adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Oktyabr 2019 16:30
25803
SİYASƏT
A- A+

Arif Hacılıdan birgə dəyirmi masa təklifi - Müxalifətin birlik mövzusu yenidən aktuallaşıb

Müsavat Partiyasının başqanı Arif Hacılı isə özünün facebook səhifəsində yeni təklif irəli sürüb. Arif Hacılı yazıb ki, müxalifətin birliyi mövzusu yenidən aktuallaşıb. Partiya rəhbərlərindən, o cümlədən ondan siyasi qüvvələrin əməkdaşlığı tələb edilir.

Arif Hacılı sonra qeyd edib: "Bu təklifləri, eyni zamanda siyasi resursların toparlanması zərurətini nəzərə alaraq ölkədə yaranmış siyasi durumu dəyərləndirmək, yaranmış vəziyyətdən çıxış yolları barədə müzakirə aparmaq üçün Əli İnsanov, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, İlqar Məmmədov, Pənah Hüseyn, Mehman Əliyev, Hikmət Hacızadə və siyasi təşkilat rəhbərlərinin razılaşacağı digər siyasi xadimlərin iştirakı ilə açıq dəyirmi masanın keçirilməsini təklif edirəm”.

Müsavat başqanının siyahının başında Əli İnsanovun adını yazması maraqla qarşılanıb və sosial şəbəkədə müzakirələrə yol açıb. Bəziləri bunu Müsavat başqanının müxalif qüvvələri sabiq nazirin ətrafında cəmləşdirməyə çağırması kimi qəbul edib.

Adalet.az məsələ ilə bağlı siyasilərin fikirlərini öyrənməyə çalışıb

A.Hacılının dəyirmi masa təşəbbüsündəki siyahıda adı qeyd olunanlardan Hikmət Hacızadə mətbuata açıqlamasında belə müzakirələrə, dəyirmi masa keçirilməsinə ehtiyac var: "Şəxsən mən iştirak etməyə hazıram. Çünki ölkədə ciddi problemlər var, insanlarda bir gərginlik var, insanların böyük bir hissəsində narazılıq müşahidə olunur. Bir sözlə, problemlər çoxsaylıdır. Biz ölkəmizin vəziyyətini bir araya gəlib müzakirə eləməliyik. Biz həqiqi islahatlar istəyirik. Biz inzibati sistemdən azad rəqabətli sistemə keçmək istəyirik, ölkədə ədalətli məhkəmə sisteminin qurulmasını istəyirik, demokratik seçkilərin keçirilməsini istəyirik. Bütün bu və digər ciddi məsələlərin müzakirəsinə, mövqe ifadə edilməsinə, birliyə ehtiyac var. Ona görə də də təklif olunan müzakirələri lazımlı bilirəm. Çağırsalar iştirak edəcəyəm”.



REAL Partiyasının icraçı katibi Natiq Cəfərli isə bildirdi ki, partiyanın sədrinin adının sözügedən siyahıya daxil edilməsindən və irəli sürülən təklifdən məlumatlıdırlar: "Birlik modelindən danışmaq hələ tezdir. Çünki bu günə qədər Azərbaycanda çoxsaylı birlik modelləri olub, lakin ciddi effekt vermədiyini görmüşük. Amma dəyirmi masanın keçirilməsi və müzakirələrin aparılması, cəmiyyətə xeyir verəcək keyfiyyətli müzakirə ortamının olması mümkündür. Bizim orada iştirakımızla bağlı İdarə Heyətinin toplantısında müzakirə aparıldıqdan sonra qərar veriləcək. Yəni nə İlqar Məmmədovun, nə də icra katibi kimi mənim təkbaşına qərar qəbul etmək səlahiyyətimiz yoxdur. Arif Hacılının çağırışı ilə bağlı müzakirə aparılacaq və qərar veriləcək. Bundan sonra İlqar Məmmədov tərəfindən Arif bəyə cavab olacaq”.



Ümid Partiyasının sədri İqbal Ağazadə Arif Hacılının bu təşəbüsünü müsbət qiymətləndirib: "Mənli də, mənsiz də müxalifətdən kim idarəyə gəlirsə, kim problemləri müzakirə edirsə, kim cəmiyyətin daha yaxşı olması üçün çalışırsa, mən onların hamısını dəstəkləyirəm və hamısından bu istiqamətdə daha geniş fəaliyyət göstərməklərini istəyirəm. Mən dəvət olunan hər bir yerdə iştirak edə bilərəm, problem deyil, amma yenə də deyirəm, mənim çağrılmamağım da məni rəncidə etmir, incitmir. O, belə görür, bu adamlarla iş görmək istəyir.


AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, adətən iqtidarın müxalifətə qarşı növbəti təqib və təzyiqindən sonra ictimaiyyətdə birləşmə barədə tələblər artır. Adətən cəmiyyətdən gələn belə tələblər rasional deyil, emosional xarakterli olur. Çünki müxalifətin birləşməsi və vahid məqsəd uğrunda vahid cəbhə şəklində mübarizə aparması ideyası insanlara xoş gəlir. Odur ki, belə tələblər dönəm-dönəm kütləvi şəkildə səsləndirilir: "Mən də əslində o fikirdəyəm ki, müxalifət mübarizəni birgə və koordinəli şəkildə aparsa daha səmərəli olar, nəticə də daha tez əldə edilər. Ancaq burada bir çox nüanslar mövcuddur ki, adətən bunlar ictimaiyyət tərəfindən nəzərə alınmır. Elə buna görə də bu tələblər reallaşa bilmir. Məsələn əgər söhbət müxalifətin böyük birliyindən gedirsə burada müxtəlif partiyaların və onların liderlərinin səmimiliyindən, partiya strukturlarının bu birliyin işindəki aktivliyindən, cəmiyyətin və beynəlxalq aləmin bu birliyə münasibətindən və sair bunun kimi məsələlərdən çox şey asılı olur. Təəssüf ki, Azərbaycan siyasi səhnəsində bu günə kimi mövcud olan demək olar heç bir siyasi birlik və bloklarda bu amillər tam mənada öz əksini tapmayıb. Ona görə də təəssüflə qeyd etməliyəm ki, bu siyasi blokların heç bir ciddi siyasi uğuru olmayıb. Tam əksinə, bu birlik və blokların sonradan dağılması nəticəsində müxalifət arasında daha dərin uçurumlar yaranır. Bu da öz növbəsində siyasi mübarizəni müxalifət daxilinə daşıyır və düşərgənin daha da zəifləməsinə gətirib çıxarır”. Partiya sədrinin sözlərinə görə, siyasi mübarizədə əsas həlledici faktorun xalq faktoru olduğunu nəzərə alanda isə o zaman əgər xalqdan hansısa çağırışlar gəlirsə, xalqdan gələn səsə qulaq vermək və sosial sifarişi ən yaxşı formada icra etmənin yollarının tapılması zərurəti ortaya çıxır: "Əgər istəyiriksə ki, xalq bizi dəstəkləsin və nəticədə qalib etsin, onu öz yanımıza almanın yollarını tapmalıyıq. Xalqdan gələn hər sosial sifarişi irrasional adlandırıb iqnor etməklə heç bur uğur əldə edə bilmərik”.