Əbülfət MƏDƏTOĞLU: TƏSƏLLİ MƏKTUBU
Ürək düşüb qırıqlandı...
Dörd tərəfim qırıq qandı!
Təmənəylə sırıqlandı -
incə bir əllə...
Baxma küsgün - dodaq büzüb
Sən sər sinəm üstə , üzüb-
Sevincimi sapa düzüb -
dincə bir əllə!
Mən bir az şair meyiləm
Şəkiləm , - özüm deyiləm!
Götür as, qorxma əyiləm -
küncə bir əllə...
Sevgidən coşub , köplənən
Torpaqdan, daşdan , çöpdənəm ...-
Ruhumu oxşa - öpmədən -
öncə bir əllə!..
Can sıxmasam saxlayarsan
Bircə dəfə ağlayarsan...
Gözümü sən bağlayarsan -
qönçə bir əllə...