adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Oktyabr 2019 13:16
29152
ƏDƏBİYYAT
A- A+

Yazıçı Anar gənc yazıçılarla görüşdü - TƏKLİFLƏR

Yazıçı Anar gənc yazıçılarla görüşüb.

Adalet.az xəbər verir ki, 23 oktyabr tarixində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar Rzayev yeni çap olunacaq Antologiya ilə əlaqədar olaraq bir qrup gənc yazıçı və şairi Azərbaycan Yazıçılar Birliyində qəbul edib. 

Yeni çap ediləcək Antologiya ilə bağlı fikirlərini yazarlarla bölüşən Birliyin sədri kitaba daxil edilən əsərləri şəxsən oxuduğunu və burada iştirak etməyən, amma kitabda yer alan digər qələm sahibləri üçün də qapılarının açıq olduğunu dilə gətirib.

Çap ediləcək antologiya haqqında ətraflı məlumat verən tərtibçisi, tənqidçi Əsəd Cahangir çıxışının davamında görüşdə iştirak edən qələm sahiblərini Anar Rzayevə təqdim edib. Onlar haqqında ətraflı məlumat verib.

Sonra söz gənc yazarlara verilib.

Yazıçı Günel Eyvazlı Anar müəllimin təklifi ilə hazırlanan Antologiyaya görə, görüşə dəvət oldunduğuna görə Birliyin sədrinə və Əsəd Cahangirə təşəkkürünü bildirib. Həmçinin təkliflərlə çıxış edərək gənc dramaturqlara dəstək verməyi yazıçıdan xahiş edib: "Teatrlar gənc qələm sahibləri ilə işləməlidirlər. Teatrın yeni ideyalara ehtiyacı var. Cəfər Cabbarlı, Hüseyn Cavid, hətta Şekspir belə tamaşa sifarişlərinin nəticəsində dramaturqa çevriliblər. Biz gəncləri isə bacardıqları qədər teatrdan uzaqlaşdırırlar. Sizdən xahiş edirəm ki, bu işdə mənə, mənim kimi digər gənc qələm sahiblərinə, gənc dramaturqlara dəstək nümayiş etdirəsiniz. Bir məsələni də vurğulayım, Sovetlər dönəmində Rusiyada fəaliyyət göstərən Maksim Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almaq üçün yazıçılar axın edirdilər. İndi də bu ənənə davam edərsə, Yazıçılar Birliyi gənc qələm sahiblərini təhsil almaq üçün adıçəkilən İnstituta göndərərsə bu, ədəbiyyatımız üçün yalnız və yalnız xeyir gətirə bilər”. Sonra G.Eyvazlı "Ədəbiyyat qəzeti” yayınları seriyasından çap edilən "İşıq” adlı yeni kitabını Anar Rzayevə təqdim edib.

Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar çıxış edərək ədəbi görüşlərlə bağlı ənənənin yenidən davam etməsinin vacibliyini vurğulayıb: "Əvvəllər yaxşı bir ənənə var idi. Şair və yazıçıların ədəbiyyat qurumlarının dəstəyi ilə təhsil ocaqlarında, müəssisələrdə, yaradıcılıq mərkəzlərində ictimaiyyət nümayəndələriylə görüşləri təşkil olunurdu. Xahiş edirəm ki, bu ənənənin yenidən dirçəlməsi üçün dəstək nümayiş etdirəsiniz”.

Sonra Ulucay Akif, Rəvan Cavid yeni saytın yaradılmasıyla bağlı Anar Rzayevdən dəstək istəyiblər.

Görüşdə iştirak edən gənc qələm sahibləri Ümid Nəccari, Bahəddin Salman, Şəfaqət Cavanşir, Şahanə Müşfiq, Ağasəlim Əmri çıxış edərək görüşə görə Anar Rzayevə təşəkkürlərini bildiriblər.

Görüşün sonunda Birliyin Sədri təkliflərlə bağlı fikrini bildirib. Sayt məsələsi ilə əlaqədar düşünəcəyini, görüşlərin gərəkli olduğunu, pyesi olan şəxslərin isə əsərlərini Yazıçılar Birliyinin Dram şöbəsinə təqdim etməyi tövsiyyə edib.

Qeyd edək ki, adıçəkilən Antologiya yaxın günlərdə işıq üzü görəcək.