adalet.az header logo
  • Bakı 6°C
16 Oktyabr 2019 10:58
10211
MƏMLƏKƏT
A- A+

Bakıda daha bir küçə yenidən qurulub

Xətai rayonu ərazisində Neapol küçəsindən sonra Səməd bəy Mehmandarov küçəsi də yenidən qurulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, küçənin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması vətəndaşların haqlı narazılığına səbəb olurdu. Çünki küçə boyu yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.

Sadalanan problemlərin aradan qaldırlması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 3.2 km, eni isə 20 metr olan Səməd bəy Mehmandarov küçəsində aparılan yenidənqurma və bərpa işləri uğurla aparılaraq yekunlaşdırılıb.

Aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Bunun əvəzində yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib, hamarlayıcı qat asfalt-beton örtüyü döşənib.

Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi də yenidən bərpa olunub, küçə boyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri bərpa olunaraq kənarlarına yeni səki daşları düzülüb.

Asfaltlanma işləri çərçivəsində küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtyü döşənib. Asfaltlanma işləri ümumilikdə 65 min kv.m sahəni əhatə edib.

Səməd bəy Mehmandarov küçəsində istiqamətləri ayırmaq məqsədi ilə eni 1 metr olan ayrıcı zolaq inşa olunub, kənarlarına isə səki daşları, üzərinə isə tamet daşları üzülüb. Daha sonra sutkanın qaranlıq saatlarında küçəni işıqlandırmaq üçün ayrıcı zolaq boyu yeni işıqlandırma sistemi qurulub.

İşlərin sonuncu mərhələsində küçə boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, hərəkətin normal təşkili üçün üfiqi nişanlanma xətləri çəkilib. Bütün işlər mövcud tikinti norma və qaydalarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb.