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və digər aidiyyatı qurumların nümayəndələrinin müntəzəm olaraq maarifləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Sonra Neftçala rayon İcra hakimiyyətinin nümayəndəsi Gövhər Məmmədova, tədbirdə iştirak edən rayonun bir sıra fəal qadınları çıxışlarında bu sahədə maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd ediblər.