adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Oktyabr 2019 14:09
20803
MƏMLƏKƏT
A- A+

Fazil Mustafa: "Dəyişən dünya ilə ayaqlaşmaq vacibdir"

Son illərdə sosial şəbəkələrdə Azərbaycanda ailə institutunun zəiflədilməsinə yönəlik kampaniya aparılır. Müəyyən bir qrup sosial şəbəkələrdə ailə institutunun vacib olmaması, hətta lazımsızlığına dair təbliğat qurur. Onların iddialarına görə, ailə institutu köhnəlmiş bir ənənədir.

Amma bu bir faktdır ki, ailə institutu xüsusilə Azərbaycan kimi ölkələrdə cəmiyyətin əsas dayaqlarını təşkil edir. Tarixən Azərbaycanda ailə dəyərlərinə yüksək yanaşılıb. Bir çox ekspertlər bildirir ki, faktiki olaraq hansısa qüvvələr cəmiyyətimizi laxlatmaq üçün ailə institutuna qarşı təbliğat aparırlar.

Məsələ ondadır ki, Avropa ölkələrində də ailə institutuna ciddi yanaşılır. Avropa ölkələrinin əksəriyyəti patriarxal cəmiyyətlərdir, kişilərin rolu qadınların rolundan daha yüksəkdir. Odur ki, bəzilərinin "Avropada bizdəki kimi deyil” şəklində təbliğatı bir çox insanların Avropa haqqında təsəvvürlərinin yanlış olmasından sui-istifadə etməkdir.

Cəmiyyətşünaslar qeyd edir ki, əksər ölkələrdə cəmiyyəti güclü edən əsas amil məhz ailə institutudur. Hətta Avropa dövlətlərində, dünyanın digər qütblərində vəzifə təyinatlarında şəxsin ailəsinə münasibəti də izlənilir.

Deputat Fazil Mustafa mövzu ilə bağlı "Yeni Müsavat”a açıqlamasında bildirib ki, o, ailə münasibətlərində pozitiv yöndə dəyişiklik edilməsinin tərəfindədir: "Düşünürəm ki, dünyada hər şey dəyişdiyi kimi, ailə münasibətlərində də dəyişiklik olmalıdır. Çünki də yişikliklər zərurətdən yaranır. Yəni heç bir şey öz-özlüyündə dəyişə bilməz. Ailə münasibətlərində də dəyişiklik məsələsi buna daxildir. 40 il əvvəlki dünya ilə indiki dünya arasında fərqlər var. Biz hər şeyin müsbətə doğru getməsi üçün dəyişən dünya ilə ayaqlaşmaq məcburiyyətindəyik. Mən demirəm ki, ailə dəyərlərimizi kökündən dəyişək, sadəcə, bu münasibətlərin təkmilləşdirilməsinin tərəfindəyəm. Bizim dövrümüzdə, hətta bizdən qabaqkı dövrlərdəki tərbiyə metodu ilə biz indiki uşaqları tərbiyə edə bilmərik. Çünki dövrün tələbatı başqadır, biz də uşaqlarımızı zəmanənin tələbinə uyğun böyütməliyik”.

Boşanma hallarının da ailə dəyərlərimizə xələl gətirdiyini qeyd edən deputat bildirdi ki, bu məsələlərə xüsusi diqqətin ayrılması vacibdir: "Bəzən o qədər primitiv səbəblərə görə ailə qurub sonra dağıdırlar. Bütün bunlar bizim ailə dəyərlərimizi sarsıdır. Bəzən insanlar sosial müavinət, aliment almaq üçün ailə dağıdır və ya vəzifəyə getmək üçün öz ailəsini atıb, başqa birisi ilə ailə qururlar. Bunlar çox təhlükəli epizodlardır. Biz cəmiyyət olaraq bunların üzərində düşünməli, həll yolu tapmalıyıq. Hər şeyə görə ailənin mənəvi bağlarını qırmaq olmaz. Belə hallar artıq çox adiləşib. Bu cür nüansları görən gənclik də, əlbəttə, o fikrə gələcək”.