Yol Romanı - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
76428 | 2019-10-14 09:11

 

Sözə nə şəkildəsə aidiyyəti olan insanları xarakterizə edəndə müraciət etdiyin ilkin mənbə yenə söz olur. Yazdıqlarında özünü nə dərəcədə gizlədə bilir insan? Ya da yetərincə tanıda bilirmi? Məncə, nə qədər gizlətməyə çalışsan da arada nəsə sivişib əlindən qaçacaq və sən sonra hamıdan gizlətdiyin bu nəsnəni yerinə qoya bilməyəcəksən. Deyək ki, bir dostuna həsr olunmuş yazı yazırsan. Yaxından tanıdığını zənn etdiyin bir dostunun... Baxırsan klaviaturaya, baxırsan monitora... sözlər qaçıb. Nə deyəcəyini unudursan...
 
"Yol romanı” Vurğun Əyyuba həsr olunub və 2012-ci ildə kitab şəklində dərc olunub. Yenidən təqdim etmək istədik sizlərə...
 

 

əvvəli burada

(IX hissə)

 

Görən heç nəyi unutmadım ki? Foyedə çemodanlarıma, çantalarıma bir də baxıram. Sayın millət vəkili resepsiondakı işləmləri həll eləsin, sonra daşıyaq maşına əşyalarımızı. Əşya deyəndə ki, bu, ənənəvi səfər deyildi və həmişə olduğu kimi mən də dükanları gəzib hədiyyə-filan da almamışdım. Əksinə, gələndə özümüzlə gətirdiyimiz qiymətli kitab yükündən azad olmuşuq. Kitab... Vurğuna da kitabımı verməyi unutmayım, bilirəm ki, yazılarımı oxuyur.

Bu bankomat kartı zəhrimar... Sayın millət vəkili cibindəki xırda-para pulları ödəyir resepsionda. Zatən Qonaq evində qiymətlər ucuzdu. Bunu ötüşdürmək olar, bəs yolda nə edəcəyik?

- Gedəkmi? - deyirlər. Getməyib nə edəsiyəm; bununçün dayanmışam da bayaqdan burda.

- Vurğun bəy, kitabım... - deyirəm. Açır, avtoqrafda nə yazdığıma baxır. Razı qalır deyəsən, amma sual var gözündə.

- Mən kirilnən yazıram...

Sual ironiyaya dönür deyəsən.

- Latına keçə bilmirəm - deyirəm üzrxahlıqla, elə bil günahım-zadım var, amma mərhəmətdən dillənmirəm. Bilirəm, gedişimizə tədirgindi. Bu üç-dörd gündə bizə öyrəşib, yenə tək qalacaq. Amma Bakıya dönüşünə də az var, yola verər günləri... "Bizi başından eləmək istəyir" deməklə günahını almışam adamın. Qonaq evindən universitetə qədər yolu vidalaşmaqla yola veririk. Qarşılıqlı iltifatlar-filan. İltifatlar öz yerində - amma mənə indiyə qədər maraqlıdı ki, Şəhri-Qars deyilən mistik şəhərdə mürəkkəb xarakterli, ziddiyyətli, özündən razı, fərqli düşüncəli üç insanın bir arada dil tapması, ünsiyyət qura bilməsi, günlərini maraqlı, dolu-dolu, unudulmaz edə bilməsi əslində nə idi? Deməli, insanlar istəsələr həmişə bir-birinin ürəyinə Yol tapa bilərlər, körpü sala bilərlər. İstəsələr...

Romanın qəhrəmanı qalır burda. Maşından enir, biz hərəkət edirik. Dönüb arxaya baxıram. V.Ə. universitetin həyətində gözdən itir. Biz də kampusun ərazisindən çıxıb, gecəqondu məhəllələri ötüb keçirik, yol alırıq Gürcüstan sərhədinə. Bunun üçün Ərdahan yolu ilə getməliyik. Çıldıra gedəndə bu yolun bir qismini getmişdik zatən, mənzərəli, möhtəşəm görünüşlü bir yerdi.

Hər iki tərəfdən sıra dağlar düzülüb, gözün gücü çatmır genişliyi proyeksiya eləməyə. Genişliyə baxa-baxa həm də düşünürəm ki, İlahi, bu genişliyi bizə verdin də, düşüncəmizi nədən belə dar yapdın?..

Ərdahan yaylası... Yamyaşıl, yaşıl...

- Dayan, xoşum gəldi burdan -deyirəm.

Yaşından utanmayasan, sərələnəsən bu yamacda, unudasan nə varsa... Gözünə doldurasan bu gözəlliyi... Yaş o yaş deyil ki... Heyif ki, deyil... Qəlbinin yaddaşında ancaq bunlar qala... Bu dağa niyə Qısır deyirlər ki? Səbəbi nədir? Nəyinə lazımdı, Qumral gözlüm? Edə bilirsən vəsf elə! Şeir yazmağa da cəhd elədin - bax, gör bəlkə dağdan da yaza bildin?.. Yooox, etmə-eləmə... Öz yolunla get, qız...

Sərhədə çatana qədər Vurğun bir neçə dəfə zəng edir və maşınımızın nə vəziyyətdə olmağı ilə maraqlanır. Yaxşıdı, maşın bizi mahcub durumda qoymur.

Deyəsən, yolumuzun üstündəki sonuncu yaşayış məntəqəsini də ötdük axı. Bu da Posof - bu nə addı belə? Eee, varma da bu adlara, bax, sərhəd-keçid nöqtəsində yazılana? "Türk gözü" - belə, Qumral gözlüm!

Çox sakitlikdi buralar. İkicə maşın var, deyəsən işlək yol sayılmır. Necə boşluqdusa hətta bizim ölkədən çıxdığımızı, ya daxil olduğumuzu da anlaya bilmirlər. Sığorta eləmək fikrinə düşürlər - izah edirik, üzr istəyirlər və HOŞCA KAL, TÜRKİYƏ!

 

 

BORJOMİ

 

 

Bunların heç gömrüyü də yoxdu. Heç qapı-bacaların da düzəltməyiblər. Amma ədəb-ərkanla sənədlərimizi möhürləyib qaytarırlar bizə. 2-3 dəqiqə çəkir. İndi də qarşıda Gürcüstan var. Geniş türk torpaqlarından dar çay vadilərinə keçir yolumuz. Böyük çayın (yəni Kürün) adına Mtkvari deyirlər, amma kiçik çayların adına diqqət edirsən, kök türk sözləridi, kəndlər də elədi. Mümkün deyil axı - neçə əsrlər bir-birinin içində yaşayasan və bu izsiz ötüşə.

Tiflisə gedən yol Borjomidən keçəcək. Alqışlar!!!

Orda olmamışam, görmək istəyirəm. Kənd yollarıyla keçəndə insanların geyiminə diqqət edirəm, səliqəli, səhmanlı, heç şəhərlidən fərqlənmirlər. Üzləri də gülür - əsası budu.

Borjomi dərəsinə giririk. Təbiəti elədi ki, yəqin burda mineral su olmasaydı belə gözəl istirahət məkanı sayılardı. Əfsanəyə görə, şəhərciyin adı "Borj" - divar və "omi" - savaş sözlərindən götürülüb. Yəni qədim vaxtlarda savaşlar adi hal olduğundan (elə indi də belədi təbii) və bu dağlar da təbii divar-qala olduğundan belə deyiblər. Zatən gözətçi qüllələrin qalıqları da gözə dəyir hərdən. Amma təbii ki, bura şöhrət gətirən sudu. Arxeoloqlar düşünürlər ki, tarixin ilkin çağlarında bu suyun şəfaverici keyfiyyətləri məlum imiş insanlara. İkinci baharını isə 1829-cu ildə hərbçilər qazandırıblar bulağa. Çayın sağ sahilində gəzəndə bir çuxurda kəskin iyli, ilıq su görüblər, içiblər, mədəsi ağrıyan polkovnikə yaxşı təsir edib, ondan sonra bu qəsəbənin bəxti açılıb. Çar buraları diqqətdə saxlayıb, iqamətgahlar-filan tikdirib, hər iki sahili birləşdirən körpü salınıb.

... İndi bu körpünün üstündən o tərəf, bu tərəfə keçirik, mən dil tökürəm burda qalmaq üçün, amma sayın millət vəkili nəsə fikir vermir mənə:

- Yox, yeməyimizi yeyək, gedək. Tiflisdə qalarıq.

Niyə bəyənmədi buraları? Bilmədim.

- Su alaq, bizdəki sular Bakı bulaqlarında düzəldilir... - deyirəm.

- Alarıq - cavabını alıram.

Bakını xatırlamışkən bunu da deyim - Borjominin tualetləri Bakıdakılara bənzəyir. Çirklidi. Yəni gördüklərim eləydi.

Yola gətirə bilmədim sayın millət vəkilini. Yolumuza davam edirik nahardan sonra. Su almağı da unuduruq. Bir halda ki, sözüm yerə düşdü, mən də ta mahnı-zad oxuyub sürücümü əyləndirəsi deyiləm. Əksinə, qulaqcığı taxıram və:

- Məni Tiflisdə oyadarsan - deyirəm. İndi isə Funda Arar mənimçün oxuyur:

 

 

Bir məktubla başlandı sevdamız,

Kaç fasıl sürdü də, bitdi...

 

 

 

KÖHNƏ ŞƏHƏR

 

 

... Keçmiş İveriya, indiki Radisson otelinin yanından ötüb keçirik. Məlum, kart bizi zor durumda qoyub, bahalı oteldə qala bilməyəcəyik. İndi küçələri keçə-keçə rast gələ bir otel axtarırıq. Sürücümün bir xasiyyəti də var axı, maşın saxlamağa yaxşı yer tapmasa dayanan deyil. Odur ki, yolboyu gözüm otel adları oxuya-oxuya qalır. Özü bildiyini edəcək. Tiflis filarmoniyasının arxa küçəsində bir otel göstərirəm. Burda lövbər sala bilərik. Keçirik içəri - resepsionda gəncəcik qızlar əyləşib. Yeni nəsil gürcülər rus dilində çətinliklə anlaşırlar, köhnə nəsil sayın millət vəkilinin də dil baqajı zəngin sayılmaz. Devrəyə girmək tələb olunur və mən sevimli vəzifəmi yerinə yetirirəm. Yaz, poz, imzala, danış... Bu işləmlər tamamlanır və qalxırıq qalacağımız odaya. Aman, nə yaxşı iki gözlü otaqdı. Xorultu problemini bu gecəlik də həll elədik.

Hələlik isə bir az dincimizi alaq. Sayın həmişəki kimi televizorun qarşısında mürgüləyir. Mən həmişəki kimi qulaqcığı taxıb musiqi dinləmək istəyirəm. Tbiliso... Telefonumda bu mahnı yoxdu. Niyə köçürməmişəm? Halbuki mahnını da, şəhəri də sevirəm. Burda gəzməyi də sevirəm. Tanıyıram. Şəhərin köhnə hissəsi dəyişilməz qalıb, bircə gecələr işıqlandırılanda əvvəlki vaxtından fərqlənir. Hər halda keçən yay gələndə belə idi. Dəyişməz mən bilən...

 

 

 

HAŞİYƏ

 

 

Tbilisi gürcü dilindən tərcümədə "İsti su" deməkdi. Görünür, burda yerdən qaynayan kükürdlü suya görə belə deyiblər. Çox mənbələrdə bu suların şəfalı olduğunu yazırlar. Gürcülər tarix uydurmağı bacarırlar - amma hər halda çox vəsf ediblər bu şəhəri. İndi çox atılıb-düşürlər gürcülər, ruslarla yola getmirlər. Amma tarixdən az-çox başı çıxanlar bilirlər ki, 1803-cü ildə gürcü çarı İrakli özü yıxılıb rusların ayağına ki, ay din qardaşlarımız, bizi müsəlmanların əlindən qurtarın. Dörd tərəfləri türk-islam toplumu idi və qan ağladırdılar gürcülərə. Onlar da dağlara çəkilib sığnaqlarda yaşayırdılar. Yolboyu gördüyüm nə qədər yaşayış məskəninin adı "Sığnaqi" idi. Gürcüstanda evlər də bir-birinə söykəlidi. Ta bizdəki kimi biri ala dağda, biri qara dağda deyil. Tarixi səbəbləri var - həmişə başlarının üstündə qılınc olub. Görünür, budu onları daim səfərbər edən, ayaq üstə saxlayan. Qəribədi, qılınc onları boynubükük eləməyib, qürurlu xalqdı. Bəlkə ona görə belə rahatdılar? Mənlik, şəxsiyyət məsələsidi. Özləri də rahatdılar, bura gələnlər də özlərini rahat hiss edirlər. Heyif bizim dilimizdə tərcümələri tapa bilmədim (var amma), yoxsa Puşkinin, Lermantovun Tiflisə həsr etdikləri şeirlərdən parçaları verərdim. Gözəl təsvirlərdi. Ərzuruma gedəndə iki həftə qalıb Puşkin burda. (Romanın əvvəlində də Aleksandr Sergeyeviçi xatırlamışdım, indi də yadıma düşdü. Necə olsa eyni Yolu getmişik). "Ərzuruma səyahət"də adı çəkilən Qriboyedov ki var, o, bu şəhərlə lap yaxından dost imiş - gürcü ədəbiyyatının klassiki knyaz Çavçavadzenin qızıyla evlənəndən sonra lap qohum da olub. Olsun ki, bu evlilik siyasi məqsədlə yapılıb. Hər halda Qriboyedovun səyləri ilə Tiflisdə gürcü və rus dillərində qəzet dərc olunub, məktəblər açılıb, kitabxana fəaliyyət göstərib, fabrik, zavod tikilib, kiçik məktəblər gimnaziyaya çevrilib. 15 yaşlı Nino Çavçavadzenin hünərini görürsünüzmü? Evlənəndən cəmi bir neçə ay sonra Tehranda parça-parça edilən Qriboyedovdan sonra Nino 30 il yaşayıb və ərə getməyib. İndiyə qədər də qadın sədaqətinin simvolu sayılır buralarda (bu sədaqət məsələsi yəqin ki, sovet tarixçilərinin uydurması idi. Yəni rusu o qədər seviblər ki...). Qriboyedovun ölümündən 100 il sonra dəfn olunduğu yer Panteon adlandırılıb və indi də həmin yerdə Gürcüstanın hörmətli şəxsiyyətləri dəfn olunur. Amma bir neçə il əvvəl gürcülər haray-həşir saldılar ki, Qriboyedov bizim düşmənimizdi, işğalçıdı, onun sümüklərini Panteondan çıxarmaq lazımdı. Yaxşı ki, sonra sakitləşdilər. Qəribə adamdılar e, yenə biz atılıb-düşsək yeri var. Bizim tariximizə dağ çəkib bu "Ağıldan bəla".

Tbilisinin binası V əsrdə qoyulub, İberiya çarı Vaxtanq Qorqasali tərəfindən. Strateji yer olması, tranzit yolların üstündə olması bu şəhəri həm də Qafqazda hər zaman nifaq alması da edib. Bu Vaxtanq Qorqasali ki var, indi Metex qalasının düz qarşısında Mtkvari (yəni Kür) çayının üstündə möhtəşəm heykəli qoyulub. Çox uzaqgörən siyasətçiymiş. Sasanilərin vassalı olub, özünə lazım olanda isə onlara qarşı çıxıb. Sonra uduzan kimi yenidən əyilib Sasanilərə. Hər bir halda mərkəzləşmiş Gürcüstan ideyası onun adıyla bağlıdı və kimsə də onun bu xidmətlərini unutmayıb - kanonlaşdırıb, müqəddəslər sırasına salınıb. "Tbili - isti, si - yəni su" - bu qədər bəsit. Zatən bütün Gürcüstan toponimikasının kökündə türk sözləri var. Amma nə dəxli? Balaca bir xalqdı, kiçik bir ərazidi, tarix boyu əziliblər, döyülüblər. Soruşsan deyəcəklər imperiyamız olub. Təkcə Tbilisidə bunu təsdiq edəcək elə möhtəşəm heykəllər var, bütün Türkiyəni gəzsən Osmanlı tarixinə aid bir dənə belə abidə bulamazsın. Bu da mənlik məsələsidi. Özünü təqdim eləməyi bacarmaq məsələsidi. Və bu tarixi əks etdirmək istəyi Gürcüstanda monumental heykəltəraşlığı da inkişaf etdirib - belə bir anlayış var. Hətta deyək ki, Moskvanın da çox yerlərini gürcünün yaratdığı heykəllər bəzəyir. Gürcü kinosu, gürcü futbolu anlayışı olan kimi...

Və rus sənətkarlarını da bu şəhərlə bağlayan tellər güclü olub hər zaman. Puşkinindən, Lermantovundan tutmuş Yevtuşenkosuna, Axmadulinasına, Tarkovskisinə qədər. Sehrli aurası var şəhərin - sehrli.

Bircə böyük küçəsi var - Rustaveli prospekti. Amma bu küçədə teatrlar, otellər, kitabçılar, restoranlar, parlament, park, heykəllər, kilsələr, nələr, nələr... Tiflisi hiss etmək və tanımaq üçün burda gəzişmək lazımdı.

XIX əsrdə salınıb bu küçə və əvvəlki adı da Qolovinski olub (xatırladınız yəqin, Mirzə Cəlilin də, Əbdürrəhim bəy Haqverdiyevin əsərlərində də bu küçənin adı keçir). Qafqaz canişini Vorontsovun zamanında. Lap aşağı tərəfində Azadlıq meydanından üzüyuxarı qalxanda prospekt iki dəfə qövsvari əyilir. Bir rəvayətə görə, guya düz yolun üstündə kilsə olub, onu sökməmək üçün yolu əyiblər. Bir nağıla görə də kasıb bir qocanın bostanını dağıtmamaq üçün Vorontsov mərhəmət edib. Yəni ədalətli və mərhəmətli rus canişini obrazına xidmət edən uydurmalardı mən bilən.

Prospektdə bir məktəb var - əvvəllər gimnaziya olub. Ayrı-ayrı vaxtlarda Şevardnadze, Qamsaxurdiya və Saakaşvili burda oxuyublar - belə demək olar ki, padşah istehsal edən məktəbdi. Məktəbdən bir az aralıda "Laqidze suları" kafesi var, Tiflisi tanıyanlar bilirlər, ləzzətli limonad və dadlı xaçapuri olur burda. Düzdü, Tiflisin bütün restoranlarında xaçapuri və xinqali təklif olunur, amma bu "Laqidze suları" başqa aləmdi. Bir sözlə, vernisajdan tutmuş "Pələng dərisi geymiş pəhləvan"acan (metro stansiyası belə adlanır) nəsə görmək istəyirsinizsə Rustaveli prospektinin bir ucundan o biri ucuna qədər gedin. Kilometr yarım məsafədi. Yorulmazsız. Çünki mənalı, məzmunlu küçədi. Haşiyələrə sığmayan küçədi.

 

 

QAYIDA BİLMƏYƏN GÜNƏ... TƏƏSSÜF!..

 

 

... Yaman bürküdü. Rustaveli ilə aşağıya enirik. Kafelərdən yayılan kofe qoxusu adamı məst edir. Hava da qaralır asta-asta. Bunlarda bərpa işləri niyə belə ləng gedir görəsən? Keçən il bu vaxtlar idi, burdaydım - Baş Poçt İdarəsindən Teatra qədər gedən yolu qapayıb təmirə bağlamışdılar. Elə həmən-həməndi... Dəyişən də çoxdu təbii... Çox-çox illər əvvəl isə mən bu poçtdan evimizə, Bakıya zəng edirdim. Mehmanxanadan telefon hesabı çox gəlirdi. Məcbur burdan danışmalı olurdum. İveriyanın qarşısındakı böyük meydanın altında cürbəcür dükanlar vardı. Hər şey satırdılar - amma məni ikebanalar cəlb elədi. Rəflərdən birindən çox zövqlə, zərif, nəfis yığılmış sarı qızılgüllər baxırdı mənə, diqqətlə baxırdılar. Gözümü qaçırmağa çalışdım, amma alınmadı. Çağırdılar elə bil məni...

Əlimdə sarı güllər liftdən çıxıb otağıma tərəf gedəndə mərtəbədəki növbətçi qadın təəccüblə baxdı mənə:

- Jeltıe tsvetı... Eto je razluka?

- Razluka?.. Ya ob etom i ne podumala. No oni takie krasivıe.

- Vse sataninskoe bıvaet krasivım, vıbroste, posluşayte menya...

Növbətçi qadına növbətçi təbəssümlə gülümsünüb otağıma gəldim. Dəhşətli cazibəsi vardı güllərin, sarı rəngin iblis cazibəsi. Niyə qulaq asmadım, niyə atmadım? Özümlə gətirdim Bakıya - sonra burda da, orda da müharibə başladı. Gedə bilmədim sevimli şəhərə... Sonra sarı odalara qapanmaq və sarala-sarala yaşamaq... Yenə xatirələr, yenə təəssüf... Təəssüf, təəssüf, təəssüf ilə - Qayıda bilməyən günə təəssüf!.. İndi dayanmışıq üz-üzə, yaxın... Təəssüf çay kimi axır aradan...

... Çay? Körpünün üstündən Kürə tamaşa edirəm. Bu çay da deyəsən bizim ərazidə dəlilik edir. Burda sakit, aram, lal axır. Ruhunu aram edir insanın...

Körpüdən şəhərin hər iki tərəfindəki təpələr, təpələrə söykənmiş evlərin işıqları aydın görünür. Üzünü Narınqalaya tutub əl sallayan Vaxtanq Qorqasali də bir başqa aləmdi, şəhərin ən uca nöqtəsindən amiranə baxışlarla hamını süzən çariça Tamara da bir aləmdi. Ayrı-ayrı vaxtlarda yaşayıblar, amma burdan baxışırlar. "Sən ordan bax, mən burdan, kor olsun düşmanımız..." prinsipi var deyəsən. Onlar baxışmaqda olsun, mən də çayın üstündən boylanıb baxım görüm harda çay içəcəyik... Sahilə yaxın, dar, kiçik dalanlarda nə qədər kafelər var. Rahat ortamdı, elə burda dincimizi ala bilərik. Bayaqdan gəzirik.

... Bürkü olsa da çöldə oturub yay axşamının kefini çıxaranlar çoxdu. Sifarişlərimizi verib biz də qoşuluruq bu aləmə:

- Heyf, bir gün də qala bilmirik.

- Gələjiyik yenə...

- Qalaq da... - deyirəm, amma nəsə fikri yayınıb sayın millət vəkilinin. Baxışlarının istiqamətini izləyirəm və görurəm ki, aralıqdakı küçədən uzun bir qız gəlib keçir masaların arasından, daha doğrusu, ayaqları çox uzundu, diqqət çəkir. Bu diqqətin güclənməsi naminə qız da ətəyini çox qısaldıb. Özü də görürəm ki, ətraf masalardan da gözlər zillənib qıza:

- Qalaqmı? - deyirəm yenə, amma neerde?

- Bu şəhərdə də bir gözəl qadın görmədim - deyir cavabında, fikirli-fikirli.

- Bay, bəs niyə gözünü çəkmirsən qızdan?

- Nə qız e-e, mən heç ona baxmırdım.

- Burda utanmalı nə var axı, hamı baxdı, sən də baxdın. Baxmalı qızlar var, qalaqmı?

- Pulumuz yoxdu, sabah qayıdırıq dedim!!!

Çox qəti oldu, artıq söz deyə bilməyəcəm. Çayımı içirəm, görürəm indi də o biri tərəfdən bu başa keçir qız. Yenə eyni mənzərə - bu qız deyəsən burdakı kişiləri həyəcanlandırmağı məqsəd qoyub qarşısına. Amma bu dəfə ehtiyatlı tutur işini sayın millət vəkili, gözünün kənarıyla baxır. Ay Aqil!..

Hər şey iyi, gözəl də... Amma bu şəhərdə veyillənəndə ən böyük problem nədi bilsəniz? Hansı lövhəyə baxsan gürcü dilindədi, gəl baş çıxar. İndi parklardan keçə-keçə otelə qayıdırıq, nə qədər heykəllər çıxır önümüzə, tanıya bilmirəm. Köhnədən gördüklərim heç, amma nə qədər təzələri var. Əlifbaları məlum, hərədən bir az oğurlayıblar, qarmaqarışıq bir şeydi, anlamaq olmur. Heç olmasa ingiliscə də yazmırlar ki... Özləri bilər, bu da onların kompleksidi...

 

***

 

... Sürücüm mışıl-mışıl uyuyur. Mən də bir az internetdə qurdalanım görüm dünyada nə var, nə yox. Canım məmləkətimdə... Canım... Can Yücelin şeirini axtarıram saytda...

 

Seninle olmanın en zor yanı ne, biliyormusun?

Seni kaybetmə korkusuyla hayatta ilk kez tattığım o tarifsiz duyğularımı umut denizinin ortasında küreksiz bir sandala hapsetmək. Sevgili yerine yıllarca dost kalmayı başarmak. Yalın ayak yürümek bıçağın en keskin yerinde. Kanadıkca tuz yerine göz yaşlarımı basmak yüreyime...

 

 

***

 

 

... Niyə dayandırdı bu polis bizi? Neçənci dəfədi Tiflisdən Laqodexiyə gedən yolda azırıq. Yəqin indi də nəsə qaydanı pozmuşuq. Gözəl-göyçək oğlandı, hündür. Burda bütün polislər belədi. O da baxır sənədlərimizə, qonaq olduğumuz zatən maşın nömrəsindən bəlli... Gülümsünür, yolu soruşuruq, izah edir... Təşəkkürlər!

Bu da bizim yol...

- Arım, balım... Evə gedirik...

- Nə qədər qaldı?

- Hələ var.

Və birdən mənə elə gəlir ki, hər şey dəyişir. Lap kino lentini sürətləndirəndə olduğu kimi. Lap elə kino lenti kimi də keçir gözümün önündən...

Seninle olmanın tek yan etkisi ne, biliyormusun?

Nereden bileceksin? Sen benimle hiç olmadın ki. Olsaydın avuclarım terlemezdi... İsırmazdım dilimin ucunu... Özlemezdim seni yanımdayken... Kıskanmazdım yollarda yürümekten. İslanmazdım yağmurlarda... Yıldızlara aya dert yanmaz böyle her şarkıda sarhoş olmazdım. Korkmazdım seni kaybetmekden, ayaklarım kan revan atlardım sandaldan denize... Ve her kulacta haykırırdım seni. Ama sen hiç benimle olmadın ki... YA AKLIN BAŞKA YERDEYDİ, YA YÜREYİN...

 

 

***

 

 

Heç fərqi yoxdu - iqlim eyni, torpaq eyni, günəş, səma, hava, ağaclar, çiçəklər...

Əl edir yol polisi. Doğru-düzgün yol gedirik, sürətimiz də qaydalara uyğun... Niyə dayandırdılar?.. Aaaa, anladım, ağsaçlı sürücü və yanında sarısaçlı qadın... Məmləkətə xoş gəldin, Qumral gözlüm...

ardı var

TƏQVİM / ARXİV