adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

HüSNü MüBARƏK DƏ KiŞi KiMi AYAğINI DiRƏDi Ki, GETMƏRƏM VƏ GETMƏDi DƏ!

AQİL ABBAS
38550 | 2011-02-09 10:29
Misirdə qır qazanını necə yandırdılarsa o boyda ölkə döndü oldu cəhənnəm. İt yiyəsini tanımadı, yiyəsi itini tanımadı. Onsuz da səfalət içində yaşayan misirlilər bir az da səfalətə sürükləndi. Arada nöyüt satanların aşıqları alça durdu, bir barelin qiyməti birdən-birə 10-12 dollar artdı. Misirin özü isə hələ ki, 5 milyard dollar zərərə düşüb, gündəlik zərər də 310 milyon dolları keçib.
   
   Tələb də bu idi ki, cəhənnəmin Odabaşısı Hüsnü Mübarək vaxtlı-vaxtında suyu, qazı, işığı, əppəyi verə bilmədiyinə görə istefa versin. Ölən öldü, qırılan qırıldı, yaralanan yaralandı, cənnətdəkilərin cəhənnəmdəki marketləri yağmalandı, bankları bağlandı, fərraşlar da qaldı ortalıqda, bilmədilər Odabaşının tərəfini tutsunlar, yoxsa qır qazanında yandırılanların.
   
   Fərraşların qırmanclarını yanlarına qısdığını görən Misir əhli bir az da ürəkləndi və cəhənnəmi necə silkələdilərsə, cənnətdəkilər də diksindilər. Amerikadan tutmuş İngiltərəyədək, Fransadan tutmuş Almaniyayadək, Belçikadan tutmuş Türkiyəyədək (düzdür, Avropayla Amerika qoymur Türkiyə cənnət olsun, amma qardaşlarımız çalışır) hamısı dünənədək ağız-ağıza öpüşdükləri Odabaşından tələb elədilər ki, get deyirlər, get.
   
   Bircə İsrail dostluğuna sədaqətli qaldı və dedi ki, əgər Odabaşı getsə cəhənnəm dağılar.
   
   Amma Odabaşı da elə-belə kişi deyilmiş. Dedi: getmərəm, getmərəm, getmərəm, balam. Bu çır-çığır əbəsdi.
   
   Və cəhənnəmi qarışdıranlar gördülər ki, Odabaşı ayağını yerə bərk dirəyib, nə Nuh deyir, nə peyğəmbər, elə Özün deyir - geri çəkildilər. Və belə qərara gəldilər ki, növbəti Odabaşı seçkilərinə qədər qalsın yerində. Növbəti Odabaşı seçkiləri də sentyabr ayında olmalıdı.
   
   Düzdür, hələ ki hər şeyi bilmək olmaz, amma hər halda Misiri Tunisin gününə sala bilmədilər.
   
   Bilirsiniz də, Tunisdə də müvəqqəti hökumət qol-baş atanları da elə təpə-qapaz eləyir ki...
   
   Misirin odabaşılarının heç bəxti gətirmir. Bir kralları var idi - C.E.Nasir qovdu. Camal Əbdül Nasiri də zəhərləyib öldürdülər. Ənvər Sədatı müstəqillik günündə hərbi parad zamanı öz zabitləri qətlə yetirdi. Gözü çıxan qardaşdan gözü qorxan Hüsnü Mübarək də hərbi paradı bilmərrə ləğv elədi. Amma bu dəfə nə qova bilirlər, nə də öldürə... Və hələ sentyabra qədər mübarək günlərini yaşamaq fikrindədi...
   
   

TƏQVİM / ARXİV