adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Oktyabr 2019 10:19
21884
ƏDƏBİYYAT
A- A+

İndi sevqilim də,arvadım da var - Ayaz Arabaçının şeirləri

Adalet.az Ayaz Arabaçının şeirlərini təqdim edir.












Yada sal


Qırov tutub saqqalımı-saçımı,
Üşüyürəm apar məni oda sal.
Bilirsən ki,iyrənirəm çiy ətdən,
Ürəyimi kabab elə,dada sal.

Məndən küsən gözün qaşın sağ olsun,
Bağın-bağçan,dağın-daşın sağ olsun,
Gələmmirsən canın-başın sağ olsun,
Bir məktub yaz,unutduğun ada, sal.

Qəfil dönüb göydə uçan quşa,gəl,
Payız könlüm iştah açıb turşa,gəl,
Eybi yoxdu qılınc-qalxan qurşa gəl,
Mənə bir də bəla gətir, qada sal.

Papirosum saçın kimi qoxuyur,
Dərd içimi ilmə-ilmə toxuyur,
Kimə necə sərf eləyir oxuyur,
Bu nəğməni bəyəndiyin "lad"a sal..

Vardan yoxa,yoxdan vara getmişəm,
Sınıq-sınıq,para-para getmişəm,
Bir də gördün "oppa"lara getmişəm,
Heç olmasa bircə dəfə yada sal..

* * * *

Yoruldu bir ömür tər tökə-tökə,
Yazdı,qaraladı ağ kağızları.
Yığıb küçələrdən şerə çevirdi,
Gilənar dodaqlı gözəl qızları.

Gördü bulud kimi dolanda könlüm,
Tutdu hər sözümü baxışlarımdan.
Solan çiçəklərə nəğmə toxudu,
Payızın şıdırğı yağışlarından.

Qəmli xatirələr didəndə məni,
Qovdu bircə-bircə ağrılarımı.
Könülsüz alsam da əlimə bəzən,
O yazdı ən kövrək nağıllarımı.

Azdıra bilmədi güclü axınlar,
Keçdi şirin vədlər sağ-solumuzdan.
Qurd kimi uladıq qələmim və mən,
Amma ki, sapmadıq heç yolumuzdan.

Duydu gözlərimə çökəndə duman,
Ölçdü qızdırmamı-hərarətimi.
Könül dincliyimi borcluyam ona,
Bir də ki, bir ovuc səadətimi.

Böyük sevgiləri, düşüncələri,
Sığdıra bilmədik bu dar qəfəsə.
Bir masa dalında illər uzunu,
Verdik iki qardaş nəfəs-nəfəsə.

Çox vaxt ağ kağıza kəfən də deyib,
Getdik əzrayılnan savaşa kimi.
Mənim əllərimdə siqardan da çox,
Qələm tüstülənib bu yaşa kimi.

Qorxumuz olmadı fırtınalardan,
Coşub yelkən açdıq açıq dənizə.
Nə susuz olanda, nə ac olanda,
Xəyanət etmədik bir-birimizə.

Bir yaxın dost kimi tutdu əlimdən,
Qəlbimi nə vaxt ki, çulğadı kədər.
Sordu duyğularım damarındakı,
Son damla qanı da axıra qədər.

Hər şair qələmi haqqı hayqıran,
Silaha dönməsə sonu süqutdur.
Şərəflə qorumaq öhdəligim var,
Qələm də papaqtək bir atributdur...

YUXU

Bu axşam yuxuda səni görmüşəm,
Açmısan qəlbimin otaqlarını.
İpək tellərini tumarlamışam,
Öpmüşəm şip-şirin dodaqlarını.

Heç nə deməmisən, susmusan elə,
Göyərçin əllərin gəzib sinəmdə.
Səadət qol açıb belədən-belə,
İtib qəlbimdəki kədər də, qəm də.

Bir yuxu görmüşəm ətirli, dadlı,
Bum-buz ürəyimə yaz gətirmisən,
Dönüb bir dəfə də soruşmamışam,
Ki, mənim yuxuma niyə girmisən?

Gəlmisən dağıdıb qadağaları,
Həsrətə, kədərə qənim olmusan.
Təbrik eləmişəm özüm-özümü,
Bu gecə yuxuda mənim olmusan.

Çəkmişəm ətrini çiçək yerinə,
Səninlə bir nəfəs, bir can olmuşam.
Yuxuma gəldiyin qədəmlərinə,
Yüz dəfə, min dəfə qurban olmuşam.

Dönmüşəm bir anda körpə uşağa,
Nəvaziş ummuşam, qılıq ummuşam.
Təzədən yuxuma gələsən deyə,
Açıb gözlərimi bir də yummuşam.

Yuxumu həyatdı, həyatmı yuxu?
Bu sual nə aydın, nə bəlli olur.
Amma ki, çox zaman çin çıxmasa da,
Yuxular özü bir təsəlli olur.

Dəyişdim

Qoy bütün şəkillər qapqara çıxsın,
O aylı-ulduzlu fonu dəyişdim.
Yaşıl köynəyimi soyunub atdım,
Payıza köklənib donu dəyişdim.

Hər sözə gül vurdum,buta köçürdüm,
Ruhumu çiçəyə,ota köçürdüm,
Dərdimi bildiyim nota köçürdüm,
"Fa"nı rədd elədim,"do"nu dəyişdim.

Mən gedən arzunun yolu qarıydı,
Ağladım göz yaşım sarı-sarıydı..
İçimdə bir azca ümid varıydı,
Dünən də aparıb onu dəyişdim.

Bunun aqilinə,bunun pirinə!..
Qarışdı hər yerdə acı şirinə,
İlişdim it oğlu itin birinə,
Gördüm sərf eləmir konu, dəyişdim.

Burda ocaq sönüb buxarı keçib,
Süfrədə baş yerə suxarı keçib,
Baxdım ki,arsızlıq yuxarı keçib,
Səsimi azaldıb tonu dəyişdim.

İlahi dərdinə,dəvana şükür,
Uzandım bu cırıq divana,şükür,
Yenə də hər nədi İvana şükür,
Dostluğa yaramır Conu dəyişdim..

Bircə saqqızımız saçaq-saçaqdı...
Vaxt qoca quldurdu,ömür qaçaqdı,
Axırı başqa cür qurtaracaqdı,
Özüm bilə-bilə sonu dəyişdim.

Kimi

Sağa da yol gedir,sola da yol var,
Qalmışam ortada çaş adam kimi.
Gözümü açmamış qırxı tulladı,
Üstümə gəlmir ki,yaş,adam kimi.

Əlimdən illərin cilovu düşür,
Kamanı,nizəsi,tilovu düşür,
Saçıma payızın qırovu düşür,
Neynim,ağarmır ki,baş,adam kimi.

Barmaq hesabıyla yüzə çıxmıram,
Bir əyri yol tapıb düzə çıxmıram,
Gör neçə müddətdi üzə çıxmıram,
Sirri el-aləmə faş adam kimi.

Çiçəklər hamısı qu dili bilmir,
Çoxları yansa da su dili bilmir,
Heyif ki,adamlar bu dili bilmir,
Danışır gözümdə yaş adam kimi.

Yarama məlhəm qoy o buz yerindən,
Qoy öpüm tel düşmüş qopuz yerindən,
Elə gözəlsən ki,qopub yerindən,
Yüyürür dalınca daş adam kimi.

Apaydın görünür yollar,apaydın,
Bir ağ at gələydi minib çapaydım,
Təzədən üçgünlük ömür tapaydım,
Sürəydim səninlə kaş,adam kimi..

Var

Yaxşı ki,mən səni çoxdan unutdum,
Adın nə qəlbimdə,nə yadımda var.
Sən subay öləcən demişdin,amma,
İndi sevgilim də,arvadım da var..

Səsim qabaqkıtək bəm deyil daha,
Çəkdiyim siqardı,qəm deyil daha,
Heç nəyim həyatda kəm deyil daha,
Üstəlik uçmağa qanadım da var..

Durmuşam hamıdan yuxarı qatda,
Mən yazım birbəbir,sən oxu,çatda.
Şir gücü yığılıb qoluma hətta,
Dağları yenməyə inadım da var.

Əhvalım həmişə təzədi-tərdi,
İt kimi qovmuşam həsrəti-dərdi,
Şəhərdə nə varsa bizimkilərdi,
Beş-altı şirkət də öz adımda var.

Baxma səndən ötrü çordu-vərəmdi,
Dünya kef çəkdiyim nazlı hərəmdi,
Mənim bir oğlumun adı Kərəmdi,
Biri də Məcnundu,Fərhadım da var..

Ay belə doğuldu,gün belə batdı..
Söz gəlib axır ki,məqama çatdı..
Bunların hamısı bir zarafatdı,
Xəyal qırıqlığı hər addımda var..

Yaz yağışı

Heç nəyi dəyişməz bu yaz yağışı,
Nə o Ay işıqlı xatirələri,
Nə də gözlərinə çökən kədəri.
Heç nəyi dəyişməz, amma ürəyi,
Aldada-aldada zorlamaq olar,
Həsrət şerləri yazıb gecələr,
Beş-on ağ varağı korlamaq olar.
Heç nəyi dəyişməz bu yaz yağışı,
Alma çiçəyini töküb aparar,
Köhnə çəpərləri söküb aparar.
Heç nəyi dəyişməz bu yaz yağışı;
Nə acı həsrəti, nə də o ilki
İslaq tellərinin nərgiz ətrini,
Altında durduğun yarpaq çətrini,
Elə xatirimdə qalar, necə var,
Ovcumda titrəyən yanaqların da,
Moruq tamı verən dodaqların da.
Heç nəyi dəyişməz bu yaz yağışı,
Çıxıb, islanaram, iliyimədək,
sərxoş addımlarla dönərəm evə.
Kədərlə gizlənqaç oynayan ürək,
Təzədən, çətin ki, vurula, sevə.
Heç nəyi dəyişməz bu yaz yağışı,
Yadımda, necə var, qalar o axşam;
Sükutun, nəfəsin, göy gurultusu,
Yarpaqdan-yarpağa damcılayan su...
Aç, bu yaz gecəsi pəncərələri,
Səslə o illəri, geriyə çağır,
Heç nəyi dəyişməz bu yaz yağışı,..

* * * *

Yoxundan nə qədər yıxılar adam,
Heçindən nə qədər yıxılar adam.
Ayağı dolaşıb qanadlarına,
İçindən nə qədər yıxılar adam..

Nə qədər oturub siqar piləyər,
Nə qədər Allahdan kömək diləyər,
Nə qədər özünü boyayar qana,
Nə qədər gözündən yağış çiləyər..

İlahi sən özün keç günahımdan,
Yollar ayağımı şişə taxırlar.
Adamlar kef çəkib mənim ahımdan,
Heç nə eşitmirmiş kimi baxırlar.

Beşcə barmağı var uzağı vur-tut,
Bir əldən nə qədər çıxılmaq olar..
Bu ömür ipindən aç burax məni,
Bu ipdə nə qədər sıxılmaq olar.

Birtəhər dözürdüm dilini tapıb,
Bu köhnə dərdlərin kamanı deyil.
Özünü quş kimi divara çırpıb,
Hönkürüb ağlamaq zamanı deyil..

Gözəldi bu ağac,bu ip,bu kətil..
Bu ömrün üstündə əl işim olsun.
Elə doymuşam ki,bir dəfəsindən,
Bu mənim sonuncu gəlişim olsun.

Dolub belimdəki günah zənbilim,
Yığıb ətəyini gedək deyirsən.
Açma qollarını taybatay mənə,
Sən daha döydüyüm qapı deyilsən.

Yoxundan nə qədər yıxılar adam,
Heçindən nə qədər yıxılar adam..
Ayağı dolaşıb qanadlarına,
İçindən nə qədər yıxılar adam?...