adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Oktyabr 2019 17:12
47142
İDMAN
A- A+

“Qarabağ”ın oyununda dron qaldıran erməni danışdı - Mxitaryan zəng edib

"Düdelanj" - "Qarabağ" oyunundakı erməni təxribatı ilə bağlı yeni detallar üzə çıxıb.

Qol.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Birinci erməni cəbhəsi" fanat hərəkatının üzvü Spartak Adamyan etdiyi hərəkətdən danışıb.

Bunu çoxdan planlaşdırdığını deyən erməni dronu stadionun yaxınlığındakı evlərdən birinin damından idarə etdiklərini bildirib:

"Bunu çoxdan planlaşdırırdıq. "Qarabağ"ın "Düdelanj"la oynadığını biləndə dərhal qərara aldıq ki, ora gedək və istəyimizi həyata keçirək. Mxitaryanın Bakıdakı Avroliqa finalında oynamamasını unutmamışıq. Biz də öz növbəmizdə sübut etmək istəyirdik ki, bunu qarşılıqsız qoymarıq".

Adamyan ideyanı həyata keçirmək üçün 4 nəfərin xidmətindən istifadə etdiklərini deyib: "Mənim dronu idarə etmək təcrübəm yoxdur. Öz dostumdan bu işdə mənə kömək etməsini xahiş etdim. Sevinc hissi ilə razılaşdı. İdeyanı həyata keçirmək üçün bizə 4 nəfər adam lazım idi. Biri stadionda baş verənləri videoya çəkməli, digəri stadiondakı vəziyyətlə bağlı operativ məlumat verməli idi. Nəticədə iki qrupa bölündük. Üçüncü adam qonşu evin damında, dördüncü isə stadionda idi. Əvvəlcə azərbaycanlılarla eyni sektorda oturmaq istədik. Amma onlar bizim erməni olduğumuzu anlaya bilərdilər. Ona görə də fərqli plan qurduq.

Hər şey plan üzrə getdi. İstədiyimizi əldə etdikdən sonra dronu geri çağırdıq, onu sakitcə maşına qoyub, getdik. Mən dostumla birlikdə "Düdelanj" fanatlarının oturduğu sektorda idim. Azərbaycanlılar isə qarşı sektorda. Futbolçuların topla dronu necə vurmaq istədiklərini görürdük. Hər şey bitdikdən sonra sakitcə stadiondan çıxdıq".

sportinfo.az yazır ki, məsuliyyəti üzərinə götürən "Ultra-qrup birinci Ermənistan cəbhəsi"nin başçısı Spartak Adamyan Azərbaycanın işğal altında olan Şuşa şəhərindəndir. Adamyan artıq 22 ildir ki, Belçikada yaşayır. İxtisası mühasibdir. Ötən il Belçikada "Spartak Ermənistan" futzal klubunu yaradıb. Komandadakı oyunçuların yarısı erməni, digərləri isə Avropanın müxtəlif ölkələrindəndir.

Spartak "Qarabağ"ın oyunlarında ilk dəfə təxribata əl atmır. O, ötən mövsüm "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində Londonda "Arsenal"la keçirilmiş matçda meydana 1993-cü ildə öldürülmüş terrorçu Monte Melkonyanın şəkli olan köynəkdə və qondarma "Dağlıq Qarabağın" bayrağı ilə çıxmışdı. Təxribata görə, onun "Arsenal"ın stadiona girişi ömürlük qadağan olunub.

Erməni təxribatçısı əsas məqsədlərinin azərbaycanlıların qanını qaraltmaq olduğunu deyib: "Biz elə bu reaksiyaya da ümid edirdik. Stadionda hadisələr 180 dərəcə dəyişdi, azərbaycanlı azarkeşlər əsəbləşdi, meydanda qarışıqlıq yarandı. Elə bizim məqsədimiz də bu idi. Onlar sevinəndə keflərini pozmaq istəyirdik".

Adamyan Ermənistan Futbol Federasiyasına sanksiya tətbiq olunarsa, buna görə narahat olacağını deyib. O, "Qarabağ"ın "Arsenal"la oyununda meydana çıxdıqdan sonra sosial şəbəkələrdə minlərlə təhdid məktubu aldığını iddia edib:

"Londondakı oyundan sonra aeroportda olanda Mxitaryan mənə zəng vurdu. Əvvəlcə inanmadım, elə bildim dostlarımdan biri zarafat edir. Amma İngiltərə nömrəsini görəndən sonrə əmin oldum ki, bu, odur. Məlum səbəblərə görə şəxsi söhbətimiz barədə məlumat verə bilmərəm. Amma Mxitaryana jestinə görə təşəkkür edirəm".