adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Oktyabr 2019 12:24
94224
MÜSAHİBƏ
A- A+

Deputat Cavanşir Paşazadə: “Bu müsəlmançılıq deyil, dərəbəylikdir” - MÜSAHİBƏ

""Real” televiziyasının açılmasında Şeyxin heç bir rolu olmayıb


Milli Məclisin75saylı Lənkəran - Masallı seçki dairəsindən deputatı Cavanşir Paşazadə Modern.az saytına müsahibə verib. 

Adalet.az həmin söhbəti təqdim edir:


- Cavanşir müəllim, son günlərin əsas müzakirə mövzularından biri Azərbaycanda qadına qarşı zorakılıq və şiddət məsələləri ilə bağlıdır. ADP sədri Sərdar Cəlaloğlu mövzuya yanaşmada belə bir fikir səsləndirib: "Azərbaycanda rəsmi nikahdan əlavə, kəbin məsələsi də var. Kəbin rəsmi deyil, milli adət-ənənədir. Kəbin varsa, qadın kişiyə tabe olmalıdır”. Sizin də bu barədə fikirləriniz bilmək istərdik


- Kəbin məsələsi hələ dövlətimiz, dövlətçiliyimiz olmadan təkcə Azərbaycanda yox, bütün müsəlman ölkələrində mövcud olub. Bu gün İran dövləti dini dövlət olsa da, orada kəbin məsələsi rəsmi tanındığından aktualdır. Düzdü, bizdə də kəbin şəhadətnamə kimidir. Həmin şəhadətnamədə qadından ayrılandan sonra veriləcək olan haqq əks olunur. Bizdə dövlət dindən, din də dövlətdən ayrı olduğu üçün dini kəbini rəsmi nikahdan sonra kəsdiririk. Nikah kağızını mollaya göstərəndən sonra kəbin kəsilir.


- Kəbin qadını kişidən asılı vəziyyətə salmır ki?

- Qadının hüququ şəriətdə o dərəcədə yüksəkdir ki, kəbin ondan çox-çox aşağıdır. Qadının kişidən boşanmağa haqqı var. Əgər qadına qarşı zorakılıqlar varsa, qadın ərizəsini yaza bilər.


- Ancaq bizim bəzi kişilərin təfəkküründə bu qəbul edilmir...

- O təfəkkürdə olan insanları ailə saymıram. O cür ailələr adı var özü yox kimi bir şeydir. Qadına əl qaldırmaq, qadını döymək nə deməkdir?! Bu müsəlmançılıq deyil, dərəbəylikdir. Din adı altında hər işi görüb adına müsəlmançılıq demək olmaz. Müsəlmançılıq yaxşılıq, nəvazişlə ailə qayğısına qalmaq, dünyaya gətirdiyin övladın axıra qədər arxasında dayanmaq kimi gözəl əməllər deməkdir.


- Uşaqlıq dövrünüzlə bugünkü dövrünüzü müqayisə edəndə ortaya nə çıxır?


- Azərbaycanın kənd ailələri hər zaman böyük olub. Bizim ailədə 11 uşaq olub. 9 qız, 2 oğlan. Ailədə görməmişəm ki, atam bacılarımla bizim aramızda ayrı-seçkilik etsin. Hələ o dövrdə qızlarını oxutdurdu. Bacımın biri Sumqayıtda kran sürücüsü oxumuşdu. Bir bacım tibb texnikumunda təhsil alıb. Bəzən Cənub bölgəsindən olan deputatlarımızdan da eşidirəm ki, qızlar məktəbə getmir. Ancaq mən görməmişəm ki, Cənub bölgəsində hansısa ailədə qız uşağı məktəbə getməsin. Belə söhbətlər yoxdur.


- Ailələrdə övladlar arasında ayrı-seçkilikdən söhbət düşmüşkən, günümüzün reallığında ailələr ana bətnində ayrı-seçkiliyə yol verir. Uşağın cinsiyyətinin bəlli olması ilə abort həyata keçirilir, yəni qız uşaqları dünyaya gəlmədən tələf edilir. Sizcə, bu, dinə nə dərəcədə uyğundur?

- Heç uyğun deyil. Uşağın abort edilməsi dində adam öldürməyə bərabərdir. Heç bir din buna "hə” demir. Mətbuatda bir yazı oxudum. Avropalı qadın 15 günlük hamilə olduğunu öyrənib. Bu zaman qadın həmin rüşeymdən azad olmaq istəyib. Həkim müayinə zamanı əlindəki aparatı rüşeymə tərəf aparanda həmin rüşeym geri çəkilib. Bu proses kompüterdə də göstərilir. Əgər bu diri deyilsə, niyə geri çəkilir? Ona görə də 3 ya da 4 aylıq dölün abort yolu ilə öldürülməsi necə günah olmaya bilər?!



- Bu məsələdə həkimlər də günahkar sayılırmı?

- Əlbəttə. Milli Məclisdə deyirlər ki, filan qanun qəbul olsun. Məsələn, hamiləliyin 12-ci həftəsinə qədər abort etmək olar, ancaq 12 həftədən sonra bunu həyata keçirmək olmaz. Bu doğru yanaşma deyil. Bunun cəzası daha çoxdur. Tanrı belə insanları bağışlamaz.


- Cavanşir müəllim, qardaşınız Şeyxülislam Allahşükür Paşazadə yaşca sizdən böyükdür. Onun adı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Deyirlər ki, guya, 5 qızdan sonra doğulduğu üçün Allahşükür adı verilib. Bu doğrudur?

- Doğrudur. Onun adını ağsaqqallar və cəmiyyət bir araya gəlib qoyub. Bizdə adət var. Uşağa müəyyən günə qədər ad qoymazlar. Öncədən ad da fikirləşməzdilər. Təbii, uşaq dünyaya gələndən sonra şadyanalıq olur. Qardaşım doğulanda qonşular yığışıb atamıza deyib ki, "Allah səni sevindirdi. Bu uşağın adını Allahşükür qoyaq”.


- Bayaq övladlara qoyulan fərqin doğru olmadığını dediniz. Allah bütün ölənlərə rəhmət eləsin. Ancaq sizin də ailədə 5 qızdan sonra dünyaya gələn oğlana Allahşükür adı qoyulub. Bu fərq deyilmi?

- İnsan fərqi başqa, daxili sevinc fərqi başqa.. Təbii, ailədə oğlana tapşırdığımız işi qıza tapşırmırıq. Ailədə oğlanı da, qızı da eyni dərəcədə sevirik. Bir ata oğluna zəng edib deyir ki, axşam saat 12-də gəl məni qarşıla. Bunu qıza demirik. Sevinc, inam, dayaq başqa şeydir...


- Bizə maraqlıdır, yaxın qohumlar Şeyxdən məsləhət alırlarmı?

- Bizim ailənin adətləri var. Anamızın, atamızın dünyadan köçən günləri olur. Ailə bir yerə toplaşır. Bundan başqa, Qurban bayramında, Ramazan bayramında ailə bir yerə yığılır. Təbii, Şeyx hər kəsin qeydinə qalır.



- Cavanşir müəllim, həyat yolunuz xeyli zəngindir. Bəs deputat olmaq istəyiniz necə yarandı?

- 1993-cü ilin sonunda Yeni Azərbaycan Partiyasının üzvü olsam da, bu, 1995-ci ildə rəsmiləşib. Lənkəranda YAP-ın sədri olmuşam. O vaxt Lənkəranda Çay fabrikinin direktoru idim. Həmin vaxtlarda deputat olmaqla bağlı hər hansı fikrim olmayıb. Sonra partiya mənim namizədliyimi həmin bölgədən vermək istədiyini bildirəndə normal qarşıladım. Bu cür diqqətə etiraz edə bilməzdim.


- Həmin vaxtlarda sizinlə deputatlıq uğrunda mübarizə aparan namizədləri xatırlayırsız?

- 2005-ci ildə bir çox məsələlər baş verdi. Cənab prezidentə və onun siyasətinə əks olanlar seçkilərin nəticələrini boykot etmək istəyirdilər. Həmin vaxt namizədlik dövrü 4-5 ay çəkdi. O vaxtda bəzi şər qüvvələr müəyyən söhbətlər yaratmağa çalışdılar. İkinci dəfə namizədliyim irəli sürüləndə əks mövqedə olanların sayı o qədər də çox olmadı. Üçüncü seçkilərdə isə hər şey yaxşı oldu. Ona görə ki, cənab prezidentin güclü siyasəti nəticəsində ölkənin hər bir bölgəsi inkişaf etmişdi. Digər regionlarda olduğu kimi, cənub bölgəsində də tikinti, quruculuq, abadlıq işləri həyata keçirilmişdi. Bu işlərin başında cənab prezidentimizin güclü siyasəti dururdu. Biz 1990-cı illərdə baş verənlərin şahidiyik. Bu gün Azərbaycanın istənilən bölgəsinə səfər edən hər kəs bu inkişafı görür. Hətta, bölgələrimizə əcnəbi turistlərin də axını diqqət çəkir. Cənab prezidentin apardığı bu işləri ancaq alqışlamaq olar. Bu gün o inkişafın nəticəsidir ki, artıq insanlar deputata qaz, işıq, su kimi problemlərlə müraciət etmir.


- Bu illər ərzində seçicilərin müraciətləri də dəyişib. Çünki 15 il bundan əvvəlki qaz, işıq problemləri həll olunub deyə, seçici bu məsələləri gündəmə gətirə bilməz. Bu gün əsasən hansı məsələlərlə bağlı sizə müraciət edirlər?

- Cənub bölgəsi həm tərəvəzçiliklə, həm də sitrus meyvələri ilə bağlı məşğul olur. İnsanların işi budur. Pay torpaqları var, onları əkib-becərirlər. Əsas məsələ becərilən məhsulların bazara çıxarılması ilə bağlıdır. Bəzən məhsulları satışa çıxararkən qiymətlər çəkilən zəhməti ödəmir. Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olduğum üçün bir neçə dəfə bu məsələni gündəmə gətirmişik. Bu sahə ilə bağlı işlər gedir.


- Konkret olaraq hansı işlər görülür?

- Məsələn, bu günlərdə Səudiyyə Ərəbistanında olduq. Həm kralla, həm də kənd təsərrüfatı sahəsinə nəzarət edən şəxslərlə görüşdük. Kənd məhsullarının hansı şəraitdə və necə əkilib-becərilməsini, kənd insanları üçün məhsulların becərilməsinə əlverişli şəraitin yaradılmasını müzakirə etdik. Belə qərara gəldik ki, bizim rayona gəlib kənd təsərrüfatı işləri ilə yaxından tanış olandan sonra məhsulun dünya bazarına çıxarılmasını müzakirə etmək olar. Eyni zamanda, Cənub bölgəsi turism üçün də əlverişlidir. Lənkəran bölgəsinə turist axını var.


- Zaman-zaman icra başçıları ilə həmin rayonun deputatı arasında problemlər olub. Bu illər ərzində xeyli başçılarla işləmisiz. Bilmək istəyirik ki, hansısa icra başçısı ilə seçici problemlərinin həllinə görə aranızda anlaşılmazlıq olubmu?

- Yaxşı sualdır. Bilmirəm lənkəranlıların, yoxsa, mənim bəxtim gətirib, icra başçıları mənə qarşı həm məsuliyyətli olublar, həm də hörmətlə yanaşıblar.



- Bəlkə Şeyxin qardaşı olduğunuza görədir?

- Bunun Şeyxlə əlaqəsi yoxdur. Bunu Hadı Rəcəblidən də, Ziyafət Əsgərovdan da, Rüfət Quliyevdən də soruşa bilərsiz. 15 il ərzində heç bir icra başçısı ilə bizim aramızda fikir ayrılığı olmayıb.


- Bəs hazırkı başçı ilə münasibətləriniz necədir?

- Çox yaxşıdır. Nə zaman zəng etsəm, dərhal məsələyə reaksiya verir.


- Bu vaxta kimi seçicilərlə görüşərkən icra başçısı barədə hər hansı narazılıq səslənibmi? Belə məsələlər hər yerdə var. Sizdə necədir?

- Təbii ki, olub. Elə sakinlər var ki, daha çox torpaq payına sahib olmaq istəyir. Ona görə də narazılıq edir.


- Cavanşir müəllim, deputat olana kimi bir çox sahələrə rəhbərlik etmisiz. Belə deyək, biznes də qurmuşdunuz. Bəs deputat seçiləndən sonra həmin biznesi kimə verdiniz?

- Mənim Lənkəranda biznesim olmayıb. O dövrdə də biznesim ola bilməzdi.


- Bəs axı ölkəyə gətirilən xurma, banan kimi məhsulları sizin biznes sahənizə aid edirlər...

- Razıyam. İki il bundan qabaq olardı. Tanışlarla rayonların birinə çıxmışdıq. Şamaxı tərəfdən keçəndə yolda yarımtikililəri görüb "Cavanşir müəllim, bunları tikib qurtarmadız?”,-deyə soruşdu. Cavab verdim ki, "əgər bu tikililər mənimdirsə, yuxarıda Allah, burda mənim kişiliyim... Sənə verdim, halal xoşun olsun. Mənim nəyim var burda?!”. İnsanları qınamıram. Bu belə də olmalıdır.



- Bəs bu cür parıltılı informasiyaları kim yazdırır?

- Tək mənim haqqımda belə informasiyalar yazmırlar ki! Şeyx haqqında da yazırlar. Bu cür yazıların yazılmasında məqsəd dövlətin zəifləməsinə hesablanmış məsələlərdir. Əgər sən ağzında Şeyx deyirsənsə, onun adını kartof, banan kimi məhsullara bağlayırsansa, ayıb olsun sənə... Şeyxin mülki, var-dövləti olar.


- Yeri gəlmişkən, Şeyxin Çexiyada - Karlovi-Varıdakı mülklərinin də siyahısını yazırlar...

- Yazırlar da...


- O zaman Şeyxin də biznesi yoxdur?

- Əlbəttə yoxdur.


- Cavanşir müəllim, dostluğa münasibətiniz necədir? Sizcə, dost necə olmalıdır?

- Əgər dost dediklərin dostluq etməyi bacarırsa, bu, çox yaxşı haldır. Harada, hansı vəzifədə olmağımdan asılı olmayaraq insanlarla dost olmağı bacarmışam. Hətta müxtəlif vəzifələrdə işləyəndə də sadə insanlarla bir arada olmuşam. Mənim orta məktəb dostum olmayıb. 1953-cü ildə oğlan uşaqları çox olsa da, mən 1952-ci il təvəllüdlülərlə bir il tez məktəbə getmişəm. 4 nəfər oğlan idik. Biri Rusiyanın Murmansk şəhərində oxuyub orda qaldı, biri Vladivostoka köçdü. O biri isə traktor sürücüsüdür, arada görürəm. Oturub söhbət edirik.


- Bəs universitet yoldaşlarınızla dostluq edirsizmi?

- Ali təhsilimi Özbəkistanda almışam. Orada bir çox yoldaşlar olsa da, əsas dostum türkmən olub. O da uzun müddət Aşqabadda çalışıb. Hətta fabrik direktoru olduğum dönəmlərdə yaxşı əlaqələrimiz vardı. Sonrakı dövrdə o təqaüdə çıxdı. İndi də dostluğumuz davam edir. Bir şeyi də deyim: dostlarım arasında həmyaşıdlarım çox azdır. Onlar 10-15 il məndən böyükdürlər.


- Şeyxin dostları ilə münasibətiniz necədir?

- Demək olar ki dostlarımız eynidir.


- Deputatlar arasında da dostlarınız var?

- Dost deyəndə ki, əsasən ünsiyyətdə olduğum insanlar var.


- Bu yaxınlarda Azərbaycanın Baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun bir fikrini paylaşmışdılar. Deyir ki, "vəzifədə olanda Şeyxlə dost idim. Vəzifədən gedəndən sonra bəzi məsələlər oldu. Oğlum Aydın Abbasov Şeyxin yanına gedəndə ona deyib ki, "Aydınçik, bir də mənim yanıma gəlmə”.
Bu məsələnin əsas məğzi necədir? Belə hadisə olubmu?

- Mətbuatda bu məsələnin hansı formada yazılmasını, Abbas Abbasovun o fikirləri dediyini bilmirəm. Ancaq Şeyxlə dost olmasına gəlincə, Abbas Abbasovun dövlətçiliyə vurduğu ziyanı, onun düz yolda olmadığını Şeyx telefonda ona deyib. Şeyxin etirazından sonra Abbas Abbasov yenə də Rusiyada iclaslar keçirdi. Təbii ki, Şeyx də dövlətçilik naminə bu məsələdə geri çəkildi. Qaldı ki, Aydının Şeyxin yanına gəlməsinə. Əvvəla, Aydın Şeyxin yaşıdı deyil ki, gəlib onun yanında otursun və Şeyx də desin ki "yanıma gəlmə”. Bu doğru deyil.


- Cavanşir müəllim, Şeyxin Dağıstan rəhbəri ilə dost olduğu bildirilir. Sizi ora nə bağlayır?

- Əvvəla, Allahşükür Paşazadə bütün Qafqazın şeyxidir. Məsələn, Şeyx Çeçenistanın qəhrəmanı olmaqla yanaşı, onun adına küçə də var. Çeçenistana münasibət ona görə bir qədər yaxınlığı ilə seçilir ki, Ramzan Kadırovun atası ilə bir yerdə oxuyublar. Hələ atasının sağlığında Ramzan bizim evə gəlib-gedib. Bu gediş-gəliş ünsiyyəti daha da yaxınlaşdırıb. Bu yaxınlarda Azərbaycandan nümayəndə heyəti Çeçenistana getmişdi. Onları qarşılayan Ramzan Kadırov dövlət başçısı ola-ola öz yerində oturmadı. Dedi ki, "özümü çox narahat hiss edirəm. Şeyxülislam orda oturub, mən də burda. Xahiş edirəm, yerimizi dəyişək”. O, Şeyxi özünün kürsüsündə yerində oturtdu, özü isə onun yerində oturdu. Ona görə də illər əvvəl o ünsiyyətin şahidi olmuşam. Şeyx dövlətçiliyimizin möhkəmləndirilməsi üçün çox çalışır, insanlara hörmətlə yanaşır. Bu məsələlər sıradan iş deyil. İnsanları özündən çəkindirsən düşməndir, yaxın gətirsən dostdur.


- Şeyxin dövlətçiliyə etdiyi xidmətlərdən söz açdınız. Vaxtilə ölkə daxilində separatçılıq toxumları səpən Ələkrəm Hümbətov hələ də tam olaraq zərərsizləşdirilməyib. Xaricdə oturub Azərbaycan əleyhinə fikirlər səsləndirir. Bəziləri deyir ki. cənub bölgəsində onun tərəfdarları var.

- Cənub bölgəsində onun tərəfdarları heç vaxt olmayıb. O dövrü və fikirləri nəzərə alın. 1992-93-cü illərdə bu məsələləri bilmək çox çətin idi. İnsanların özü o zaman çaş-baş qalmışdılar. Məsələn, Surət Hüseynov Gəncədə qəhrəman kimi görünürdü. Lənkərana gələndə isə əlini Hümbətovun çiyninə qoyurdu. İndi mən sadə vətəndaş nə fikirləşim?! Özünü qəhrəman adlandıranın bir əli o birisinin çiynində ola-ola nə fikirləşə bilərdim?! Ələkrəm Hümbətov iclas keçirirdi və iclasın ortasında çölə çıxırdı. Guya Heydər Əliyev bunu telefona çağırır. Bu da gəlib deyir ki, "Əliyev bizim müstəqilliyimizi dəstəkləyir və sizə salam göndərir”. Halbuki, həmin vaxt Ələkrəm Hümbətovu ulu öndər Heydər Əliyev Azərbaycandan qovdu. O cür insanın Azərbaycanda yaşamağa haqqı yoxdur.
Bunun yalanına baxın da! Bu gün də onun talış xalqının adından söz deməyə ixtiyarı yoxdur. Ələkrəm Hümbətov heç talış da deyil. O, əsli-nəsli bilinməyən bir adamdır. Hardan gəldiyi də bəlli deyil. Bu cür insanlar əqidəsini itirən insanlardır. Rusiyada oturub dövlətçiliyimizə qarşı danışırlar. Bu cür qərəzli insanlar Azərbaycanın inkişafını həzm edə bilmir. Sadəcə, ölkənin inkişafını ləkələməyə çalışırlar. Ancaq bu cür işlərlə nəyəsə nail ola bilməyəcəklər.


- Şeyxülislam Allahşükür Paşazadənin dostları sırasında "Real” televiziyasının rəhbəri Mirşahin Ağayevin də adı keçir. Hətta belə söhbətlər gəzirdi ki, Şeyx Mirşahini o dərəcədə çox istəyir ki, yenidən televiziya açılmasında ona yardımçı olub. Bu doğrudurmu?

- "Real” televiziyasının açılmasında Şeyxin heç bir rolu olmayıb. Bilirsiz ki, dövlət nəyi yaradıb-yaratmayacağı ilə bağlı özü qərar verir. Mirşahinə gəlincə, onu təqdim etməyə ehtiyac yoxdur. Çalışqan, savadlı və tanınan adamdır. Jurnalistika çox çətin sahədir. Jurnalistin də gərək aurası ola. Elə jurnalistlər var ki, onlarla iki kəlmə danışmaq olmur. Elələri də var ki, onunla saatlarla danışırsan, ancaq çətinlik çəkmirsən. Mirşahin də elə insandır ki, onunla ünsiyyət qurmaq çox rahatdır.


- Jurnalistlərdən danışdınız. Jurnalistlərdən razı, narazı tərəflər sizin üçün nədən ibarətdir?

- Bəzi məsələləri çıxmaq şərtilə razıyam. 10 il əvvələ baxanda bugünkü jurnalistikamız çox yaxşıdır. Sizə bir söz deyim: bir dəfə Türkiyədə idik. Müxalifətdən söz düşəndə dedim ki, "Allah bizim müxalifətim atasına rəhmət eləsin! Bizim müxalifət sizin müxalifətdən min dəfə yaxşıdır”. Bu fikirlərimi Türkiyə mediası işıqlandırmışdı. Türkiyə mediası da bizim mediaya baxanda çox radikaldır.


- Bizim müxalifətlə münasibətləriniz necədir? Cənub bölgəsində təkcə siyasi yox, həm də dini müxalifətin olduğu deyilir. Bu məsələlərə necə baxırsız?

- Dini müxalifət radikallıqla bağlı ola bilər. Deyim ki, Cənub bölgəsində dini müxalifət yoxdur. Sadəcə, İranla sərhəd bölgə olduğu üçün bu cür fikirləşirlər. Ancaq dinlə bağlı problemlər yoxdur.


- Qarşıdan növbəti parlament seçkiləri gəlir. Yenidən deputat seçilmək fikriniz varmı?

- Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülərsə və xalq mənə səs verərsə, deputat olmaq istəyərəm.