adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
18 Oktyabr 2019 09:00
10810
GÜNDƏM
A- A+

Aydın Canıyev: Bizi öldürdülər, məğlub edə bilmədilər

BİZ ELƏ BİR ÖLKƏDƏ YAŞAYIRIQ Kİ, vətəndaşı o halda dik gəzə bilər ki, bu yazının köynəyindən keçirtsin özünü, qalan bütün hallarda vətəndaşının yalnız qəbri üstə qoyulan DAŞI dik qoyula bilər - o da ərəbin islam adətinə görə, Türkün Savaş missiyasına görə yox! p.s. bəzən başdaşılarımız da çatlayır - nədəni bu!

ÜSTƏLİK də:
Qardaş qardaşın yanına türməyə gəlir. Qardaş qardaşdan soruşur ki, çöldə vəziyyət necədir. Qardaş qardaşa deyir ki, başını sal aşağı, otur burda, çöldə vəziyət çox pisdir!
Azadlığı türməsindən pis olan ölkənin vətəndaşı biu yazıdan keçməsə, yaşama davamı çətin olar!

YAŞID BAŞDAŞILARI

... Şəhidlər Xiyabanını ürəyim istədi. Düzünü deyim ki, 20 yanvar, 26 fevral anımları niyyətiylə ziyarətə getməmişdim. Sadəcə, başdaşılarında təvəllüdü 1968 olanların – yaşıdlarımın sayını bilmək istədim. Qəbir daşlarını saymazlar, - deyiblər. Saymadım, bəs qədər idi. Ona görə o təvəllüdlərə diqqət ayırırdım ki, baş əyim başdaşılarına. Onlar o döyüşlərdə döyüşməyəcəkləri, döyüşüb ölməyəcəkləri halda yaşaya bilməyəcəklərini dərk edənlər idi. Onlar o döyüşlərdən sağ qayıtmamaq üçün vuruşanlar idi!
Və mən onların ad-familiyalarını öyrənməkdən çox, saylarının çoxluğuna – "qeyrət” sözünü söz kimi yox, yaşam kateqoriyası, atribut və kredo kimi daşıyanların çoxluğuna sevinirdim! Məhz onlar bizdən qabaq dərk etmişdilər ki, qələbədən başqa hər hansı vəziyyətdə onlar başını dik tutub gəzə bilməyəcəklər, onun üçün də başlarının daşını dikəldiblər! Onlar əmin olublar ki, indi çoxları kimi dillərinə gətirə bilməyəcəklər: Ağdamın, Zəngəzurun, Göyçənin, Füzulinin düşməndə qalmağı o deyil ki, bizim qeyrətimiz yoxdu. Onlar bunu həqiqətən də biqeyrətlik hesab etdikləri üçün ölənəcən döyüşüblər.
Bununla da sübut ediblər ki, biz qələbə haqqını itirdik.
Qalır qisas borcu.
Onlar həm də onu sübut etdilər ki, bu həyatda elə yaşamaq lazımdı ki, adamın boynuna qisas borcu düşməsin.
Kişi həmişə qələbə haqqını özündə saxlamalıdı.
Salam, mənim yaşıdlarım!
Salam, başdaşını qeyrət ağacı kimi məzarının üstündə əkib qanlarıyla cücərdən, boy atdıran tay-tuşlarım...
Salam, "bizi öldürdülər, məğlub edə bilmədilər”, - deyərək örnək göstərən mübariz soydaşlarım.
Sizinlə birgə ölməmək yalnız o halda qaxınc olmaz ki, siz şəhid olan torpaqlara sahib biz olaq!