adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Oktyabr 2019 12:53
9565
GÜNDƏM
A- A+

Etibar Əliyev: " Üzeyir bəy necə xalq düşməni ola bilər?"

Bu gün Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945). Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Sədri (1954-1958), Azərbaycan Yazıçılar Birliyinin Birinci katibi, sədri, Azərbaycanın xalq yazıçısı (1961) Mirzə İbrahimovun (28 oktyabr 1911-17 dekabr 1993) doğum günüdür. O, milli filoloji elmi kadrların hazırlanması sahəsində böyük işlər görmüşdür. 20 avqust 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin "Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanun"u qəbul etməsi Mirzə İbrahimovun böyük səyləri nəticəsində mümkün olmuşdu. Onun sayəsində Azərbaycan SSR-də fəaliyyət göstərən rus, erməni və gürcü dilli məktəblərdə Azərbaycan dilinin tədrisi qanunla rəsmiləşdirildi. Həmçinin onun "Azərbaycan dili dövlət idarələrində" adlı məqaləsində (1956) milli məsələ ilə bağlı tale yüklü problemlər önə çəkilmişdir.

Yazıçının qızı, bəstəkar, pianoçu, Azərbaycanın Xalq artisti, professor Sevda İbrahimovanın xatirələrindən: "Bir dəfə iclasların birində atam dil məsələsi ilə bağlı kəskin çıxış edir. Deyir, düşəndən sonra yanında oturanlar hamısı arxaya keçiblər. Hətta çölə çıxanda başqa vaxt "Mirzə müəllim" deyənlərin heç biri yaxın gəlməyib. O zaman əslən Cənubi Azərbaycandan olan 3 məşhur insan vardı: Şəfaət Mehdiyev, Nəsir İmanquliyev və Mirzə İbrahimov. Atam deyir ki, bir də gördüm N.İmanquliyev yaxınlaşır ki, Mirzə müəllim, gəlin mən sizi ötürüm."

Bir dəfə də M.C.Bağırov çıxışında deyir: "Mənə elə gəlir ki, Səməd Vurğun və Üzeyir Hacıbəyov xalq düşmənidirlər. Düzdür, yoldaşlar?". Heç kəs səsini çıxarmır. Atam dözməyib deyir: "Mən sizinlə razı deyiləm. Üzeyir bəy necə xalq düşməni ola bilər ki, "Koroğlu" kimi opera yazıb? S. Vurğun necə xalq düşməni ola bilər ki, "Vaqif" dramını yazıb?". Hamı qorxusundan nəfəsini udur. M.C.Bağırov hirslənərək: "Otur, elə sən də onların sırasındasan!" - deyir.”
Allah Rəhmət eləsin...