adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

iSVEçRƏ BANKLARI ƏN ETiBARSIZ BANKLAR iMiŞ Ki?!

AQİL ABBAS
40047 | 2011-02-22 07:04
İmkanlı kişilər öz var-dövlətlərini İsveçrə banklarına etibar edirlər. Guya bu banklar dünyanın əmanətə xəyanət etməyən ən zor kişiləridi. Xeyiri öz dövlətlərinə, öz banklarına, öz millətlərinə vermək əvəzinə verirlər isveçrəlilərə. Özü də bu banklar ən az faiz verən banklardı. Məsələn, deyək ki, elə Azərbaycanda banklar öz müştərilərinə 12-13, bəziləri 15 faiz əmanətə görə pul verirlərsə, İsveçrədə bu 6-8 faiz dərəcəsindədir.
   
   Deyək ki, Həsənqulu qaçqınlığa görə aldığı müavinəti 17 ildə yığıb aparıb qoyur İsveçrə bankına, ildə 6 faiz gəlir götürür. Amma Həsənqulu həmin bankdan kredit götürmək istəsə ən aşağısı yəqin ki, 15 faizə götürəcək.
   
   Və bu bankların hesabına XIX əsrdə acından ölən İsveçrə XX əsrdə dünyanın ən xoşbəxt yaşayan ölkəsinə çevrilib.
   
   Olsun, nə deyirik ki? Bizi məsələnin başqa tərəfi maraqlandırır. Bu bankın etibarlılığı.
   
   İndi məlum olur ki, dünyanın ən etibarsız bankları elə İsveçrə banklarıdı. Heç sirr saxlamağı-filanı da yoxuymuş, hamısı hap-gopuymuş.
   
   Elə bu günlərdə o vikiliksdi-nədi o, İsveçrədə kimlərin pulu var və nə qədər pulu var, bilmirəm yaydı, yoxsa hamını hədələdi ki, yayaram. Yəni bizim qəzetlərdə də belə şey olur, hədələyirlər ki, bizdə filan faktlar var açıqlayarıq, yəni gəlin bizi görün. İndi bilmirəm, vikiliksdi-ikiliksdi, nədi o da belə anons verdi, ya yox.
   
   Bu İsveçrə banklarının sirr saxlamaları.
   
   Hə, qaldı etibarlılığa. Hələ İranda inqilab olanda, Şah qaçanda onun İsveçrə banklarındakı pulları batdı. Əsrin əvvəllərindən götürsək, burda pulları batan çoxdu. Mən hələ XX əsrdən üzü bəri deyirəm.
   
   İndi qəzetələrdə oxuyuram ki, Tunisin tasrağagünki prezidenti Ben Əlinin, Misirin də srağagünki prezidenti Hüsnü Mübarəkin də İsveçrə banklarındakı əmanətləri dondurulub.
   
   Yadıma düşmüşkən mətbuatda belə bir məlumat getmişdi və gedir də ki, ABŞ İranın bu ölkənin banklarındakı əmanətlərinə əl qoyub. Və çox maraqlıdı, İran pulunu niyə Amerikada saxlayır ki?
   
   Əgər bir bank sirri saxlaya bilmirsə və bir bank müştərisinin əmanətinə xəyanət edirsə, ona necə etibarlı bank demək olar və ona necə etibar etmək olar?
   
   Yadıma bir məsəl düşdü.
   
   Kolanılar yaylağa gedirlər. Yaylaqda yolüstü obalardan birinin ağsaqqalları eşidirlər ki, kolanılar gəlir. Kolanı camaatı da qaçaq-quldurluqda ad çıxarmış camaat, yəni əlləri dinc durmaz.
   
   Obanın ağsaqqalları tapşırırlar ki, kolanılar keçərkən itləri onların üstünə qısqırtsınlar ki, kolanılar görsün onların necə itləri var, bu obanın heyvanına, malına toxunmasınlar.
   
   Elə də olur. Kolanılar çox pis olurlar. Nə isə, gedib öz obalarını qurduqdan sonra Kolanı bəyi cavanları çağırıb deyir ki, bu gecə üstümüzə it qısqırdan obada bir dənə dırnaqlı qalmamalıdır, hətta itlərini də götürməlisiniz.
   
   Məlum oba səhər ayılır ki, bir dırnaqlı da qalmayıb, hətta itlərini də aparıblar. Bilirlər şillə hardan dəyib, amma gedib deməyə ürək eləmirlər. İki-üç gündən sonra ağsaqqallar yığışıb gedirlər Kolanı bəyin yanına. Bəy onları çox xoş qarşılayır, gözəl süfrə açır, şərəflərinə bir ziyafət təşkil edir. Yemək-içməkdən sonra deyir:
   
   - Qonaqdan nəyə gəlmisən soruşmaq ayıbdı, amma hər halda sözlü adama oxşayırsınız, eşidirəm.
   
   Ağsaqqallardan biri:
   
   - Bəy, vallah, deməyə də utanırıq, bəs bizim mal-heyvanımızı, qoyun-quzumuzu aparıblar. Gəldik ki, bəlkə bizə kömək eləyəsən, görək qaytarda bilərikmi?
   
   Kolanı bəyi:
   
   - Bəs, sizin o cür qurdbasan itləriniz vardı, necə oldu?
   
   - Bəy, vallah, itlərimizi də aparıblar.
   
   Kolanı bəyi:
   
   - Biz sizin obanın yanından keçərkən bizi Allahın bir içim suyuna dəvət etsəydiniz içdiyimiz o suyunuzun xətrinə heç kimsə sizin toyuğunuza da kiş deməzdi. Amma siz üstümüzə itləri qısqırtdınız. Adam var-dövlətini itə etibar eləməz, dosta etibar edər.
   
   Sonra da cavanları çağırır ki, o obadan nə götürülübsə hamısı qaytarılsın.
   
   Adam var-dövlətini itlərə etibar etməz, dostlara etibar edər.
   
   Heç bilmirəm, mən bunu niyə yazdım. Hər halda bir sözdü də dedim.
   
   

TƏQVİM / ARXİV