Əbülfət MƏDƏTOĞLU: MƏKTUB ŞEİR
Nə yazdımsa - oxunmadı,
Sanki daş üstə cızmışam...
Mən şeirə bəndə deyil -
Ruhun özü tək sızmışam!..
Yuxunu misra içində
Xəyalı sözdə görmüşəm...
Şeir şəkli çəkməmişəm -
Mən sözü sözə hörmüşəm!..
Dizimi torpaq didəndə
Ürəyimi söz qaşıyıb!
Ruhum həm sözə çevrilib,
Həm də ruhum söz daşıyıb!
Tanrımın özünə qədər,
Bir də sevdiyim qadına...
Hətta , içimdəki kədər -
Doğulub şeir adına!..
Kimsənin sözün qınayıb,
Kimsənin haqqın yemədən...
Şeri su kimi içmişəm -
Başqa nə isə demədən...
Yazdıqlarım göz ağrıtmaz,
Heç ürəyə də toxunmaz...
Sən bil, başqaları üçün -
Olsun Əbülfət, oxunmaz!..