adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
19 Oktyabr 2019 11:00
10432
GÜNDƏM
A- A+

Bələdiyyə seçkilərinin vaxtı dəyişdi

Namizədlərin irəli sürülməsinə bu gündən start verilir

Oktyabrın 18-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. MSK Katibliyindən "Yeni Müsavat”a verilən məlumata görə, iclasda bələdiyyə seçkilərinə hazırlıq müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. İclasa sədrlik edən MSK sədri Məzahir Pənahov qeyd edib ki, ötən bələdiyyə seçkiləri dekabrın 23-də baş tutub və bu ilin dekabr ayının 23-də bələdiyyə üzvlərinin səlahiyyətləri başa çatır. M. Pənahov bu il bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini məqsədəuyğun hesab etdiyini vurğulayaraq təklifi səsə qoyub. Təklif MSK üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Qeyd edək ki, bir müddət öncə verilən ilkin qərarda bələdiyyə seçkilərinin 27 dekabrda keçiriləcəyi bildirilirdi.

Mərkəzi Seçki Komissiyası həmçinin Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq MSK nəzdində işçi qrupu yaradıb. Bu barədə isə keçirilən iclasda MSK katibi Arifə Muxtarova məlumat verib.

İclasda ilk olaraq vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılması məsələsinə baxılıb. Məsələ müzakirə edildikdən sonra səsə qoyularaq təsdiq edilib.

Daha sonra isə imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi məsələsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

İclasda həmçinin, "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiq edilib.

Təqvim planı və Seçki Məcəlləsinin tələbinə görə, oktyabrın 19-dan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq.

İclasda MSK sədri Məzahir Pənahov məlumat verib ki, Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin reallaşması ilə bağlı heç bir maneə yoxdur. O bildirib ki, Azərbaycanın seçkilərin keçirilməsi sahəsində kifayət qədər geniş təcrübəsi var. Bu il keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq bütün müvafiq tədbirlər, o cümlədən maarifləndirmə işləri lazımi qaydada həyata keçiriləcək.