adalet.az header logo
  • Bakı 7°C
22 Oktyabr 2019 16:07
24902
ƏDƏBİYYAT
A- A+

BEŞİNCİ FƏSİL - Şahnaz Şahin yazır

"Dünyanin həyatı bütün insanların itirdikləri məhəbbətlə zənginləşir..”

R.Taqor

Məni qınamayın,yazmaq,qəlbində yığılanları qələmin "burnundan gətirmək”də bir az vərdiş məsələsidir .”İştah diş altındadır” deyib babalar,yemək istəmək bir şey,yemək isə başqa bir şeydir.Yazı da elə,yazmayanda yadırğayır adam,tənbəlləşir bir az.Yazmaq üçün qələmi götürmək ürək ağrıyanda dilinin altına nitroqliserin həbi qoymaq kimidi bir növ!Yemək üçün ağzına qoyduğun tikə kimidi,dadı xoşuna gəldisə qazandın...Ac olanda çörək,susuzluqda su dərdi çəkmək kimidi yazmaq istəyi..Dərdi olan dərdini,sevinən sevincini bölüşməsi tələbatıdı yazı istəyi!..Bir də dünyaya övlad gətirmək kimi hissdi bu,amma bunun da yarımçıq doğulanı,ölü olanı,şikəsti var həm də.Torpağa düşən toxum kimidi yazmaq tələbi,amma hər toxum cücərməz ki!..Mərhum jurnalist,uzun illər Ədalət qəzetinin əməkdaşı olmuş,bir-birindən maraqlı yazıları ilə tanınan Vəsilə xanın Usubova deyirdi ki,”hesablanmış,sifarişli yazılar yazmaq adamı tükətir,bir növ insanın hissi,ruhu dara çəkilir...Arada fasilə vermək gərəkdi və bir də ürəyinin səsini dinləməlisən..”

Deməli yazmaq könül məsələsidir,elə sevginin özü kimi,əziz qonaq kimi..Vaxtında xöş gəldin deyib yanına çəkmədinsə küsüb gedəcək,qaytarsan da yazdığın "vaxtı keçmiş” effekti verəcək,boyat dadacaq.!

Neçə vaxtdı qələm-kağızı bir qırağa qoyub əziz adamlarımın "kefi”ilə oturub dururam..Yəni vaxtımı onların istəyi və marağı üzərinə qurmuşam,bəs nə,əzizdilər axı..Amma bəri başdan küsüb inciməsinlər deyə üzr istəmişəm yazmaq istəyimdən,imkansa vaxtı dəyişsin deyə xahiş etmişəm!..Nəhayət bu gün hüzuruna qalxmaq imkanım olsa da zəhrimar təzyiq gəlib girdi aramıza,kəsdi ona gedən və həm də onun mənə gələn yollarını!Bax elə bu saat da fikrimi çaşdırmağa,iştahımı küsdürməyə çalışır,amma yox,ona fürsət vermək olmaz,yoxsa çıxacaq başıma!..

Çox qorxuram təzyiqdən,nə gizlədim axı..Yenə anamın ədəbi dünyasından misal çəkəcəm,:Anam gəncliyində ölümdən çox qorxurmuş,yan-yörəsi də bildi-bilmədi,yeri gəldi-gəlmədi özlərini bilici göstərib öyünürmüşlər ki,adam da ölümdən qorxarmı,ölümdən qorxan kafirdi!..Bəh,anam da eləmə tənbəllik, bunu bir elmli adama gənəşir,o da cavabında buyurur ki,ey dili qafil,ölümdən qorxmamaqmı olar?!Əlqərəz deyilənin tam əksini söyləyir adam və üstəlik əlavə izah da verir ki,insanın ölüm qorxusu olmasa nələr edə bilər?Onu bir az da pis əməllərdən geri tutan elə həmin qorxudur...B u yerdə Əmir Teymur və Nəsimi filmi yadıma düşdü..

Bəs nədi,ölüm adi söz deyil e,adi hal ehtiva etmir özündə,həyatın sonu,var olmanın bitməsi,dünyaya əlvida,sevdiyin və səni sevənlərdən həmişəlik ayrılıqdı!!Bitirə bilmədiyin işlərindi gözündən yaş kimi tökülən,kam ala bilmədiyin həyatındı boğazında düyünlənən,batan günəşdi,yağan qardı,qışdı bir sözlə,qış...

Amma indi payızdı,təbiətin sarı,qırmızı örtüyə büründüyü vaxtdı.Ağacların bardan başını aşağı saldığı vaxt..,bağların qıpqırmızı nar kimi qızardığı, heyva kimi sapsarı saraldığı,şəffaf üzüm gilələri kimi şirələndiyi,qan təzyiqini aşağı salan innab kimi ətirləndiyi vaxt.. Sonra yetişmiş meyvələr yığılacaq və bomboş qalacaq bağlar,bir addım yaxınlaşacaq "ölümünüə”...Yarpaqlar da saralıb,qızarıb töküləcək,yerdə xəzəl olacaq,boş qalacaq bağlar...Təbiətin hüznlü çağıdır payız,nisgilli,amma ecazkar qızıdır,onu müdrikləşdikcə daha yaxşı tanıyırsan,axı payız özü də təbiədin müdrik çağıdır elə...

Payızda bir az da mistika var,təbiətdən yarpaqların və torpağın bir birinə qarışığından yaranmış mükəmməl bir qoxu gəlir,ayaqlar altında qalıb qol-qabırğası sınan xəzəllərin küləyə qoşulub yaratdığı musiqini nota salmaq olsaydı..!

Təbiətdə hər fəslin öz yeri var,insanlarda hər yaşın öz gözəlliyi olduğu kimi..Əslində bütün fəsillər eynən insan həyatında da xronoloji ardıcıllıqla təkrarlanır,yazı,baharı ilə,payızı,qışı ilə!..

Dövran tez dolanır,illər tez keçir,

Biz də dəyişirik hey ildən ilə.

Ömrün pillələri necə düz gəlir.

Ana təbiətin fəsillərinə...(B.Vahabzadə)

Amma mənə elə gəlir ki,bir fəsil də var,o fəsil insan həyatına gizli gəlib gedir,gözə görünmür,o beşinci fəsildir..Hər kəsin yaşamaq istədiyi,amma hansısa səbəblərdən yaşaya bilmədiyi fəsil..

İndi isə payızdır..Təbiət hər işini vaxtında görür,bizim kimi sonralara saxlamır və bir-birindən fərqli gözəllikləri sərir önümüzə...Eynilikdən qaçışdı bu sanki..,göz yorulmasın,həyat adiləşməsin,gördüklərimizə biganə olmayaq deyə ana təbiət bir-birindən fərqli gözəllikləri ilə çıxır qarşımıza!..Fəqət bu gözəlliklər içərisində darıxmaqlar da var,hətta depressiya halına gələnlər,payızın sevgi nəğməsini deyil, hüzn dolu simfoniyasını eşidənlər!

Nə zamansa aldığları travma heç özləri də bilmədən zamanla üzə çıxıb sahibini ələ verir.Onlar üçün payız dünyanın ayrılıq tərəfidi,həsrət üzüdü,kədər,qüssə səhifəsidi ki,onu bacardıqca tez çevirməyə çalışırlar..

...Heç sevmirəm payızda küçələrin,xiyaban və bağların xəzəldən təmizlənməsini! .. Bu da sanki payızın izlərini silməyə hesablanıb...Payız fərqlilik fəslidi həm də,bəlkə ona görədir ki,hər kəs payızı bir cürə sevir..və

Sevgi varsa,həyat da var..və ya tərsinə!

Həyat elə bütün fəsillərilə maraqlı və gözəldir...,beşinci fəsli isə siz yaratmalısınız,əzizlərim!

Həyatınıza Beşinci fəslin gəlməsinə icazə verin...

Gecikdi bu payız,

Gecikdin sən də.

Yollar gecələmədi,

Bu payız gözlərimdə.

Ötüb keçdi zamanı,

Kollarda böyürtkənin.

Daha o ilki kimi,

Qanamadı əllərin..

Dağılmadı tellərin

Günəşin çöhrəsinə.

Çırpınmadı ürəyin

Bir vüsal vədəsinə..

Indi bir sən,bir də mən..

Bir də vədəsiz payız.

Gəl alnıma yaxşı bax:

Silinməyib o yazı..?!..