adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Oktyabr 2019 10:51
9082
GÜNDƏM
A- A+

Pərviz Şahbazov: TAP-ın tikintisi üzrə işlər demək olar ki, 90 faiz yerinə yetirilib

Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə işlər demək olar ki, 90 faiz yerinə yetirilib.

Bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bu gün Bakıda Energetika Nazirliyi və Enerji Xartiyası Katibliyinin birgə təşkilatçılığı ilə "Texnologiya və siyasət innovasiyaları vasitəsilə enerji keçidinin təmin edilməsi” mövzusuna həsr edilən Beynəlxalq Enerji Xartiyası Forumunun açılışında bildirib.

Nazir qeyd edib ki, ötən ilin iyul ayından bu günə qədər Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə 3 milyard kubmetrdən çox qaz nəql olunub.

P.Şahbazov əlavə edib: "2020-ci il uzun illərdir Avropanın həyata keçirməyə çalışdığı diversifikasiya planının realizə olunacağı il olacaq. Bu dövrdə Beynəlxalq Enerji Xartiyası Konfransında sədrliyin Azərbaycana keçməsi "Cənub Qaz Dəhlizi"nin strateji rolunun yüksək qiymətləndirilməsinin göstəricisidir".

Qeyd edək ki, foruma 13 ölkənin-Azərbaycan, Türkiyə, Gürcüstan, Avstriya, Çin, Yunanıstan, Albaniya, Xorvatiya, İspaniya, Banqladeş, Bosniya və Hersoqovina, Burundi, Yəmənin yüksək səviyyəli dövlət rəsmiləri, 42 beynəlxalq təşkilat, yerli və xarici enerji şirkətləri, dövlət qurumlarının təmsilçiləri, eləcə də xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, ekspertlər və mediadan ibarət 200-ə yaxın şəxs qatılıb.

55 üzv ölkəni birləşdirən Beynəlxalq Enerji Xartiyası ilə Azərbaycan 20 ildən çoxdur ki, əməkdaşlıq edir. 2018-ci ildə Azərbaycanın Beynəlxalq Enerji Xartiyasının Haaqa II sənədinə qoşulması ilə təşkilatla münasibətlərdə yeni mərhələ başlanıb.