Əbülfət MƏDƏTOĞLU: YUXUSUZLUĞUN ŞEİRİ
bu da bir gün, bir səhər
pəncərəmdə bulud var...
məni sevməyən şəhər,
yağa bilmir buludlar.
qarışıq fikirlərin
gecəsində qalmışam...
neçəsindən yan keçib -
neçəsində qalmışam...
ulduz ümid şamıdı -
axıb gedib, sönübdü.
neçə cəhdim uğursuz -
yarı yoldan dönübdü...
qızarmış gözlərimdə
dan yerini gizlədim-
inandım sözlərinə -
uşaq kimi gözlədim...
... bu da bir gün . bir səhər
nə dəyişdi . de bilim.
gün öldürdüm birtəhər -
əlim qandı , sevgilim!