adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Kişilərə qarşı edilmiş ilk ŞİDDƏT - Ulucay Akif yazır

ULUCAY AKİF
23648 | 2019-10-23 14:32

Bu yaxınlarda bir qrup xanım şəhərdə "Qadına şiddətə son!" adı ilə aksiya həyata keçirməyə çalışdı. Yaxşı olardı ki polislərin bu incə varlıqların aksiyasını onlara gül-çiçək verərək sonlandırsın, amma neylək...

"Qadına şiddətə son!" şüarına aid bir-iki kəlmə demək istəyirdim. Mənim fikrimcə yaradılışdan bu yana həmişə kişilər qadınlar tərəfindən şiddətə məruz qalıb. Elə ilk şiddət faktından danışmaq istəyərdim.

Deyilənə görə bu hadisə təxminən 4,5 milyon il əvvəl baş verib.

O zamanlar Tanrı indiki qədər məşğul deyildi. Sizə danışıram neçə milyon il bundan əvvəldən.

Onda Tanrı həyatı yeni öyrənməyə başlayan uşaqlar kimi həvəsli idi. Dünyanı ovucunun içində oyuncaq kimi gəzdirib diqqətlə müşahidə edir, yeni canlılar yaradıb üstünə səpələyirdi. Quşlar, böcəklər və digər canlılar onun qucağından enib yuvarlaq yer kürəsində özünə bir künc axtarırdı. Hər işi ehtiyatla görürdü. Yer üzündə cürbəcür bitkilər yetişdirir, uca dağları ard-arda düzürdü.

Tanrının yaxa cibində, düz ürəyinin üstündə olan Adəm bütün bunları maraqla seyr edir, bütün bu gözəlliklərə heyranlığını gizlətmirdi. O, tez-tez Tanrıya gördükləri haqqında suallar verir, hər şeyi öyrənməyə çalışırdı.

Başı işlərə qarışıq bir vaxtda Tanrının cibindən sürüşən Adəm tappıltı ilə yerə düşdü. Tez ayağa qalxıb özünü qaydaya saldı. İlk dəfə idi sərbəst qalırdı. Azadlığın vahiməsi nəfəsini kəsirdi. Nə edəcəyini bilməyib, mağaralardan birində gizləndi.

Üç gün, üç gecə keçdikdən sonra Adəm mağaradan çıxıb özünə yemək axtarmağa başladı. Budaqlardan nizələr düzəldib, ov edərək qarnını doyururdu. Gecələr ocaq başında yeməyini yeyərkən ulduzlara boylanıb gülürdü. Tanrının onu rahat buraxdığını düşünəndə isə göy gurultusu yenidən Tanrını xatırladır və onu qorxuya salırdı.

Tanrı Adəmin nələr etdiyini qarabaqara, maraqla izləyirdi.

Yeni mağaralar, sönmüş ocağın ətrafında ceyran, maral sümükləri, Adəmin ayaq izləri…

Dərisi soyulmuş heyvanlar, yeni sümüklər, qırılmış nizələr, külə bələnmiş daşlar.

Adəm hər gün eyni şeylər edir və artıq Tanrının da onu unutduğunu düşünürdü. Tanrı isə yarımçıq işini tamamlamaq üçün Adəmin yanına enmişdi. O növbəti ovdan yorğun qayıdıb bərk yatdığı vaxtda Adəmin sol üst qabırğasını çıxararaq Həvvanı yaratdı.

Həmin qabırğa bir xəncər kimi Adəmin düz qəlbinə sancılmışdı.

Adəm səhər oyandığında heç nəyin fərqində deyildi. Səhər mağaradan çölə addımını atıb Həvvanı görəndə isə sol qabırğasından sancı tutmuşdu. Həvvaya aşiq olan Adəm hər onu görəndə sol tərəfinin niyə sancdığını anlamırdı, amma, əslində, bu onu sevindirirdi. Həvvanı özünün bir hissəsi kimi sevirdi.

Həvva gəldikdən sonra Adəmin həyatı çətinləşmişdi. O daha çox ov etməli olurdu. Heyvanların dərisindən Həvvaya paltarlar, rəngli daş-qaşlardan boyunbağılar, qolbaqlar düzəldirdi.

Həvva ilə dalaşanda Adəm mağaranın ağzında yatmalı olur, ovladığı ovdan bir tikə də yeyə bilmirdi.

Elə gecələrdə tərslikdən səma da bomboş olurdu. Nə Ay görünürdü, nə də ulduzlar. Göy gurultusu da çox gec-gec olurdu. Həvva isti yerində şirin yuxular görərkən Adəm boş səmaya baxıb Tanrı üçün darıxırdı.

Tanrı üçün darıxmaq artıq bir sıxıntıya çevrilmişdi. Adəm hər anında Tanrını düşünür və ondan qaçmağın əslində böyük bir səhv olduğunu dərk etməyə başlayırdı. Gördüyü hər şeydə, başına gələn hər hadisədə bunları Onun da gördüyünü hiss edirdi.

Günlərin bir günü Həvva Adəmdən niyə kədərli olduğunu soruşanda, dözməyib ən yaxın dostu Tanrıdan söz açdı. Ondan qaçdığını, buna görə də Tanrını küsdürdüyünü söylədi. Həvva barışığın onlar üçün daha xeyirli olacağını düşündü və Adəmə Tanrının yanına gedib ondan üzr istəyib, barışmalı olduğunu dedi.

Həvvanın bu məsləhətinə qulaq asan Adəm Tanrının evinə gedib üzr istədi və Tanrı Adəmi bağışladı.

Elə Adəmin qara günləri də evə qayıdıb Həvvaya Tanrı ilə barışdığını dedikdən sonra başladı.

Həvva hər gün bir yeni istəklə Adəmi təngə gətirirdi...

- Niyə məni başa düşmürsən axı, Adəm?! Nə vaxta kimi mağarada yaşayacağıq?! Mən də yaxşı gün görmək istəyirəm! Get Tanrıya de ki, bizə gözəl, bağı olan bir ev versin. Rahat yaşayaq. Bu qədər əziyyət çəkdiyimiz bəsdir!

Kaş ki, Adəmin Həvvaya "Xoşuna gəlmir rədd ol, çıx get dədənin xarabasına!" demək şansı olardı. Amma Həvvanın gedəcəyi ata evi yox idi.

Adəm Tanrı ilə danışdıqdan sonra onlar artıq yeni evlərinə köçmüşdülər. Taxtadan kiçik bir ev. İçində min cür ağac, gül, çiçək olan və quşların cikkildəşdiyi bir bağ. Tanrı Adəmə bu bağdakı yalnız bir ağacın meyvəsindən yeməməyi tapşırmışdı. Bəli, bəli! Həmin o alma ağacı!

Yeni evdə günlər çox gözəl keçirdi. Ta ki Həvvanın qarşı şişənə qədər. Üç gündən bir baş verən mübahisələr, davalar bəzən kiçik olur, bir neçə günə unudulurdu. Amma bu dəfə vəziyyət çox gərginləşmişdi:

- Axı niyə o almadan yeyə bilmərik?! Bizim bağımız deyil?! Mən o almadan yemək istəyirəm! Başa düşmürsən?! Hamiləyəm, ha-mi-lə! Sənin üçün mən vacibəm, ya Tanrı?!

Üç gün, üç gecə almanın davası getdikdən sonra Adəm "Tanrının xəbəri olmaz” deyə, düşünüb, gecə gizlicə bağa girdi və bir alma dərib Həvvaya gətirdi. Həvva sevinə-sevinə almadan elə ilk dişləyi almışdı ki, çox şiddətli göy gurultusu qopdu.

Adəm Tanrının ona qəzəbləndiyini anladı və sonuncu dəfə Tanrı ilə görüşüb məsələni izah etməyə çalışdı. Tanrı onu bağışlasa da, sözünü tutmadıqları üçün hər ikisini bağdan qovdu. Adəm üçün isə cəza bağdan qovulmaq deyildi. Daha betər cəza vardı: Həvva ilə birgə qovulmaq.

Adəm Həvvanın əşyaları olan çamadanları daşıyaraq məyus halda addımlayırdı. Həvva isə saçlarını daraya-daraya ondan qabaqda gedir və hələ də deyinirdi.

- Mən axmağam, sənə nə olub!? Niyə gedib dərdin o almanı?! Gül kimi ev idi də, oturmuşduq! Alması da alma ola!

TƏQVİM / ARXİV