adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 Oktyabr 2019 15:37
22951
DÜNYA
A- A+

«ANKARA QORXSAYDI ƏMƏLİYYATA BAŞLAMAZDI»

"Ya ora hərbçi göndərib, qazanacağıq, ya Türkiyəni sanksiyalarla sərt şəkildə vuracağıq, ya da türklərlə kürdlər arasında razılaşma üçün vasitəçi olacağıq". Türkiyə mətbuatının verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Tramp Türkiyənin Suriyada başladığı "Barış pınarı" əməliyyatı barədə çıxış edərkən 3 seçim olduğunu qeyd edib. Prezident "Twitter"dəki açıqlamasında İŞİD-in "xilafətini" tamamilə məhv etdiklərini deyib.

"Suriyada Türkiyənin hədəfində olan bölgələrdə artıq hərbçilərimiz yoxdur. Biz işimizi mükəmməl şəkildə görmüşük". ABŞ lideri türkləri kürdlərə hücum etməkdə ittiham edib.

Xatırladaq ki, bundan öncəki bəyanatlarında da Ağ Evin sahibi Türkiyənin iqtisadiyyatını məhv etməklə hədələyərək Ankaraya "qaydalara uyğun oynamadıqda" "güclü zərbə" vəd edib:"Daha öncə də dediyim kimi bir daha qeyd edirəm ki, əgər Türkiyə qoyulan sərhədləri keçərsə mən onun iqtisadiyyatını tamamilə məhv edəcəm".

Trampın iqtisadi təhdidləri cavabsız qalmayıb. Prezident Ərdoğanın köməkçisi Fuad Oktay "Türkiyə təhdidlərlə hərəkət etmir"- deyə cavab verib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da icazə verilən "sərhədi keçərsə" Türkiyə iqtisadiyyatını məhv edəcəyinə söz verən ABŞ Prezidenti Donald Trampın təhdidlərindən sonra da Ankara siyasətini dəyişdirməyəcəyini söyləyib.

Çavuşoğlu daha sonra bildirib ki, Ankara hər hansı bir bəyanatdan qorxsaydı, Suriyada əməliyyata başlamazdı.

Onu da qeyd edək ki, Suriya dövlət agentliyi SANA Türkiyənin bu əməliyyatını təcavüz adlandıraraq, beynəlxalq ictimaiyyəti Ankaranın hərəkətlərini qınamağa çağırıb.

Mehriban Cəfərova