“Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçıları Cocuq Mərcanlıya səfər ediblər
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təşəbbüsü ilə Komitə əməkdaşlarından, Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndələrindən və "Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçılarından ibarət bir qrup şəxs Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə reallaşan səfərdə məqsəd "Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçılarına Azərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl həriflərlə yazılan, Aprel Qəhrəmanlarının şah əsəri olan "Böyük qayıdışın başlanğıc nöqtəsi” Cocuq Mərcanlı kəndinin tanıdılması, Cocuq Mərcanlıda təhsil alan məktəblilərə mənəvi dəstəyin göstərilməsi, sərhəd bölgəsində yaşayan insanların xalqımızın və dövlətimizin daim diqqətində olduğunun bir daha nümayiş etdirilməsidir.
Dövlət Komitəsinin nümayəndə heyəti Cocuq Mərcanlıya səfər çərçivəsində, Horadiz qəsəbəsində Aprel şəhidlərinin şərəfinə ucaldılmış xatirə abidəsini də ziyarət edib və abidənin önünə gül dəstələri qoyublar.
Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev nümayəndə heyətinə məktəb barədə ətraflı məlumat verib. Bildirib ki, hazırda 84 şagirdin oxuduğu təhsil ocağı bütün lazımi avadanlıqlarla təchiz edilib.