adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Oktyabr 2019 15:10
90756
MÜSAHİBƏ
A- A+

"Ədalət" qəzetinin jurnalisti kikboksçu ilə döyüşdü

Azərbaycan idmançıları fərqli idman sahələrində uğurlar qazanmağa davam edir. Bu uğurların hər yaş kateqoriyasında olması sevindirici haldır.

Uğurları ilə bizi sevindirənlərdən biri də Elnur Mustafayevdir. Dəfələrlə Respublika çempionu olmuş Elnur avqust ayında Macarıstanda təşkil olunan kikboks üzrə Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb.

Əslən Ağcabədi rayonundan olan Elnur çox söhbətcil olmasa da onunla sual-cavab rinqinə çıxdıq.

Birinci raund

- Kikboks ilə neçə yaşından məşğul olursan?

- 6 yaşımdan.

- Bu həvəs necə yarandı səndə? Öz istəyinlə, yoxsa valideynlərinin istəyinlə seçdin bu növü?

- Həm özüm istədim, həm də valideynlərimin qərarı ilə.

- Analar övladlarına qarşı daha həssas olurlar. Birdən yarışlarda əzilərsən, nəsə olar deyə buna qarşı çıxdı?

- Yox, heç vaxt elə söhbət olmayıb. Anam da məni dəstəkləyir.


Birinci raund qarşılıqlı zərbələr ilə yekunlaşır.

İkinci raundda rəqibə daha sərt suallar verməyə çalışacam. Görək bir təsiri olacaqmı.

İkinci raund

- Uğurların haqqında özün danış bir az.

- Azərbaycan kubokunu qazanmışam, Respublika çempionluğum var, ən böyük nailiyyətim də Avropa çempionu titulunu qazanmaq oldu.

- Həmin yarış haqqında danışa bilərsən biraz? Kimləri döyüb çempion oldun?

- Yarış Macarıstanın Dyor şəhərində keçirilirdi. Birinci döyüşdə rusla mübarizə apardım, nakautla qalib gəldim. Sonra yenə Rusiyanı təmsil edən dağışstanlıya qalib gəldim nvə çempion oldum.


- Mükafat ancaq kubok və medal oldu, yoxsa pul mükafatı da var idi?

- Xeyr, pul mükafatı hələ olmayıb.

İkinci raund bu sualla yekunlaşır. Artıq daha açıq oyun gedir və mən üçüncü raunda daha ürəkli çıxıram.

Üçüncü raund

- Elnur, yaşını soruşmaq yadımdan çıxdı. Neçə yaşın var?

- 14.

- Küçədə dalaşırsan heç?

- Xeyr, dalaşmıram.

- Heç olmayıb ki gücünü göstərmək istəyəsən?

- Xeyr, olmayıb.

Bu "zərbə” ilə heç nə edə bilməyib başqa zərbə endirməyə çalışıram.

- Təhsilin necə gedir?

- O qədər də yaxşı deyil, amma gedir.

Və daha bir cəhd!

- Bəs universitet oxumaq fikrin yoxdu?

- Var. İdman Akademiyasında oxuyacam – deyir və gülərək masanın üzərindəki kubok və medallarını göstərir.

Əks fəndə düşürəm və qızıl meddalların biri-birinə dəyərək çıxartdığı səs döyüşü yekunlaşdıran "qonq” səsi kimi qulağımda cingildəyir.

Bu cür suallarla Elnuru nakaut edə bilməyəcəyimi görüb bu sual-cavab döyüşünü sülhlə yekunlaşdırmağa çalışıram.

- Sirr deyilsə məşq rejimin haqqında məlumat verə bilərsən?

- Gündə iki dəfə məşq edirik. Saat 9-dan 11-ə və 5-dən 7-ə kimi. Məşqçim isə Respublikanın əməkdar məşqçisi Hakim Hacıyevdir. Lap əvvəldən mənə o məşqçilik edib və bu səviyyəyə çatmağımda ən böyük rolu o oynayıb.

Federasiyamızın prezidenti millət vəkili Adil Əliyev də bizə çox qayğı və diqqət göstərir, ona görə belə uğurlar qazana bilirik.


- Nə kimi məsqədlərin var kikboksda?

- Yayda Dünya Çempionatında iştirak edəcəm. İnşallah orada qalib olub Olimpiya oyunlarına vəsiqə qazanmaq və orada da çempion olmaq istəyirəm.

- Ümid edirik ki, bacaracaqsan! Uğur olsun!

Və döyüş başa çatır.

Bu döyüşün qalibi kiçik yaşlarından qarşısına məqsəd qoyan və o məqsədə çatmaq üçün inamla addımlayan, çalışan Elnur oldu.

Onu və onun timsalında bütün Azərbaycanı həmişə qalib görmək ümidilə!