Müsavat Partiyasının
başqanı Arif Hacılı isə özünün facebook səhifəsində yeni təklif irəli sürüb.
Arif Hacılı yazıb ki, müxalifətin birliyi mövzusu yenidən aktuallaşıb. Partiya
rəhbərlərindən, o cümlədən ondan siyasi qüvvələrin əməkdaşlığı tələb edilir.
Arif Hacılı sonra
qeyd edib: "Bu təklifləri, eyni zamanda siyasi resursların toparlanması zərurətini
nəzərə alaraq ölkədə yaranmış siyasi durumu dəyərləndirmək, yaranmış vəziyyətdən
çıxış yolları barədə müzakirə aparmaq üçün Əli İnsanov, Cəmil Həsənli, İsa Qəmbər,
Arif Hacılı, Əli Kərimli, İlqar Məmmədov, Pənah Hüseyn, Mehman Əliyev, Hikmət
Hacızadə və siyasi təşkilat rəhbərlərinin razılaşacağı digər siyasi xadimlərin
iştirakı ilə açıq dəyirmi masanın keçirilməsini təklif edirəm”.
Müsavat
başqanının siyahının başında Əli İnsanovun adını yazması maraqla qarşılanıb və
sosial şəbəkədə müzakirələrə yol açıb. Bəziləri bunu Müsavat başqanının müxalif
qüvvələri sabiq nazirin ətrafında cəmləşdirməyə çağırması kimi qəbul edib.
Adalet.az məsələ ilə bağlı siyasilərin fikirlərini öyrənməyə
çalışıb
A.Hacılının
dəyirmi masa təşəbbüsündəki siyahıda adı qeyd olunanlardan Hikmət Hacızadə mətbuata
açıqlamasında belə müzakirələrə, dəyirmi masa keçirilməsinə ehtiyac var: "Şəxsən
mən iştirak etməyə hazıram. Çünki ölkədə ciddi problemlər var, insanlarda bir gərginlik
var, insanların böyük bir hissəsində narazılıq müşahidə olunur. Bir sözlə,
problemlər çoxsaylıdır. Biz ölkəmizin vəziyyətini bir araya gəlib müzakirə eləməliyik.
Biz həqiqi islahatlar istəyirik. Biz inzibati sistemdən azad rəqabətli sistemə
keçmək istəyirik, ölkədə ədalətli məhkəmə sisteminin qurulmasını istəyirik,
demokratik seçkilərin keçirilməsini istəyirik. Bütün bu və digər ciddi məsələlərin
müzakirəsinə, mövqe ifadə edilməsinə, birliyə ehtiyac var. Ona görə də də təklif
olunan müzakirələri lazımlı bilirəm. Çağırsalar iştirak edəcəyəm”.
REAL Partiyasının icraçı katibi Natiq Cəfərli isə bildirdi ki, partiyanın sədrinin adının
sözügedən siyahıya daxil edilməsindən və irəli sürülən təklifdən məlumatlıdırlar:
"Birlik modelindən danışmaq hələ tezdir. Çünki bu günə qədər Azərbaycanda
çoxsaylı birlik modelləri olub, lakin ciddi effekt vermədiyini görmüşük. Amma dəyirmi
masanın keçirilməsi və müzakirələrin aparılması, cəmiyyətə xeyir verəcək
keyfiyyətli müzakirə ortamının olması mümkündür. Bizim orada iştirakımızla
bağlı İdarə Heyətinin toplantısında müzakirə aparıldıqdan sonra qərar veriləcək.
Yəni nə İlqar Məmmədovun, nə də icra katibi kimi mənim təkbaşına qərar qəbul
etmək səlahiyyətimiz yoxdur. Arif Hacılının çağırışı ilə bağlı müzakirə
aparılacaq və qərar veriləcək. Bundan sonra İlqar Məmmədov tərəfindən Arif bəyə
cavab olacaq”.
Ümid Partiyasının sədri İqbal Ağazadə Arif Hacılının bu təşəbüsünü müsbət qiymətləndirib:
"Mənli də, mənsiz də müxalifətdən kim idarəyə gəlirsə, kim problemləri müzakirə
edirsə, kim cəmiyyətin daha yaxşı olması üçün çalışırsa, mən onların hamısını dəstəkləyirəm
və hamısından bu istiqamətdə daha geniş fəaliyyət göstərməklərini istəyirəm. Mən
dəvət olunan hər bir yerdə iştirak edə bilərəm, problem deyil, amma yenə də
deyirəm, mənim çağrılmamağım da məni rəncidə etmir, incitmir. O, belə görür, bu
adamlarla iş görmək istəyir.
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, adətən iqtidarın müxalifətə qarşı
növbəti təqib və təzyiqindən sonra ictimaiyyətdə birləşmə barədə tələblər
artır. Adətən cəmiyyətdən gələn belə tələblər rasional deyil, emosional
xarakterli olur. Çünki müxalifətin birləşməsi və vahid məqsəd uğrunda vahid cəbhə
şəklində mübarizə aparması ideyası insanlara xoş gəlir. Odur ki, belə tələblər
dönəm-dönəm kütləvi şəkildə səsləndirilir: "Mən də əslində o fikirdəyəm ki,
müxalifət mübarizəni birgə və koordinəli şəkildə aparsa daha səmərəli olar, nəticə
də daha tez əldə edilər. Ancaq burada bir çox nüanslar mövcuddur ki, adətən
bunlar ictimaiyyət tərəfindən nəzərə alınmır. Elə buna görə də bu tələblər
reallaşa bilmir. Məsələn əgər söhbət müxalifətin böyük birliyindən gedirsə
burada müxtəlif partiyaların və onların liderlərinin səmimiliyindən, partiya
strukturlarının bu birliyin işindəki aktivliyindən, cəmiyyətin və beynəlxalq aləmin
bu birliyə münasibətindən və sair bunun kimi məsələlərdən çox şey asılı olur. Təəssüf
ki, Azərbaycan siyasi səhnəsində bu günə kimi mövcud olan demək olar heç bir
siyasi birlik və bloklarda bu amillər tam mənada öz əksini tapmayıb. Ona görə də
təəssüflə qeyd etməliyəm ki, bu siyasi blokların heç bir ciddi siyasi uğuru
olmayıb. Tam əksinə, bu birlik və blokların sonradan dağılması nəticəsində
müxalifət arasında daha dərin uçurumlar yaranır. Bu da öz növbəsində siyasi
mübarizəni müxalifət daxilinə daşıyır və
düşərgənin daha da zəifləməsinə gətirib çıxarır”. Partiya sədrinin sözlərinə görə, siyasi mübarizədə
əsas həlledici faktorun xalq faktoru olduğunu nəzərə alanda isə o zaman əgər
xalqdan hansısa çağırışlar gəlirsə, xalqdan gələn səsə qulaq vermək və sosial
sifarişi ən yaxşı formada icra etmənin yollarının tapılması zərurəti ortaya
çıxır: "Əgər istəyiriksə ki, xalq bizi dəstəkləsin və nəticədə qalib etsin, onu
öz yanımıza almanın yollarını tapmalıyıq. Xalqdan gələn hər sosial sifarişi
irrasional adlandırıb iqnor etməklə heç bur uğur əldə edə bilmərik”.