adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 Oktyabr 2019 12:13
82452
MƏDƏNİYYƏT
A- A+

Festivalda "Dəli yığıncağı" olacaq

Oktyabrın 10-20 Bakıda keçirilən MAP beynəlxalq teatr festivalında Azərbaycan teatrı rejissor K. Şahmərdanın quruluş verdiyi "Dəli yığıncağı" tamaşası ilə təmsil olunacaq. Sabahkı premyera haqqında məlumatı tamaşanın iştirakçılarından biri, "Yuğ" Dövlət tetrının aktyoru Abdul Qənidən aldıq.

"Dəli yığıncağı" tamaşası Mirzə Cəlilin məşhur pyesi əsasında hazırlanıb. Tamaşanın janrı etno-rok-müzikl kimi qeyd edilib. Bu o deməkdir ki, tamaşaçılara məlum pyesin müasir dövrə adaptasiyası təqdim ediləcək. Tamaşadakı dəlilər əslində cahilliyə, fanatizmə, köhnə cəmiyyəti qaranlıq qüvvələrinə qarşı üsyan edən qəhrəmanlardırlar.

"Dəli yığıncağı"nda müxtəlif teatrların aktyorları rol alıb, yəni bu, antreprizadır.



Xalq artisti Məmməd Səfa, əməkdar artist Gülzar Qurbanova, Hikmət Rəhimov, Fikrət Məmmədov, Elşən Əsgərov və s. Yeri gəlmişkən, rejissor özü də səhnəyə doktor Lalbyuz kimi çıxacaq. Bundan başqa, tamaşaya gənc xanəndə Türkay Məlikova ilə birgə gözəl bir qrup da qatılıb ki, istedadlarına heyran qalmamaq mümkün deyil. Yəni tamaşada həm də N"surreal qrupu tərəfindən canlı musiqi də nümayiş olunacaq. Musiqi tərtibatı bəstəkar Nurlan Cəfərliyə məxsusdur.

Tamaşada Azərbaycan şairlərinin şeirləri obrazların dilindən səslənəcək. 



Cinni Mustafa (Elşən Əsgərov) Eminqueyin, Pırpız Sona (Gülzar Qurbanova) Bahar Zamanının, Həmzad Qurban (Fikrət Məmmədov) Elvin Paşanın, Molla Abbas (Abdul Qəni) Həmid Herisçi və Ramiz Rövşənin şeirlərini oxuyacaqlar. 

Aktyor Abdul Qəni "Dəli yığıncağı" ilə başlanan festivalda dünyanın müxtəlif ölkələrindən çox məşhur teatr truppalarının və bir-birindən maraqlı tamaşaların nümayiş olunacağını söyləyir.



"Festival təkcə tamaşaçılar üçün deyil, həm də Azərbaycanın teatr, kino rejissorları, aktyorlarımız üçün də əsl bayram sayılmalıdır. Çünki sənət yalnız dünyada gedən proseslərlə ünsiyyətdə inkişaf edə bilər".



Tamaşa oktyabrın 10-da "ÜNS” Yaradıcılıq Mərkəzində nümayiş olunacaq.