adalet.az header logo
  • Bakı 6°C
21 Oktyabr 2019 13:01
20705
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: BÖYÜK ÜMİDLƏRİN İŞIĞINDA

Dünyaya göz açan hər bir insan özü böyük bir ümid yaradır. Çünki o, dünyaya gəlirsə, yaşayırsa, bağçaya getməlidir, məktəbli olmalıdır və sonra da özünə bir həyat yolu seçməlidir. Təbii ki, insanın təhsil almasında, vətəndaş kimi yetişməsində və kamil insan kimi formalaşmasında məktəbin, təhsilin rolu əvəzsizdir. Ən azından ona görə ki, kimliyindən asılı olmayaraq, o, parta arxasında əyləşməli, müəllimdən dərs almalı və elmin sirlərini öyrənməlidir. Əlbəttə, o məktəbdə ki, savadlı, təcrübəli pedaqoqlar var, istər-istəməz həmin yerdə tədrisin və təlimin keyfiyyəti də yetərincə olur. Aydındır ki, bunu da təşkil etmək, sistemli bir formada hazırlamaq elə də asan iş deyildir. Başqa sözlə demiş olsaq, həm məktəb direktoru, həm də pedaqoji kollektiv öz yerində olmalıdır.

Bu mənada Füzuli rayonunda da kifayət qədər nümunəvi və qabaqcıl təhsil ocaqları da vardır. Onlardan biri də Horadiz şəhərindəki 2 nömrəli tam orta məktəbdir.

Öncədən onu qeyd edək ki, 2 nömrəli tam orta məktəbin direktoru Ləman Əliyeva çox savadlı, təcrübəli və öz işini bilən bir ziyalıdır. O, uzun illərdir ki, bu kollektivə rəhbərlik edir. Ləman xanım həm də gözəl təşkilatçı və ideyalar müəllifi kimi də tanınır. Çünki o, bir vaxtlar Bilik Fondunun xətti ilə keçirilmiş bir çox möhtəşəm layihələrə və tədbirlərə imza atıb. L.Əliyeva həmişə yeniliyə, müasir texnologiyaya və eləcə də təhsildə islahatlara böyük maraq göstərib.

Daha doğrusu, təhsildəki yenilikləri və mütərəqqi metodları bu kollektivə gətirməyi bacarıb. Onu da qeyd etmək istəyirik ki, o yerdəki müəllimlər və pedaqoqlar öz işinə məsuliyyətlə yanaşır, üzərlərində çalışır və axtarışlar aparır. Bax, orda həmişə uğurlar da əldə etmək mümkündür. Təsadüfi deyil ki, 2018-2019-cu tədris ilində məktəbi bitirmiş 15 məzunun 7-si ali təhsil ocağına, 1-i isə kollecə daxil olub. 3 məzun isə qəbul imtahanı zamanı yüksək bal toplayıb. Onlardan biri Natiq Salman oğlu Məmmədov 584 balla BDU-nun kompüter elmləri, Əli Azər oğlu Salanzadə 594 balla Xəzər Universitetinin neft-qaz mühəndisliyi, Ceyhunə Ceyhun qızı Əliyeva isə 575 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültələrinə daxil olublar. Məktəbin məzunu Əli Salanzadə ilə bağlı bir neçə maraqlı faktı da oxucuların diqqətinə çatdırmaq istəyirik. Çünki Əli Salanzadə respublika üzrə keçirilən kimya fənni üzrə Olimpiadada qızıl medal qazanıb. Eyni zamanda o, Beynəlxalq Kimya Olimpiadasında da vəsiqə əldə edib. Belə ki, Əli Salanzadə Türkiyədə, Fransada keçirilən məktəblilərin Beynəlxalq Kimya Olimpiadasının iştirakçısı olub.

Bütün bu göstəricilər onu təsdiq edir ki, həqiqətən də Horadiz şəhərindəki 2 nömrəli tam orta məktəbdə tədris və təlim çox yüksək səviyyədə təşkil edilib. Şagirdlərə dərs deyən müəllimlər mütəmadi olaraq təhsildəki yenilikləri və müasir texnologiyaları çox bacarıqla dərs zamanı tətbiq edirlər.

Bu gün məktəbdə 270 şagird təhsil alır. Özü də onu qeyd edək ki, bu şagirdlər cəbhə bölgəsində yaşayır və elə orda da oxuyurlar. Cəbhə bölgəsinin ab-havası və durumu onları əsl vətəndaş kimi yetişməyə və mübarizə aparmağa yönəldir. Bu gün məktəbdə o şagirdlərin təlim-tərbiyəsi ilə 29 müəllim və 14 texniki işçi məşğul olurlar. Məktəbin pedaqoji kollektivinin üzvlərindən direktor müavini Arzu Məmmədova, müəllimlərdən, Vəfa Xuduyeva, Azər Kərimli, Hikmət Xuduyev, Vüqar Həsənov sözün həqiqi mənasında şagirdlərin elmi biliklərə yiyələnməsi və vətənpərvər gənc kimi yetişməsində əllərindən gələni əsirgəmirlər. Onlar müəllim adını, müəllim şərəfini həmişə uca tutublar və bundan sonra da uca tutacaqlarını bildirilər.

Davamlı olaraq məktəbdə ədəbi-bədii gecələr, tanınmış şair və yazıçıların yaradıcılığı ilə bağlı kompazisiyalar təşkil edilir. Məsələn, böyük Azərbaycan şairləri Nizami Gəncəvinin, İmaməddin Nəsiminin, böyük dramaturq Mirzə Fətəli Axundovun əsərləri səhnələşdirilib. Bu ədəbi kompazisiyalar bu dahi insanları şagirdlərə daha dərindən sevdirib. Çünki Nizamini, Nəsimini, Axundovu daha dərindən oxuyan və tanıyan şagird əsl vətəndaş kimi yetişir, xalqını, millətini böyük məhəbbətlə sevir.

Məktəbin direktoru Ləman xanım Əliyeva gənc olmasına baxmayaraq, çox təcrübəli və səriştəli bir pedaqoqdur. O həm müəllimlərin, həm də şagirdlərin hər birinin dilini tapmağı bacaran bir ziyalıdır. Özü də söhbət zamanı deyir ki, bu gün məktəb direktoru işləmək də çətindir, müəllim olaraq dərs demək də. Çünki bizim oxuduğumuz və təhsil aldığımız dövrlə indiki zaman arasında böyük fərq var. Bax, biz də çalışırıq ki, bu zamanını içində bütün təcrübəmizi, elm və savadımızı şagirdlərə çatdıra bilək. Bunu üçün isə hər bir şagirdin dilini tapmaq, psixologiyasını öyrənmək lazımdır. Mən deyərdim ki, müəllimlərimiz bu yolu tapmağı bacarıblar. Çünki davamlı olaraq valideyn-şagird-müəllim münasibətləri diqqət mərkəzində saxlanılır.

Təbii ki, bugünki təhsil sistemi yenilikləri çox sevir. Çünki indiki şagird zəngin informasiya texnologiyasının əhatəsindədi. Bu mənada şagirdlərdə kitaba, elmə həvəs yaratmaq üçün ən müasir metodlardan istifadə edirik. Elə bu yaxınlarda müəllim və şagirdlərin iştirakı ilə məktəbimizdə çox möhtəşəm bir tədbir - "Oxu günü" keçirilib. Mənim fikrimcə, insan hər gün yemək yediyi, su içdiyi və hava udduğu kimi, həm də mütaliə eləməli, oxumalı və öyrənməlidir. Çünki oxumadan, öyrənmədən müəllim sinifdəki şagirdləri ələ ala bilməz və bildiklərini də onlara çatdırmaqda çətinlik çəkər.

Bir faktı da qeyd edək ki, sərhədçilərin keçirdiyi məktəblilərarası yarışda bu kollektiv birinci yerə layiq görülüb. Ümumiyyətlə, məktəb tez-tez sərhədçilərlə görüşdə olur, bayram günlərində onları ziyarət edir və yeni bir tarix yazırlar. Azərbaycan əsgərinin yanında olmaq, onların yaşadığı anları görmək elə özü də bir xoşbəxtlikdir. Bu mənada Füzuli rayonundakı Horadiz şəhəri 2 nömrəli tam orta məktəbin öz ənənləri var. Bu ənənlər tədrisin və təlimin yüksək keyfiyyəti və şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsidir.

İnanırıq ki, pedaqoji kollektiv bundan sonra da təhsildə və tədrisdə böyük uğurlara imza atacaq, öz şagirdləri, məzunları ilə gələcəyə doğru inamla addımlayacaqlar.