adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Oktyabr 2019 13:13
27511
GÜNDƏM
A- A+

Gecə ifritləri! - Aydın Xan Əbilov yazır

Son vaxtlar şəhərdə göbələk kimi artan möhtəkir, mütəşəkkil cinayətkar və dələduz dəstələri haqqında!

Dünən iki tədbir, 3 saatlıq canlı TV efirinin ağır çəkilişindən sonra şəhərdə xırda-para işlərimi gördüm, kafedə nahar və şamı birləşdirib yarımkasa mərci horrası və bir pendirli laxmacun yeyib, tələsik ofisə qayıtdım: sosial şəbəkə resurslarımızı yoxladım, 5-7 informasiya saytındakı materialları, Tvviter, İnstaqram, Tiktok, Linkedin profillərimi, iki Feysbuk profilimi və təşkilatın səhifələrini, eləcə də e-kitabxanamızı yoxlayıb supermarketə yollandım!

Bazarlıq edib fərdi maşınımla saat 2 radələrində Yeni Yasamalda, Bizim marketdən sonrakı dördyolun işıqforundan sağa buruldum, qabaqdan döndərib, üzü hələlik qaldığım ev istiqamətində yaşıl işığın yanmasını - yolun açılmasını gözlədim.

Dördyolda təhlükəsizlik kameralarının altında zəif sürətlə hərəkət edən zaman bir nəfərin telefonla danışa-danışa gəldiyini görən kimi yavaşladım və ardıyca yoluma davam edəndə, həmin kəsin maşınıma əllə toxunduğunun fərqinə vardım!

Fikirləşdim ki, yəqin içib dəmlənib və toxunub ki, ona yol verim!

Gecə olsa da, etiraz əlaməti olaraq qısa siqnalla hirsimi bildirdim!

Gəlib binamızın altındakı qaraja daxil olanda, ardımca ağ rəngli 6a Hyunday, ya da Kia markalı ağ rəngli sedanın da gəldiyini, ondan bəstəboylu cavan kişinin çıxaraq ərklə yaxınlaşdığının fərqində oldum!

- Qardaş, bəs sən maşınınla yolun kənarındakı adama sürtdün, niyə saxlayıb bir maraqlanmadın, üzrxahlıq eləmədin!? - deyə məni hərifləmək istədi ki, bəlkə qəribçiliyə salıb pul qopara!
O dəqiqə videomüşahidə kameramı göstərdim və belə firıldaqçıların qara əməli ilə tanış olduğumu dilə gətirdim. Aşağı düşüb maşınlarının dövlət nişanını götürmək istədim, amma o cavan kişi, necə deyərlər, dabanına tüpürüb maşına mindi və aradan çıxdılar!

P.S. Xırdalan, Masazır və başqa yaşayış yerlərində, - əsasən gecə düşəndən sonra, - bahalı maşınlar üçün belə tələ quran quldurlar - əsasən qaranlıqda mütəşəkkil dəstə formasında vətəndaşları qara torlarına salmaq istəyənlərlə hüquq-mühafizə orqanlarının nümayəndələri, görəsən, nə vaxt mübarizə aparmağa başlayacaqlar!?