adalet.az header logo
  • Bakı 20°C

SALVADOR ALYENDE, QƏDDAFi VƏ QAçAN PREZiDENTLƏR

AQİL ABBAS
34967 | 2011-03-04 07:00
(Əvvəli ötən nömrəmizdə)
   
   
   
   İndi meydanda Qəddafi qalıb...
   
   Və bütün dünya, dünya deyəndə dünya var ki, dünya ABŞ-dı, bir də Avropa, yəni ABŞ və Avropa quyruğunun üstünə qalxıb ki, Qəddafi hakimiyyətdən getməlidi, ya da Liviyanı bombalayacağıq.
   
   Balam, belə insan haqları gözləyənsiniz bəs Ermənistanı niyə bombalamırsınız? 1 milyon insanı öz yurdlarından qovublar, başqa bir dövlətin 20 faiz torpağını işğal ediblər, 30 minə yaxın vətəndaşını qırıblar. Bir şəhəri əhalisi ilə birlikdə yer üzündən siliblər. Bəs nöşün bombalamırsınız?! Nöşün ki, müsəlman deyillər?
   
   Qəddafini burda saxlayaq, ötən yazımdakı bir məsələyə aydınlıq gətirək.
   
   Qaçan prezidentlər haqqında yazanda qeyd eləmişdim ki, "bizim qaçanlardan xəbəriniz var deyin, yazmaq istəmirəm". Oxucular bunu irad tutur ki, bəs niyə onlardan yazmırsan. Yaz deyirsiniz, yazım da.
   
   Vəzirov xalqını rus tanklarının altında qoydurdu və qaçdı getdi. İndi hardasa yaşayır. Bir türk şarkısında deyildiyi kimi: "O da yaşayır, əgər bunun adına yaşamaq deyirsənsə..." Böylə yaşamaq yaşamaqdımı? Bir millətin lənətini qazanıb yaşamağa yaşamaq demirlər.
   
   Qarabağda Azərbaycan kəndlərini yandıranda, Azərbaycan xalqını soyqırıma məruz qoyanda Mütəllibov Rusiya televiziyalarında və qəzetlərində qalstuku haqqında, şıq geyimləri haqqında müsahibə verirdi. Ermənilər Xocalı soyqırımını törədəndə bilmirəm hardasa nə ilə məşğul idi. Və sonra da qaçdı. Sonra utanmadan bir də gəldi və yenə də qaçdı. Dövlətin və millətin cəzasından qaçdı. Dövlətin və millətin cəzasından qaça bilərsən, amma Allahın ki cəzasından qaça bilməzsən. Müstəntiqlərin soruşdurmasından qaçmaq olar və qaçanlar da çoxdu, amma hələ bu günədək heç kim inkir-minkirin soruşdurmasından qaça bilməyib.
   
   Bəs deyəcəksiz Elçibəy? Elçibəy tamam başqa bir məsələdi. Elçibəy qaçmadı, ölkəni tərk etmədi. Elçibəy ölkədə baş verə biləcək bir vətəndaş müharibəsinin qarşısını almaq üçün, dövləti və dövlətçiliyi xilas etmək üçün hakimiyyəti dünyanın ən böyük şəxsiyyətlərindən biri, dövlət və dövlətçilikdə böyük bir təcrübəyə malik müdrik bir insana devr etdi. O da gəlib ölkəni xaosdan xilas elədi.
   
   Elçibəyin ən qatı tərəfdarları belə bu gün də o peyğəmbər kimi insanı hakimiyyəti Heydər Əliyevə verdiyinə görə yamanlayır, nüfuzuna kölgə salmağa çalışırlar.
   
   Bəs Elçibəy hakimiyyəti kimə təhvil verməli idi?! Bazar uşaqlarına, cinayətkarlara, adi bir rayonu idarə etmək qabiliyyəti olmayanlara, canilərə, quldurlara?!
   
   Əgər Elçibəy hakimiyyəti Heydər Əliyevə təhvil verməsəydi indi Azərbaycanda 18 ildə 18 dəfə dövlət çevrilişi olmuşdu. Necə ki Elçibəydən sonra buna iki dəfə cəhd elədilər.
   
   Və Elçibəy hakimiyyəti təhvil verəndən sonra da çəkildi müxalifətə və yenidən hakimiyyətə qayıtmaq üçün sivil mübarizəyə başladı. Amma prezident seçkilərində bu gün Elçibəyin ətəyindən bərk-bərk yapışıb özünü Elçibəyin müridləri sayanlar özlərini ona alternativ verdilər. Öz liderlərini dəstəkləmədilər. Nə isə, qəbri nurla dolsun.
   
   Bir az əvvəl dedim ki, Elçibəydən sonra Heydər Əliyevi devirmək üçün dövlət çevrilişinə iki dəfə cəhd olundu. Əslində isə Heydər Əliyevi devirmək üçün üç cəhd olmuşdu.
   
   Birincisi, 1992-ci ilin oktyabr ayında. Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olanda və tək qalıb Naxçıvanı erməni işğalından qoruyanda. Naxçıvanda bir qrup silahlı televiziyanı və mühüm dövlət strukturlarını işğal eləmişdilər. Ümummilli Liderin istefasını tələb edirdilər. Amma Heydər Əliyev qaçmadı.
   
   Yadınıza düşürsə, Əlikram Hümbətov kabinetində Ümummilli Lideri hədələyəndə Heydər Əliyev gülüb Əlikrama demişdi: "Sənin tapançan var, amma mənim tapançam yoxdur".
   
   Əslində isə Heydər Əliyev tapançanın nə olduğunu biləndə Əlikram aşırmalı şalvar geyinirdi.
   
   Naxçıvanda da əli tapançalılar Heydər Əliyevin istefasını tələb edəndə Heydər Əliyev yəqin ki, yenə gülmüşdü və qaçmamışdı. Çünki Heydər Əliyev xalqa arxalanırdı, Naxçıvan camaatına arxalanırdı. O Naxçıvan camaatına ki, Onu çiyinlərində gətirmişdilər Ali Məclisə ki, təkcə Naxçıvanı yox, həm də Azərbaycanı xilas eləsin.
   
   1994-cü il dövlət çevrilişi cəhdində də, 1995-ci il dövlət çevrilişi cəhdində də Ümummilli Lider bir addım da geri çəkilmədi. Kimlərinsə topundan-tüfəngindən heç ürpənmədi də. Çünki arxasında xalq vardı. Və hər iki dövlət çevrilişinin qarşısını aldı və birdəfəlik dövlət çevrilişləri ənənəsinə son qoydu. Və birdəfəlik sübut elədi ki, hakimiyyətə gəlməyin yalnız bir yolu var - o da sivil yoldu, demokratik yoldu. Və ölkədə əmin-amanlıq yarandı, sabitlik yarandı, bu da Azərbaycanın qısa bir zaman kəsiyində sürətli inkişafına səbəb oldu.
   
   Ötən yazımda Salvador Alyendeni misal gətirmişdim. Həlak oldu, amma qaçmadı.
   
   Əslində dövlət və dövlətçiliyi qorumaq üçün dünyada ən böyük örnəklərdən biri Ulu Öndərdi.
   
   Qəzetlərin birində Qəddafi ilə Heydər Əliyevin bir-birlərini dost və qardaş adlandırmaqlarını ironiya ilə yazmışdılar. Qəddafi Ulu Öndəri Liviyaya dəvət edibmiş. Həmin yazıdan belə məlum olur ki, Qəddafi Avropa Birliyi kimi 700 milyonluq bir Afrika Birliyi yaratmaq istəyibmiş. Və Heydər Əliyevi böyük bir şəxsiyyət, müdrik bir siyasətçi kimi qəbul elədiyinə görə Onu öz ölkəsinə ona görə dəvət edibmiş ki, məsləhət alsın. Qəddafinin arzusunda nə pis şey varmış və Ulu Öndəri məsləhət almaq üçün öz ölkəsinə dəvət etməkdə nə pis şey varmış?!
   
   Oxucuların iradını nəzərə alıb bizim ölkənin də qaçan və qaçmayan dövlət başçıları haqqında qısaca da olsa yazdım.
   
   Qayıdaq Qəddafiyə.
   
   Liviyada baş verənlər xalq üsyanıdımı? Padşahını sevmirsən sevmə, pisdi istefasını tələb elə və padşahla savaş. Muzeylər talan olunur, evlər, banklar, mağazalar yağmalanır, yandırılır, xarici şirkətlər yandırılır, dağıdılır, mal-mülkləri talan edilir.
   
   Heç uzağa getməyək, Liviyada 25 mindən artıq Türkiyə vətəndaşı çalışırmış. Hamısının malını, mülkünü tutub əllərindən alıblar, şirkətlərini dağıdıblar, hətta əl telefonlarını belə tutub əllərindən alıblar. Yalnız Ərdoğanın çox böyük səyi nəticəsində türk qardaşlarımız bircə öz canlarını və balalarını xilas eləyə bilib. Bu xalq hərəkatıdı?
   
   Qəddafi neyləməlidi? Ölkəsinin dağıdılmasına göz yummalıdı?! Xalqını və dövlətini dar gündə qoyub qaçmalıdı?! Hakimiyyəti talançılara, quldurlara, Avropanın agentlərinə təhvil verməlidi?! Ölkəsinin İraq və Əfqanıstan kimi işğal olunmasına qol qoymalıdı?! Xalqının var-dövlətini özündənrazı dövlətlərin yağmalamasına razı olmalıdı?! Bir qaşıq qanından qorxub qaçmalıdı?! 27 yaşında, ömrünün ən gözəl çağında ölümdən qorxmayan bir kişi 69 yaşında canından qorxmalıdı?!
   
   Ömrü boyu ABŞ-a və Avropaya meydan oxuyan, Vaşinqtonun ortasında çadır quran bir kişi indi meydandan qaçmalıdı?!
   
   Mən Qəddafinin bu savaşda qalib gələcəyinə inanmıram, 6 milyonluq bir dövlətin ABŞ və Avropayla savaşda qalib gələcəyinə inanmaq sadəlövhlükdü.
   
   Mən sadəcə olaraq inanıram ki, Qəddafi qaçmayacaq, Alyende kimi postunda, dövləti və milləti yolunda şəhid olacaq. Mən Qəddafinin o cür şəhidliyini istəyirəm. Bu onun mənəvi qələbəsi olacaq. Ərəb xalqları üçün bir örnəyə çevriləcək.
   
   Və Avropa görəcək ki, əqidə yolunda Ərəb dünyasında İmam Hüseyn kimi şəhid olmağı bacaran oğlanlar var.
   
   Döyüşdə öləcək və liviyalıların, eləcə də əzilən xalqların ruhuna Ömər Muxtar kimi hopacaq.
   
   Və sonda bir tarixi hadisəni də xatırladım. Tolstoy yazır ki, Napoleon Borodino döyüşündə rusları darmadağın elədi, amma ruslar həmin döyüşdə mənəvi qələbə qazandılar və sonda da rus əsgərləri Parisin küçələrində at oynatdılar.
   
   Heç vaxt buynuzsuz qoçun intiqamı buynuzlu qoçda qalmır.
   
   Və lap sonda. İtalyanlar Ömər Muxtarı asdılar, amma nə onun ruhunu, nə də xalqını asa bilmədilər.
   
   Nə isə... Bu da belə...
   
   ... Səlib yürüşü davam edir...

TƏQVİM / ARXİV