HEYVANIVA ŞüKüR, ALLAH

AQİL ABBAS
47589 | 2011-04-08 07:17
Srağagün rastlaşdığım qəribə bir hadisəni, əslində qəribə deyil, ağlamalı bir hadisəni yazmaq istədim, sonra fikrimdən vaz keçdim. Dedim, olur da belə insanlar. Amma dünən eynilə həmin hadisədə eşitdiklərim sözlər kimi mənə bir neçə tanıdığım adam da zəng elədi, dedim, yox, yazmaq lazımdı.
   
   Məsələ nədi? Xanəndə Tacir Şahmalıoğlu ilə bağlı olayla əlaqədar bir köşə yazısı yazmışdım. Mirzə Cəlil üslubunda, başdan-ayağa sarkazm və ironiya ilə dolu olan bu yazıda demişdim ki, Tacir Şahmalıoğlu şaqqalanmalıdı, özü də 4 yerə. Və onu da yazmışdım ki, Tacir harda qabağıma çıxsa başını kəsəcəm.
   
   Srağagün (yəni yazı çıxan gün) "BakSovet"in yanında iki ziyalı ilə rastlaşdım. Şairdilər, hətta biri alimdi. Məni qucaqlayıb öpdülər və dedilər ki, əlinə qurban olum, ürəyimizdən tikan çıxartdın çox gözəl yazmısan. Həqiqətən şaqqalamaq lazımdı Taciri. Qarabağlı olasan, özü də ağdamlı olasan və Moskvada ermənilər iştirak edən məclisdə oxuyasan, nə bilim kürdlə öpüşəsən.
   
   Quruyub qaldım. İnsan nə qədər düşüncəsiz olar. Və bunlar kitab oxuyan insanlardı axı. Mənim sarkazm, ironiya ilə yazdığım məqaləmi ciddi qəbul ediblər. Lənət sənə şeytan. Daha mən də özümü o yerə qoymadım, bir az məzələndim, dedim axtarıram, gedib Moskvaya. Qayıdan kimi maşının baqajına basıb aparacam Ağdama qoy camaat onu daş-qalaq eləsin.
   
   Amma sonra ürəkləri yandı, dedilər Aqil müəllim, yazıqdı, ayrı cür cəzalandırmaq lazımdı.
   
   Yazmaq istədiyim hadisə belə olmuşdu, yazmamışdım.
   
   Amma dünənki telefon zəngləri! Tapa-turup zəng edirlər ki, Aqil müəllim, sənə təşəkkür edirik, çox düz yazmısan, bu Vətən xaini cəzalanmalıdı. Bir zəng, iki zəng... Zəng eləyənlər içində ziyalılar da var, yəni kitab oxuyan, Mirzə Cəlili oxuyan, Sabiri oxuyan, Arkanovu oxuyan, Qorini oxuyan, hətta İlf və Petrovu oxuyan.
   
   Mən də hamısına sağ ol deyirdim və təəssüflə qeyd edirdim ki, Cinayət Məcəlləsində 57-ci maddə (Vətənə xəyanət) çıxarılıb, baxaq görək onun cinayətini Məcəllənin hansı maddəsi ilə tövsif eləmək olar. Köşə yazımda onu da qeyd eləmişdim ki, Elçin Əlibəylini vaxtında güllələsəydik, Tacir Şahmalıoğlu da bu qələti eləyə bilməzdi.
   
   Yadınızdadırsa, bir az öncə Elçin Əlibəylinin fikirlərini kontekstdən çıxardaraq onu da daş-qalaq eləmək istəmişdilər, yaxşı qurtardı.
   
   Bəli, indi Elçinlə bağlı fikrimi də ciddi qəbul eləyən bəzi jurnalistlər Elçin Əlibəyliyə zəng ediblər ki, Aqil müəllim sizin haqqınızda belə bir fikir söyləyib, münasibətinizi öyrənmək istəyirik.
   
   Bu da bizim oxumuşlar. Ona görə də Azərbaycanda nə ciddi yumor, nə də satira yaranmır. Ya asıb-kəsirik, ya da hırıldayırıq.
   
   Sözün bitdiyi yerdi.

TƏQVİM / ARXİV