adalet.az header logo
  • Bakı 20°C
07 Oktyabr 2019 13:38
13820
GÜNDƏM
A- A+

Keçmiş icra başçısı SOCAR prezidentindən yazdı

Xalqımızın tarixin sınağından çıxmış çoxsaylı ibrətamiz məsəlləri var. Onlardan biri də mərdi qova-qova namərd etmək niyyəti barədə qınaqdır. Mən də belə bir niyyətin ortada olduğunu görərək səssiz qala bilmədim və sizə müraciət etməkdə də yeganə məqsədim şəxsən özümün qarşılaşdığım bir neçə məqamı çoxsaylı oxucularınızla paylaşmaqdır. Mühakimə yürütməyi onların ixtiyarına və vicdanına buraxıram.


Mən 2009-2014 cü illərdə Ağdam rayonun icra hakimiyyətinin başçısı olmuşam. 5 illik fəaliyyətim dövründə SOCAR prezidenti Rövnəq Abdullayev haqqında o qədər xoş xatirələrim və minnətdarlıqla xatırlanacaq məqamlarla rastlaşmışam ki, indi kimlərinsə onu Qarabağ əlillərinə qənim kəsilmiş qoçu dəstəsinin başçısı və ya didərginlərə divan tutan harınlamış məmur kimi ictimaiyyətə sırınmasından, xüsusən də ölkə rəhbərliyinin gözündən salınması cəhdlərindən təəssüf və narahtçılığımı ifadə etməyi özümə mənəvi borc hesab etdim.

İcra başçısı işləməyə başlayandan dərhal sonra rayondakı qazlaşma faizindən şoka düşərək telefon vasitəsilə Rövnəq müəllimə vəziyyətlə bağlı ətraflı məlumat çatdırdım. Təsəvvür edin ki, həmin dövrədək Ağdam rayonunun işğalda olmayan ərazisində cəmisi 250 abonent qazla təmin edilmişdi. Ona bu rəqəmi deyəndə doğrusu heyrətləndi və ən qısa zamanda Ağdama qaz çəkilişi ilə bağlı xüsusi tapşırıq verəcəyinə söz verdi. Qısa zamanda "Azəriqaz"ın rəhbəri Əkbər Hacıyevə göstəriş verildi və təsəvvür edin ki, Naxçıvanda qaz çəkilişi ilə məşğul olan 100 nəfərdən ibarət peşəkar bir qrupu Muxtar Respublikadan yarımçıq çıxararaq Ağdama göndərdilər. Yadımdadır ki, iş icraçısının adı Məhəmmədəli idi və onun rəhbərlik etdiyi qrup 9 ay ərzində 16 min abonentə qaz xətti çəkdi. Özü də nəinki Quzanlıya və yaxın kəndlərə, hətta erməni səngərlərinin bir neçə yüz metrliyində olan Əfətli kəndinə də qaz çəkildi. Təsəvvür edin ki, 9 ay ərzində Röpvnəq Abdullayev düz 4 dəfə Ağdama gəldi və işlərin gedişi ilə maraqlandı. Hətta bir dəfə mənə məruzə elədilər ki, Rövnəq müəllim rayon ərizisində qaz xəttinin çəkilişi ilə bağlı vəziyyəti yerindəcə öyrənmək üçün belə deyək ki, gizlicə gəlib. İnanmadım ki niyə mənim xəbərim olmayıb. Gedib görüşdüm və niyə xəbər etmədyini soruşanda dedi ki, sizi narahat etmək istəmədim, özüm gəlib yerindəcə tanış olmaq istədim işlərin gedişi ilə bağlı.

Mən Rövnəq Abdullayevə 16 Qarabağ qazisi və şəhid ailə üzvünün açıq ürək əməliyyatı ilə bağlı müraciət etmişəm. Onların hər birinə heç kimdən bir manat alınmadan ən yüksək səviyyədə qayğı göstərilib və Mərkəzi Neftçilər Xəstəxanasında kardiocərrah Rəşad Mahmudovun şəxsi iştirakı ilə ən ağır əməliyyatlar uğurla həyata keçirilib. Rövnəq müəllim həmin xəstələrin hər biri ilə şəxsən maraqlanıb.

Yadımdan çıxmayan bir məqamı da diqqətə çatdırmaq istəyirəm. Həmin Əfətli kəndindəki mavi qaz verilməsi mərasimində çıxış edəndən sonra bir vətəndaşımızın evində çay süfrəsinə dəvət aldığından oturub birlikdə bir çay içməli olduq. Rövnəq müəllim evə baxdı ki, televizor yoxdur və onunla birgə gələnlərə tapşırdı ki, bu gün bu evə bir televizor göndərilsin. Evin xanımı irəli çıxıb etirazını bildirdi ki, Rövnəq müəllim, biz köçkün deyilik və bizə televizor almağa heç gərək yoxdur. Xanımın bu sözü onu çox mütəəssir etdi və hətta bir az da kövrəltdi. Mən etiraz etdim ki, özüm televizoru təmin edəcəm, amma razılaşmadı, tədbir başa çatandan bir neçə saat sonra mənə məlumat verildi ki, həmin ailəyə çox bahalı bir televizor hədiyyə edilib.

Bu gün hamının Ağdam rayonun girişində qürurla izlədiyi möhtəşəm bayraq meydanını və ərazidəki parkı da SOCAR prezidenti icra başçısı işlədiyim dövrdə Ağdam rayonunun əhalisinə hədiyyə edib. Bu gün həmin meydanda dalğalanan bayraq işğal altındakı bir çox Ağdam kəndlərindən də appaçıq görsənir. Sözümün canı odur ki, qarabağlılara, ağdamlılara, Qarabağ Qazilərinə bu cür hörmət və ehtiram göstərən bir adam vətənpərvər olmaya bilməz və elə bir mərd adamı namərd kimi təqdim etmək haqqa zülm və Allaha qarşı qiyamdır. Elə hesab edirəm ki, haqq nazilsə də üzülməz və həqiqət yerini tapar.

Nizami Sadıqov, Ağdam rayon İcra Hakimiyyətinin keçmiş başçısı