adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 Oktyabr 2019 14:56
13190
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: MTK SƏDRİ AĞACLARI “ƏSİR” GÖTÜRDÜB

Bu gün dünyanın ən böyük problemlərindən biri ekoloji fəlakətin qarşısını almaqdı. Bunun da həlli yolları var: ilk növbədə meşələrin, təbiətin və ağacların qorunması çox önəmli bir məsələdir. Ən azından ona görə ki, meşələri və ağacları təbiətin "ağ ciyəri” adlandırırlar. Amma biz neyləyirik?! Biz isə nəinki təbiəti, meşələri, hətta Bakı şəhərindəki ağacları kəsib məhv etməkdən belə çəkinmirik. Heç kimə sirr deyil ki, Bakıda yüksək mərtəbəli mənzil tikən MTK-lar, eləcə də biznes və kommersiya ilə məşğul olanlar bu ağaclara qənim kəsiliblər.

Bir də görürsən ki, bir gecənin içində yüzlərlə ağac dəmir listlərlə hasarlandı və o ağaclar qısa zaman kəsiyində ya qırılıb məhv edilir, ya da onun dibinə müxtəlif kimyəvi maddələr tökürlər ki, qurusun. Yəqin ki, bunu çoxlarınız görmüsünüz. Sanki bayaq dediyimiz kimi, bir çox iş adamları ağaclara qənim kəsiliblər.

Hansı ki, Ulu Öndər Heydər Əliyev deyirdi ki, ağacı kəsən mənim balamın qolunu kəsir. Böyük Öndərin bu fikri doğrudan da zaman keçdikcə öz dəyərini itirmir. Çox təəssüf ki, bu gün də Bakı şəhərində ağaclara qarşı MTK-larda bir allergiya var. Sanki ağaclar onların düşmənləridi.


Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ağacəkmə kampaniyaları keçirilib. Və bu kampaniyaya bütün dövlət qurumları və qeyri-hökumət təşkilatları da qoşulublar. Son illər Bakı şəhərində bu təşəbbüsün hesabına on minlərlə ağac əkilib. Əlbəttə, Mehriban xanımın bu nəcib və gözəl addımı hər zaman xalq tərəfindən dəstəklənib. Hətta insanlar özləri yaşadıqları məhəllədə könüllü olaraq ağac əkib, yaşıllaşdırma işləri aparıblar. Başqa cür də ola bilməz. Çünki böyük Zəlimxan Yaqub deyirdi ki: "Bu yaşıl ağacın üstü Allahın, bu yaşıl ağacın altı bizimdi”.


Çox təəssüf ki, heç də hamı bu məsələyə və ağacların qorunmasına birmənalı yanaşmır. Bu günlərdə Suraxanı rayon, Yeni Günəşli yaşayış sahəsi, massiv "D”, 13-cü binasının sakinlərindən redaksiyamıza bir müraciət daxil olub. Sözün düzü, həmin müraciəti oxuyanda çox təəccübləndik. 20 sakinin imza atdığı müraciətdə bildirilir ki, onların 30 il əvvəl dişi, dırnağıyla düzəltdikləri və əkdikləri ağaclar Vahid Abdullayevin sədrlik etdiyi MTK tərəfindən hasara alınıb.

Təbii ki, bu müraciəti sakinlər ölkə prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də digər nazirliklərə və hüquq-mühafizə orqanlarına ünvanlayıblar. Müraciətdə qeyd olunur ki, onlar 30 il əvvəl həmin yerdə qayaları, daşları təmizləyərək orda 80-ə yaxın ağac əkiblər. Üstəlik də ağacın böyüməsi və inkişafı üçün 50-60 maşın torpaq, peyin gətiriblər. Yayın istisində o ağaclara qulluq edilib, su verilib. Və bu suya görə də nə qədər su idarəsinə pul ödənilib. Sentyabrın 30-da Suraxanı rayon bələdiyyəsinin nümayəndəsi İxtiyar Ağaqulu oğlu Nəcəfov bina sakinlərinə bildirib ki, onların çəkdikləri hasar sökülüb burda dövlət tərəfindən ağaclara toxunmadan park salınacaq.

Oktyabrın 1-də isə camaat tam başqa bir mənzərənin şahidi olub. Onlar görüblər ki, MTK həmin yerə dəmir listlərdən hündür hasar çəkib və tikinti işlərinə başlanılıb. Ağacları kəsmək istəsələr də, sakinlər bir müddət buna imkan verməyiblər. İndi adını qeyd etdiyimiz tikinti şirkəti həmin yerdə traktor, ekskovator işlədir. Üstəlik də ərazidə tikinti işlərini aparmaq üçün "butkalar” qoyulub. Traktor və ekskovatorlar binanın özülünün qazıntısı ilə məşğuldur.



Camaat deyir ki, Suraxanı bələdiyyəsinin nümayəndəsinin səmimiyyətinə inandıq. Amma sonra isə gördük ki, burda park yox, 3 il bundan əvvəl yarımçıq qalmış binanın özülünün tikintisinə başlanılıb.

Həmin bağın sahiblərindən biri olan Xosrov Məcid oğlu Quliyev bildirir ki, biz bu barədə adiyyəti qurumlara məlumat vermişik. Bir Allah bilir ki, həmin ağacların əkilməsi, böyüdülməsi və inkişaf etdirilməsi üçün biz hansı əziyyətlərlə üzləşmişik. 30 il bundan əvvəl daşlı, qayalı, kəsəkli və tullantılarla dolu bu yeri yayın istisində tər tökə-tökə nə zülmlə təmizləmişik, ora beton tökmüşük, hasar çəkmişik. 50 maşın rayondan torpaq gətirtmişik. Yayın istisində hər gün iki dəfə o ağaclara su vermişik. Ailəmizə, balalarımıza necə baxmışıqsa, ağaclara da elə qulluq göstəmişik. İndi bunlar da birdən peyda olub, "bura mənimdi” deyir, ağacları hasara alıblar. Oktyabrın 1-dən ora gedə də bilmirik.

Bağ salmış digər bir şəxs Teyyub Taqət oğlu Mirzəyev öz narazılığını və narahatlığını bildirir. Deyir ki, mən hələ də elə bilirəm ki, bunlar yuxudur. Çünki hər gün bu ağaclara baş çəkir, onların nazı ilə oynayır, su verirdim. Özü də elə-belə ağaclar deyil, çox qiymətli ağaclardı. Amma bu qətiyyən MTK sədri Vahid Abdullayevi düşündürmür. 3 il bundan qabaq o bizimlə görüşmüşdü. Demişdi ki, heç bir ağaca dəyilməyəcək. Ancaq bu gün biz onun əksini görürük. Biz uşaq deyilik ha, çörəyi də qulağımıza yemirik! Yaxşı bilirik ki, Vahid müəllim nə işlər görür. Amma yazılmış və yazılmamış qanunlar hər şeydən üstündür. Və biz inanırıq ki, MTK sədrinin bu özbaşınalığının qarşısı adiyyəti dövlət qurumları tərəfindən tezliklə alınacaqdır.

Binanın sakinlərindən Səməndər Məmmədov, Vüsalə Mirzəyeva, Mehdi Əliyev, Nəzakət Əliyeva, Samir Abbasov, Vüqar Babayev, Firdovsi Cavadov, Aida Cavadova, Rəşad İsmayılov və başqaları bildirirlər ki, əgər bizim binanın arxasında Vahid Abdullayev yüksək mərtəbəli bina tiksə, onda bizim yaşadığızım mənzillər gün işığına həsrət qalacaq. Çünki binanın qarşısında yüksək mərtəbəli evlər tikilib. İndi də arxa tərəfdə yüksək mərtəbəli bina olacaqsa, bizim binaya gün düşməyəcək.



MTK hasar çəkməmişdən öncə biz həmin yerdəki ağacların şəkillərini telefonun yaddaşına köçürmüşük və o şəkilləri də veririk ki, qoy əlaqədar qurumlar bilsin ki, burda belə ağaclar var. Çox təəssüf ki, bu məsələlər həmişə öz həllini gec tapır.

Ölkə prezidenti cənab İlham Əliyev çıxışlarında deyib ki, hər bir qanun pozuntusu ilə bağlı vətəndaşlar adiyyəti dövlət qurumlarına məlumat verməlidilər. Çünki biz cəmiyyətin və insanların üzləşdikləri haqsızlıqları və qanunsuzluqları onların vasitəsilə bilirik. Göründüyü kimi, Suraxanı rayonu, Yeni Günəşli, "D” massivi, 13 nömrəli binada yaşayan sakinlər də həmin məsələləri adiyyəti dövlət qurumlarının diqqətinə çatdırır. Onlar inanırlar ki, mövcud problem hüquqi müstəvidə öz həllini ədalətli yolla tapacaqdır.

Ağacların artıq 5-6-sı kəsilib