adalet.az header logo
  • Bakı 7°C
21 Oktyabr 2019 15:34
32240
DÜNYA
A- A+

Rusiyada strateji nüvə təlimləri: Putin düyməni basdı, raket şaxtadan çıxmadı

Ötən həftə Rusiyada keçirilən və nüvə triadasının hər üç elementinin (sualtı, yerüstü və hava) sınaqdan keçirildiyi strateji komanda-qərargah təlimləri zamanı ştatdankənar situasiya baş verib.

Adalet.az xəbər verir ki, bu haqda "Vedemosti” Müdafiə Nazirliyinə yaxın iki ayrı mənbəyə istinadən bildirir.

Şəxsən prezident Vladimir Putinin rəhbərlik etdiyi təlim zamanı "Ryazan” K-44 atom sualtı qayığı (Sakit Okean donanmasının 25-ci diviziyasının tərkibinə daxildir) "Çija” poliqonuna əvvəlcədən planlaşdırıldığı kimi iki deyil, bir qitələrarası R-29R ballistik raketi buraxa bilib.

Çünki raketlərdən biri şaxtadan, buraxılış qurğusundan çıxmayıb və nəticədə atom sualtı qayığı buraxılmamış raketlə birlikdə bazaya geri qayıdıb.

Ştatdankənar situasiyanın atom sualtı qayığının bəzi sistemlərində yaranan nasazlıqla bağlı olduğu təxmin edilir. İnsidentin dəqiq səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

R-29R raketi 40 ildir döyüş növbəsindədir və hələ sovet dövründə "Kalmar” 667BDR tipl sualtı qayıqlarda yerlşdirilib. Hazırda həmin layihədən olan sualtıların cəmi biri döyüş növbəsindədir, qalanları istismardan çıxarılıb.

Silahlanmaya qəbul edildiyi 1977-ci ildə R-29R dünyada dəniz mənzilli və döyüş başlığı ayrılan, döyüş başlıqlarının fərdi tuşlanması həyata keçirilən ilk ballistik raket idi. Raket ikipilləlidir və maye yanacaqla işləyir. Hazırda bu tip raketlərin təkmilləşdirilmiş forması olan "Sineva” Krasnodar maşınqayırma zavodunda istehsal edilir.

Bildirilir ki, təlimlərdə R-29R raketlərinin buraxılması onların resursunun uzadılması üçün gərəkli idi. Hansı ki, bu raketlər istismar müddətini artıq başa vurub.

"Qrom-2019” təlimlərində hərbçilər strateji nüvə qüvvələrinin tətbiq edilməsi zamanı əlbir fəaliyyəti sınaqdan keçiriblər. Təlimlərə 12 minə qədər hərbçi, strateji təyinatlı raket qüvvələrinin 213 buraxılış qurğusu, beş strateji bombardmançı da daxil olmaqla 100-dən çox uçuş aparatı, beş sualtı və 15 dənizüstü gəmi çıxarılıb. Üç gün ərzində qanadlı və ballistik raketlərin 16 praktiki atışı həyata keçirilib. O cümlədən”Yars” qitələrarası nüvə raketi buraxılıb.