adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Oktyabr 2019 10:50
56116
GÜNDƏM
A- A+

Sizi saya alan oldu?! - Əzizə İsmayılova yazır

Hamı bilir, oktyabrın 1-dən 10-a kimi əhalinin siyahıyaalınması keçirildi və bitdi.

Deyirlər, prosesdə iştirak üçün 43 min insanın cəlb olunub, filan qədər büdcədən pul ayrılıb. Dövlətin vahid statistik metodologiyası əsasında həyata keçirilən bu prosesin 28 bənddən ibarət sorğu vərəqələrində 46 sual üzrə 280-ə yaxın göstərici yer alıbmış ki, bu da cəmiyyətdəki vəziyyət haqqında, onun iqtisadiyyatı, sosial sahəsi, mənəvi dəyərləri və sair barədə mühakimə yürütməyə imkan verəcəkmiş... - belə təsviri- izah vermişdilər.

İndi proses yekunlaşıb. Bu günə-sabaha Statistika Komitəmiz yəqin ki, nəticələri elan edəcək.

Proses başlamamışdan Baş Nazirin müavini, komissiyanın sədri Əli Həsənov demişdi ki, "Siyahıyaalma, ölkənin həyatında mühüm bir tədbirdir və onun müvəffəqiyyətlə keçirilməsində bu prosesdə iştirak edən hər bir şəxsin üzərinə böyük məsuliyyət düşür."

Demək istəyirəm ki, şansımız o qədər rəvandır ki, nə o 43 min "böyük məsuliyyət" daşıyan adamdan birinin yolu biz tərəfə düşdü, nə də o sualların nə olduğunu görə bildik. Ölkənin həyatında baş verən belə bir mühüm tədbir, bizdən və ətrafımda olan nə qədər adamdan yan keçdi.

Bizim iqtisad-sosial durumumuz haqda məlumat verməyi yəqin məsləhət bilməyiblər sayanlar. Sağ olsunlar. Eləcə burdan deyim ki, heç olmasa ümumi nəticəni ortaya qoyacaq quruma#xəbəredin ki, yekun rəqəmin üstünə 30 nəfər (uşaqlı, nəvəli, nəticəli) bizim ailəni də gəlsin. Say olaraq gəlsə bəsimizdi, durumumuz özümüzə qalsın...

Onsuz heç əvvəlki 10 illikdə də bizi saya alan olmamışdı, növbəti 10 illiyə allah bilir, kim ölə, kim qala...

Sizi saya alan oldu?

**

AÇIQLAMA gəldi.


Yəni, hər uğursuzluğun sonunda milləti borclu çıxarmaq kimi bir məziyyətimiz var axı.

Siyahıyaalınma ilə bağlı səhərdən hamı yazır. Məlum olur ki, 100 nəfərdən 1-ni belə sayan olmayıb. İndi açıqlama'ya baxın.

"Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin rəhbəri Elməddin Quliyev Modern.az-a qeyd etdiyimiz məsələylə bağlı məlumat verib:

"Bildiyiniz kimi, artıq ötən gün 1-10 oktyabr tarixlərində ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması başa çatıb. Yerlərdən bizə verilən məlumatlara görə, ölkə əhalisi siyahıyaalma prosesində fəal iştirak edib. Lakin sosial şəbəkələrdə yazılanlara gəlincə, dünya təcrübəsində olduğu kimi, ölkəmizdə də bəzi hallarda siyahıyaalmanı bilavasitə həyata keçirən sayıcıların vətəndaşların ünvanlarına getməsinə baxmayaraq, ev təsərrüfatının başçısı və ya üzvləri ilə görüşə bilməyiblər. Belə olan halda sayıcılar tərəfindən həmin şəxslər üçün "Evdə çətin tapılan şəxslərə məktub” adlı sənəd tərtib edilib və ev təsərrüfatının yaşadığı ünvan üzrə giriş qapısına bərkidilib."

Əlinizi ürəyinizə qoyun - hansınızın qapısına məktub qoyublar?

Hörmətlilər, sayınıza da deyilik, öz işinizdir. Bildiyimiz şeydir, barışdıq zatən. Amma boynumuza minnət yükləməyin. Bizim ev heç vaxt boş olmur. Anam, gəlinlər, uşaqlar...

Özüm ayrı və tək qalıram. Nə məni, nə qonşularımızı arayıb axtaran olub, nə də qapıya məktub qoyan. İşdəkilər də eyni cür. Kim qoyub, harfa qoyub, necə qoyub o məktubu ki, kimsə görməyib?

Bunu necə deyə bilirsiniz, necə bacarırsınız axı?

Hörmətli məsuliyyətlilər, o məktublar da yetişmədi...


                                                  Əzizə İsmayılova


p.s. Əzizə xanım, narahat olmayın, heç bizi də saya alan olmadı!