adalet.az header logo
  • Bakı 7°C
14 Oktyabr 2019 09:16
22778
GÜNDƏM
A- A+

Aqil ABBAS: BİZ GÜN İŞIĞIYIQ, BİZİ BASDIRMAQ OLMAZ!

Hər hansı bir ölkə terrorizmə qarşı mübarizə aparırsa Türkiyə həmin dövlətin yanında olur, özü də ön cərgəsində. Yəni öz müttəfiqlərini tək buraxmır. Buna onlarla misal çəkmək olar. Ümumiyyətlə, türk millətinin qanındadı dostun arxasında durmaq. Daha dəqiq desək, əgər savaş varsa dostun arxasında yox, önündə savaşıb düşmənlə.

Amma çox təəssüf ki, zaman-zaman Türkiyənin dost saydıqları nəinki onun arxasından qaçıblar, hətta kürəyinə xəncər saplayıblar.

Bu gün Türkiyə ən çox terrorizmə məruz qalan bir ölkədi. Və həmişə də terrorizmə qarşı tək mübarizə aparıb. İndi ABŞ başda olmaqla Avropa dövlətlərinin yaratdığı və maliyyələşdirdiyi, adını istəyirsən YPG qoy, PYD qoy, PKK qoy, nə qoyursan qoy, terror təşkilatları Türkiyə və türklərin qanını içmək üçün hər şeydən keçməyə hazırdılar.

Təkcə bir faktı qeyd edim ki, qeyri-rəsmi məlumata görə, PYD və YPG-nin 80 minlik ordusu var, hansı ki ABŞ və Avropa ölkələri həmin ordunun əsgərlərinə təlim keçiblər, yüksək səviyyədə döyüşçü hazırlayıblar. İndi ikinci bir rəqəmə diqqət edin, indiyədək həmin təşkilatlara ABŞ 72 min tir silah və sursat göndərib və göndərməkdə davam edir.

Sayın Ərdoğan dəfələrlə ABŞ başda olmaqla, Avropa ölkələrinə xəbərdarlıq edib ki, bu əməllərinizdən əl çəkin, yoxsa kendi göbəyimizi kendimiz kəsməyi bacarırıq.

Necə ki «Fırat kalkanı» hərəkatında Türk ordusu Suriyanın bir bölgəsindən terrorçuları süpürüb atdı.



Və sayın Ərdoğan bu dəfə də sözünü tutdu. Heç bir ölkədən nə isə gözləmədən «Barış pınarı» hərəkatına başladı və Şanlı türk ordusu, gözümüzün işıqları mehmetciklər terrorizmin kökünü kəsmək üçün Suriyaya girdi.

Və… Və Türkiyənin müttəfiqləri yenə onu tək qoydular. Türkiyə NATO-nun üzvüdür və NATO-nun birbaşa yazılmış qanunlarına görə, Türkiyənin yanında olmağa borcludur. Amma əksinə, baxırıq, hamısı Türkiyəni qınayır və əməliyyatı durdurmağa çağırır.

Napoleon deyir ki, bir türk beş fransız əsgərinə bərabərdi. Atatürk də deyir ki, bir türk bütün dünyaya bədəldi. İndi Türkiyəyə dayaq olduz-olmadız qardaş ölkə terrorizmin kökünü təmiz qaşıyacaq. Yaxın Şərqə əmin-amanlığı, sülhü və hüzuru necə ki vaxtilə Osmanlı gətirmişdi, indi də Türkiyə gətirəcək. Və mən buna Günəşə inandığım qədər inanıram.

Atatürk deyirdi ki, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdi. Türkiyənin də sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdi.

Bilmirəm, türklər bilir, ya yox, Qarabağda hər bir əsgərimiz şəhid olanda ona necə yanırıqsa, ona necə ağrıyırıqsa, bir mehmetcik də şəhid olanda o qədər yanırıq, o qədər ağrıyırıq.

Tanrı mehmetciklərimizi qorusun! Tanrı əsgərlərimizi qorusun!

Şair Vaqif Bayatlı deyir:

Türk min illərin

gün işığıdır!

Nə qədər basdırsan,

yenə torpağın üstündə qalar!

Biz gün işığıyıq, bizi basdırmaq olmaz.

Sayın Ərdoğana və mehmetciklərə sayğılarla.