TüRK-ERMƏNi DOSTLUğU ABiDƏSi

AQİL ABBAS
37474 | 2011-01-19 06:00
Qarsda türklərlə ermənilərin dostluğunu təcəssüm etdirən abidə ətrafında söhbətlər son günlər həm Türkiyə mətbuatını, həm də Azərbaycan mətbuatını demək olar ki, zəbt edib.
   
   Abidə ilə bağlı söz-söhbət hələ indi başlamayıb, abidənin özülü qoyulandan başlayıb. O vaxt bütün Türkiyə susurdu, yalnız Millətçi Hərəkat Partiyasından başqa. Və təəssüf ki, MHP də day əvvəlki MHP deyil, sözü keçmədi. MHP həm də ona görə əvvəlki MHP deyil ki, keçmişdəki MHP olsaydı, o abidəni yerlə-yeksan eləyərdi. Nə isə...
   
   Bu söz-söhbət yenidən niyə gündəmi zəbt elədi? Sayın Ərdoğan Qarsda səfəri zamanı bu abidənin sökülməsini tələb edib.
   
   Əvvəla, bilməyənlər üçün xatırladaq ki, ermənilər ruslara söykənərək türklərə qarşı ən böyük qətliamı məhz Qars bölgəsində törədiblər. Elə təkcə 90 minə yaxın türk əsgəri Qars şəhərinin 30-40 kilometrliyindəki Sarıqamışda həlak olub. Və bu abidə uzun illərdi burda ucaldılıb. Bəs, görəsən sayın başbakanın yadına niyə indi düşüb? Qarşıdakı seçkilərdə Qars camaatının sevgisini qazanmaq üçünmü və sair və ilaxır.
   
   Bu abidənin inşasına başlananda təkcə qarslılar yox, iqdırlılar da abidənin qoyuluşuna qarşı çıxdılar. Minlərlə, on minlərlə imza toplanıb başbakana və onun hökumət üzvlərinə göndərildi. Hətta Kültür bakanlığı o etirazların qarşısında dayana bilməyib abidənin inşasının dayandırılması ilə bağlı Qars bələdiyyə başkanlığına məktub da göndərdi.
   
   Bilmirəm bunu yazmaq olar, ya olmaz, hər halda yazıram. Bu abidənin tikilməməsi üçün həmin vaxt ən böyük çaba göstərənlərdən biri, bəlkə də birincisi ölkəmizin Qarsdakı baş konsulu Həsən Zeynalov idi. Həmin vaxtlar etirazımızı bildirmək üçün Azərbaycanın öncül qəzetlərinin baş redaktorlarının bir qrupu Mətbuat Şurasının üzvləri ilə Qarsa getdi. Həmin səfərdə mən də vardım. Həmkarlarım millət vəkili olduğuma görə, yəni daha ucadan söz deməyə imkanım olduğuna görə bu səfərdə məni irəli vermişdilər. Biz İqdırda olduq, burdakı əhval-ruhiyyəni öyrəndik, Qarsda əhval-ruhiyyəni öyrəndik. Yəni əsl həqiqəti üzə çıxartdıq ki, bu abidəni niyə qoyurlar və kimlər qoyurlar?
   
   O abidənin təşəbbüskarı AKP-nin ən sevimli bələdiyyə başkanlarından olan Naif Əlibəyoğlu idi. Məhz AKP-dən dəstək aldığına görə heç nədən və heç kimdən çəkinmirdi. Yəni bu abidəni AKP-nin gözü qarşısında AKP-çi inşa edib. İndi deyirlər bu abidə hardan gəldi? Bir az gülməlidi.
   
   Onu da qeyd edim ki, bu abidənin türk memarlığına heç bir dəxli yoxdu. Diqqət etsəniz görərsiniz ki, sırf erməni əl işidi.
   
   Naif Əlibəyoğlu ilə çox ciddi söhbətlərimiz oldu. Bizim arqumentlərimizə cavab verə bilməyəndə çox güclü bir torpedonu işə salmaq istədi. Bu da ondan ibarət idi ki, heç demə Naifin anası azərbaycanlı imiş. Bu da keçmədi. Keçmədi deyəndə biz ora Naifi döyməyə getməmişdik, başa salmağa getmişdik. Görüşün sonunda bizim üçün təşkil elədiyi ziyafətdən də imtina elədik, çünki belə bir adamla çörək yemək elə onun tayı olmaq deməkdi.
   
   Bələdiyyə binasından çıxanda Qarsın valisi mənə telefon açdı:
   
   - Akıl bəy, sizlərin kırımından anladım ki, Naif bəylə bir süfrə arxasında oturmayacaqsız. Ona görə bir süfrə açmışam və sizi bekləyirəm.
   
   Çox qəribədi ki, Türkiyədə valilər bələdiyyə başçılarına nisbətən daha savadlı, daha təmkinli, daha çox dövlətə və millətə bağlı insanlardı. Qars valisi də həmin abidənin qoyulmasına qarşı çıxan şəxslərdən idi.
   
   Bizim səfərimiz yalnız Naif Əlibəyoğluyla görüşməklə bitmədi. Türkiyənin millətçi qəzetləri bizim səfərə geniş yer verdilər. Nəticədə abidənin inşası müvəqqəti dayandırıldı. Heç indi də abidənin inşası tam başa çatmayıb.
   
   Yəni abidə tikiləndə, özülü qoyulanda qarşısını almalıydı hökumət. Tumanbağını sonradan bağlayanda səs-küy çox olur. Necə ki indi Türkiyədə abidənin sökülüb-sökülməməsi böyük bir müzakirəyə çevrilib və nəticədə Türkiyə Avropanın təzyiqlərinə məruz qalacaq. Abidə qalmaqalı qardaş Türkiyənin ağrımaz başına daha bir Avropa buzu bağladı.
   
   Oxucularımızın könlünü açacaq bir məlumatla yazını bitirim.
   
   Qarsın AKP-li bələdiyyə başkanı Naif Əlibəyoğlu Ermənistandakı biznesinin xətrinə və türkləri - Türkiyəni sevməyənlərin sifarişi ilə bu abidəni ucaldıb. Amma 1997-ci ildə İqdırda ermənilərin türklərə qarşı törətdiyi soyqırıma cavab olaraq möhtəşəm bir abidə ucaldılıb. Bu, göyün sinəsinə sancılmış beş türk qılıncıdır.
   
   Və abidə elə bir yerdə ucaldılıb ki, Ermənistanın sərhəd bölgələrindən də, İrəvandan da baxanda bu qılınclar par-par parlayır. Qınından çıxmış beş türk qılıncı.
   
   Növbəti nömrəmizdə həmin abidə haqqında ətraflı məlumat verəcəyik.
   
   Bilirsinizmi bu abidənin müəllifi kimdi? Azərbaycanın görkəmli memarı, professor Cəfər Qiyasi. Və onu da biləsiniz ki, Cəfər Qiyasi bu möhtəşəm abidəyə görə ona çatacaq külli miqdarda qonorardan da imtina edib. Deyib bu, mənim Türkiyəyə, iqdırlılara hədiyyəmdir.
   
   

TƏQVİM / ARXİV