adalet.az header logo
  • Bakı 7°C
22 Oktyabr 2019 13:06
27010
SİYASƏT
A- A+

Vitse-spiker: Əli Kərimli vaxtilə Elçibəyə necə xəyanət edibsə, bu gün də dövlətə xəyanət edir

Özünü radikal müxalifət adlandıran şəxslərin 90-cı illərdən indiyə qədər xəyanət xronikasına baxanda adamı dəhşət bürüyür. Bu illər ərzində bu insanlarda bir qram olsun belə inkişaf yoxdur. Onlarda nə dövlətçilik, nə mütaliə, nə də dünyagörüşü var. Bu illər ərzində siz nə işlə məşğul olmusunuz?.

Bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycan artıq kosmik dövlətdir: "Ölkəmiz 2011-ci ildə BMT Təhlükəsizlik şurasının üzvü seçilib, Avropa, İslam Həmrəylik Oyunlarını keçirib, çox böyük humanitar, siyasi tədbirlərə ev sahibliyi edib. Noyabrın 25-26-da Azərbaycanda böyük beynəlxalq tədbir keçiriləcək. Vacib idimi ki, belə bir vəziyyətdə 28 may metrostansiyasının yanında qarışıqlıq yaradasınız? Bu dövlətə, dövlətçiliyə nifrət haradan gəlir? Axı siz də Azərbaycan vətəndaşısınız. Mən başa düşürəm ki, sizin sifarişçiləriniz var. Amma siz Azərbaycan vətəndaşısız”.

Z.Əsgərov söyləyib ki, Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq: "Onlar qəsdən belə hərəkətlər edirlər ki, iğtişaşlar olsun, qarışıqlıq yaransın. 1992-ci ildə mülki və siyasi hüquqlar haqqında paktı Əbulfəz Elçibəy imzalamışdı. Həmin aktda da sərbəst toplaşmaq haqqında bütün müddəalar yer alıb. Əli Kərimli vaxtilə Elçibəyə necə xəyanət edibsə, bu gün də dövlətə xəyanət edir. Onlar bilirlər ki, metronun 200 metr ərzisində mitinq keçirmək olmaz. Çünki həmin ərazi qorunan ərazi hesab olunur. Amma buna baxmayaraq çağırış edirlər ki, gəlin orada qarşıdurma yaradıb, hakimiyyətin üzərinə gedək. Sən kimsən axı, hakimyyətin üstünə gedəsən. Avropadan bununla bağlı səslər gəlir. Əvvəla, bizimlə diktə ilə danışmayın. Siz gedib İspaniya, Belçika və digər ökələrdə baş verən biabırçılıqları araşdırın, sonra gəlib bizdən soruşarsınız. Kimin günahı varsa, cəzasını alacaq, kimin günahı yoxdursa, sərbəst buraxılacaq. Biz ölkə başçısını, müstəqilliyimizi göz bəbəyimiz kimi qoruyacağıq”.

Vitse-spiker qeyd edib ki, Əli Kərimli hər şeyini itirib: "Heç olmasa gənclərə yazığın gəlsin. Qoy onlar gedib elmlə, təhsillə, faydalı işlərlə məşğul olsunlar”.