adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Müəllim böyüklüyü - Orxan Saffari yazır

12349 | 2019-10-28 13:57

Məktəbdə oxuyan vaxtı bir dəfə sinifə girdilər ki, bəs, gələn həftədən hamı formada olmalıdır, məktəbli forması geyinməlidir. Bilərsiniz, formada ucuz deyildi o vaxt. Elə indi də. Uşaqların yarısı razılaşdı, yarısı yox. Aşağı-yuxarı hamımız güclə dolanan ailələrin övladlarıydıq.

Nə deyəcəyimi bilmədiyimə görə, həm vəziyyətdən çıxmaq, həm də elə aranı qatmaq üçün ayağa durub başladım özümü ağlayan kimi göstərməyə. Səsimi içimə-içimə çəkib boğuq tonda başladım ki, niyə hamınıniçində deyirsiz? imkanım yoxdu, özüm də xəstəyəm, atam da. Həm də işləmir. Dərsdən sonra maşın ustasının yanında işləyirəm ki, axşam evimə bir tikə çörək aparım. Siz isə bir şagirdi bu formada alçaldırsız. Baxın əllərimə, işləməkdən nə günə qalıb, əynimdəki paltarda keçən ilindir. Hamı sentyabrda dərsə təzə paltarla gələndə mən onlara paxıllıq eləmişəm. Amma atama da deyə bilməmişəm.... Gecələr onun qırışmış üzünə baxıb ağlayıram. Gözümün önündə əriyib gedir. Mən bu həyatı yaşamağa layiq deyiləm axı. Mən də insanam, mənim də xoşbəxt olmağa haqqım var.

...İndi o qədər rola girdim ki, başladım həqiqətən ağlamağa. Hamı da diqqətlə baxır, fonda bircə Xoşqədəmin verilişinin mahnısı çatmırdı. Uşaqlar məzələndiyimi bilirdi deyə özlərini güclə saxlamışdılae gülmək üçün. Müəllimə də baxdı baxdı, heç nə demədən doluxsunub çıxdı. Zəng vurulanda da bir də gördüm ki, otağına çağırır.

Elə qapını döyüb içəri girmişdim ki, qalxıb qucaqladı. Qəfil necə hönkürdüsə, məni təzədən ağlamaq tutdu. Konkret heç nəyin üstündə ağlaşma qurmuşuq. O aglayır, mən ağlayıram. Mən ona deyirəm ağlamayın, müəllimə, o mənim gözümün yaşını silir.

Başladı ki, məni bağışla, əziz balam. Sən bizim sevimli şagirdimizsən. Nadinc olsan da savadlısan, ağıllısan. Qurban olum, heç kimə demə, al bu əlli manatı. Bax, heç kimə demə ha. Özünə paltar al. Sonra yenə pul verəcəm. Nə vaxt lazım olsa, de mənə. Ürəyinə də salma belə şeyləri.

Pulu geri qaytarmaq istəsəm də, məcbur qoydu cibimə. Amma heç vaxt forma geyinmədim. O əlli manatın da aqibətini nə siz soruşun, nə mən deyim. Heç ürəyimə də salmadım. 

TƏQVİM / ARXİV