adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Oktyabr 2019 15:08
47145
ƏDƏBİYYAT
A- A+

Asim Yadigarın yaradıcılığında Qarabağ mövzusu, yurd itkisinin ağrısı, şəhidlik

Ədəbiyyatımızda çox ağrılı və acılı bir mövzu var: Qarabağ mövzusu. Ötən əsrin 80-ci illərinin sonundan başlayaraq bu mövzu hər bir şairi, yazıçını dərindən düşündürmüş, 90-ci ilin yanvarından başlayaraq Qarabağ dərdi, Qarabağ problemi ədəbiyyatımızda aparıcı bir mövzuya çevrilmişdi. Xalq şairimiz Bəxtiyar Vahabzadə "Şənbə gecəsinə gedən yol” adlı kitabında eyni adlı məqaləsində yazırdı: "Qarabağ hadisələri başlanandan indiyə qədər əlimə qələm alanda bütün vücudum lərzəyə gəlir. Qələm içimdəki qəzəbi və etirazı istədiyim şəkildə yazıya çevirə bilmir. Hiddətim və qəzəbim fikrimi dəqiq ifadə etməyə imkan vermir. Çünki xalqıma edilən gözgörəsi zülm o qədər böyük, haqsızlıq o qədər dəhşətlidir ki, bunları insan ağlı dərk edə bilmir”.

Bəxtiyar müəllim bir vətəndaş şair kimi erməni həyasızlığından söhbət açarkən böyük gürcü yazıçısı İlya Çavçavadzenin "Daşların fəryadı” əsərinə də müraciət edir. Şair yazır ki "Bu sözləri elə bil İlya

Çavçavadze bu gün bizim haqqımızda demişdir: ”Ermənilər mənliyimizi təhqir etmək, milli ləyaqətimizi tapdalamaqla kifayətlənmir, bizi yer üzündən yerli-dibli silmək üçün bütün tariximizi, salnaməmizi, tarixi yadigarlarımızı, abidələrimizi puça çıxarır, bizə mənsub olan hər şeyi... müxtəlif hiylələrlə özlərinə çıxırlar... Nədən ötrü toz dumanı qaldırılıb, nədən ötrü belə hay-həşir qoparılıb, göy guruldayıb, ildırım çaxıb? Ondan ötrü ki, bütün dünyaya sübut etsinlər: zaqafqaziyada ta qədimdən yalnız erməni xalqı yaşamış və bu diyarın gələcəyi də onlarındı”.

Azərbaycan ədəbiyyatının onlarla, yüzlərlə tanınmış şair və yazıçısının yaradıcılığında olduğu kimi Asim Yadigarın da şeir və poemalarında bu mövzu özünəməxsus bir yer tutur. Şair hələ 1988-ci ildə "Torpaq davası”, "A zalım” , Bələk” şeirlərini qələmə almışdı. Biz "Bələk” şeiri haqqında söhbət açdığımız üçün həmin şeirə yenidən müraciət etməyi məqbul saymırıq. "Torpaq davası” şeiri məhz bu ağrı-acının bədii əks-sədası idi:

Qurtarmır dünyanın torpaq davası,

Yüz ildir, min ildir gedir beləcə.

Kök atıb, boy atıb ürəyimizdə

Torpaq ağac kimi bitib beləcə.

Şair torpağı ağrı-acısının məlhəmi bilir və torpağı qorumağı hər bir insanın, hər bir vətəndaşın vətəndaşlıq borcu sayır:

Ağrıma, acıma məlhəmdir torpaq,

Onsuz korun-korun odlanar sinəm.

Torpaq torpaq altda qoruyar məni,

Onu torpaq üstdə qoruyan mənəm.

Asim Yadigar bir şair kimi torpaq davasından qorxduğunu deyir. Çünki zaman etibarı ilə torpaq davasında xalqımız həmişə uduzub. Çünki sinəmizə elə bir dağ çəkilib ki, böyük, bütöv Azərbaycanı Araz qılıncı ilə yarı bölüb sinəmizə sağalmaz bir torpaq yarası vurublar:

Torpaq davasından qorxuram, Allah,

Torpaq davasında itirmişəm mən.

Şair bu sözləri 1988-ci ildə yazıb. Elə həmin dövrdə də haray çəkərək deyirdi:

Quru kəsək olsun, ya qaya, ya daş,

Torpaq daha şirin gözümdə bu gün.

Sağıqsa, torpağı qoruyaq, qardaş,

Qoruyaq sabahkı nəsillər üçün.

Əfsus ki, sonrakı illərdə torpaqlarımızı qoruya bilmədik, ərazimizin 20 faizi ermənilər tərəfindən işğal olundu. Bir milyondan artıq soydaşımız ata-baba yurdundan didərgin düşüb qaçqına, köçgünə çevrildi.

Sonrakı dövrdə şair "A zalım” şeirində üzünü torpaq satan şərəfsizlərə tutaraq yazırdı:

Torpaqdan pay olmaz dedi babalar,

Sən onu çox ucuz tutdun, a zalım.

Bu Vətən torpağı sümükmü, ətmi?

Onu qabaqlara atdın, a zalım,

90-cı ilin Qara Yanvarı Asim Yadigarın "Yandırır” və "Qara bayraqlar” şeirində öz bədii əksini tapıb. Bir zamanlar al bayraqlar selində yuyunan Azərbaycanın 20 Yanvar günlərində hər kəndində, şəhərində qara bayraqların asılması onu kövrəldir:

Al bayraqlar üstünə

Al qanımız çiləndi.

Gecəmiz qana batdı,

Gündüzüm kölgələndi.

Müəllif qara bayraqları qanadı sınmış quşa bənzədir. Dağlarımızı, qayalarımızı, hüznlü, kədərli təsvir edir. Şairin ürəyi qəm yuvasıdır, orda dərd taxta çıxıb, könlü isə qəmə əsir düşüb. Amma şair sabaha inanır və qəti hökmlə deyir:

O qara bayraqlara

Əl vurmaram ölüncə.

Qoy yellənsin qəlbi

Ağ günlərim gəlincə.

1990-cı ilin 20 yanvar gecəsi xalqımızın qan yaddaşına "Qanlı şənbə gecəsi” kimi yazılıb. Şair Məmməd Aslanın dediyi kimi " Yanvarın 20-sinə keçən gecə. Doxsanıncı ilin bu qanlı partlayış nöqtəsi, yəqin ki, dünyanın yaddaşında silahsız və günahsız insanları amansız bir vəhşiliklə qanına qəltan eləyən bu tarixdən fəryad qopacaq...”

Həmin günlərdə Məmməd Aslanın məşhur "Ağla, qərənfil, ağla!” şeiri hamının dilində səslənirdi:

Qərənfil-şəhid qanı!

Qan götürdü dünyanı...

Ağla, inlət meydanı,

Ağla, qərənfil, ağla!

20 Yanvar faciəsini ağrı-acısını yaşadığımız zaman şairlərin bu mövzuda yazdığı şeirlər mətbuatda çap olunmağa başladı. Bəxtiyar Vahabzadənin məşhur "Şəhidlər” poeması mətbuatda işiq üzü gördü. Naxçıvanda yaşayıb-yaradan şairlərimiz də bu mövzuda şeirlər, poemalar yazdılar. Həmin dövrdə yaranan şeirlərdən biri də Asim Yadigarın şəhidlərə həsr olunmuş "Yandırır” adlı şeiri idi. Bu şeir şəhidlərin qırxı ərəfəsində "Şərq qapısı” qəzetində dərc olundu:

Bu qədər dərd olmaz çəkirik , Allah,

Dərdimiz torpağı, daşı yandırır.

Elə od qoyublar ürəyimizə,

Qurumuz bir yana, yaşı yandırır.

Şairin sabaha olan ümidi var. O, inanır ki, yerin, göyün götürmədiyi bu nahaq qan yerdə qalmayacaq, xalq nə vaxtsa ayağa qalxıb şəhidlərin Azadlıq arzusunu gerçəkləşdirəcəkdir:

Nə yer götürəcək, nə göy bu qanı,

Qanlı kəfən kimi gəl, gey bu qanı.

Səməndər quşutək Azərbaycanı

Salıb nahaq oda naşı, yandırır.

Şairin belə ağrılı əsərlərindən biri də 1992-ci ilin iyul ayında yazdığı "Oynama, bala, oynama” şeiridir. Şeirin özündə bir ağrı var. Şair şeirin əvvəlində yazır ki, 1992-ci ilin yayında Xocalı qaçqınlarının uşaqları "Günəşli” sanatoriyasında axşamlar istirahət edənlərə qoşulub oynayırdılar. Bu şeir həmin acı təəssüratdan yarandı:

Yaralı köksündə dərd qurub yuva,

Nə tez yaddaşından çıxdı bu dava.

Nə tez sümüyünə düşdü bu hava,

Barı sən oynama, oynama bala.

Ağrıların, acıların, bu qanlı oyunu oynayanların kənarda qalması şairi narahat edir. Bu oyunu oynayanlarla dünyadan xəbərsiz meydana düşüb oynayan 2-3 yaşlı uşaqların oyunları ürək parçalayan bir ağrıya çevrilir:

Oyun oynayanlar qıraqda qaldı,

Qaynar qazanınız ocaqda qaldı.

Bir dünya gülüşün dodaqda qaldı,

Barı sən oynama, oynama, bala.

Körpə uşaqlara "oynama, bala, oynama” deyən şair inanır ki, düşməndən qisas alınacaq və onda bu uşaqların ürəkdən deyib-gülməyə, oynamağa mənəvi haqları çatacaqdır. O gün isə hələ qabaqdadır:

Qisas var –düşməndən alınmayıbdı,

Canına vəlvələ salınmayıbdı.

Azadlıq havamız çalınmayıbdı,

Hələ sən oynama, oynama, bala.

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı, bu dövdən başlayaraq orduda nizam-intizamın yaradilması, güclü ordu formalaşdırılması Qarabağ bölgəsində vuruşan döyüşçülərin də əhval-ruhiyyəsinə güclü təsir göstərdi. Bu baxımdan şairlərin də yaradıcılığında mübariz ruhlu şeirlərə rast gəlindi. 1993-cü ildən sonra Asim Yadigarın mübariz, döyüş əhval-ruhiyyəli şeirləri mətbuat səhifəsində görünməyə başladı.

Akademik İsa Həbibbəyli şairin yaradıcılığı haqqında yazdığı məqaləsində onun yaradıcılığındakı bu şeirlər haqqında da geniş söz açmışdı: "Asim Yadigar müasir Azərbaycan şeirində dövlət müstəqilliyi ideyalarını ardıcıl olaraq ifadə edən şairlərdən biridir. Müstəqil dövlət quruculuğunun başlanğıc illərində yazdığı "Səni döyüşə göndərirəm, səsim” şeiri özünün orijinallığı ilə tam fərqli bir poetik nümunədir. Asim Yadigar ölkənin bütün potensialının, o cümlədən şairin səsinin də müstəqillik yollarında mərd əsgər kimi iştirak etməsini ilk dəfə olaraq şeirdə səsləndirir:

Görünsün sinəndə güllə yerləri,

Qanın axa-axa cəbhələri yar.

Səni qorxutmasın güllələr, yeri,

Vurulsan, yaranı sarıyan olar,

Səni göndərirəm döyüşə, səsim.

Bundan başqa, Azərbaycan poeziyasında səngərdə əsgər, döyüş anları haqqında çox yazılıbsa da, xüsusi olaraq səngərə həsr edilmiş poetik nümunələrə az rast gəlmək olar. Asim Yadigarın "Səngərim” şeiri bu mövzuda yazılmış təsirli poetik nümunələrdən biridir. Onun səngərdə əsgəri Vətən torpağında bitən çinara bənzətməsi yenidir, mənalıdır və yaddaqalandır. Şairin "Bir ola bilmirik” şeiri də milli birlik ideyasının möhkəmlənməsi­­nə xidmət edən müdrik poeziya nümunəsidir. "Torpaq davası” şeirindəki "Torpaq, torpaq altda qoruyar məni, onu torpaq üstdə qoruyan mənəm”-misraları şairin məlum mövzuya diqqəti çəkən qiymətli əlavələridir. "Hücum əmri ver mənə” şeiri 1993-cü ildə yazılmasına baxmayaraq, bu gün də, torpaqlarımızın azad edil­mə­si, müstəqilliyimizin daha da möhkəmləndirilməsi uğrunda mü­barizə davam etdikcə aktuallığını qoruyub saxlayacaq şeirlər­dən­dir”.

1993-cü ilin noyabr ayında Azərbaycan ordusu Füzuli, Goranboy istiqamətində çox uğurlu əməliyyatlar apardı. Həmin dövrdə ümummilli liderimiz Heydər Əliyev döyüş bölgələrində oldu. Orduda yaranan döyüş əhval-ruhiyyəsi Asim Yadigarın "Hücum əmri ver mənə...” şeirinin yaranmasına səbəb oldu:

Hücum əmri ver mənə, hücüm əmri, komandir,

Keçilməz sədlər keçim, aşılmaz dağlar aşım.

Döyüş meydanlarında quduzlaşan yağıyla

Şir kimi pəncələşim, pələng kimi savaşım.

Müdafiə ölümdür, de, geri qaçmaq nədir?

Hücum əmri ver mənə, hücum əmri, komandir!

Şairin komandirə ünvanlanan şeirində güclü bir çağırış ruhu vardır. Bu çağırış hər bir əsgəri qələbədən-qələbəyə səsləyirdi. Müəllif döyüşçülərə yurdun əsir düşən qız-gəlinini yad əllərdə qoymamağa çağırırdı:

Yağılara əsirdir yurdun qızı, gəlini,

Bu dərdi yer götürməz, bu dərdi göy götürməz.

Qeyrət toxumu əkək deyirəm bu torpağa,

Torpaq halallıq sevir, torpaq haram bitirməz,

Bu dərdə dözmür ürək, daha tükəndi səbir,

Hücum əmri ver mənə, hücum əmri, komandir!

Şeirin son bəndində şair qələmimi atıram, mənə də silah yetir deməklə hər bir insanı vətənin ağır günündə ayağa qalxmağa səsləyirdi:

Sözüm sinə dəlməmiş güllə sinəmi dəldi,

Qəlbim də yurdum kimi bu gün tikə - tikədir.

Söz qılıncdan kəsərli, söz qılıncdan itidir

Deyənlər düz deməyib... Vətən təhlükədədir,

Mən qələmi atıram, mənə də silah yetir,

Hücum əmri ver mənə, hücum əmri, komandir!

"Aradan illər keçdikdən sonra, 2010-cu ildə yazılmış "Döyüş əmri ver mənə” şeiri mübariz azərbaycançılıq ideyasının onun yaradıcılığında davamlı bir xətt olduğunu göstərir. "Hücum əmri ver mənə” şeirində döyüş cəbhəsində komandirinə müraciət edən şair vətənpərvər bir əsgərin funksiyasını yerinə yetirir. "Döyüş əmri ver mənə” şeirində isə Asim Yadigar müstəqil Azərbaycan dövlətinin vətəndaşı kimi çıxış edərək Ali Baş Komandana müraciət edir, bu torpağın bütün oğullarının döyüşə hazır olduğunu bəyan edir”.

Artıq bu şeirdə ayağa qalxan, yurd, torpaq uğrunda savaş meydanına can atan hər bir Azərbaycan vətəndaşının gur səsi var:

Bu gün gur səslə deyir anam Azərbaycanım:

-Döyüş əmri ver mənə, Ali Baş Komandanım!

Səbrimin də bir həddi, bir sərhəddi var axı,

Dözmür ürək, partlayır sinəmdə mərmi kimi.

Yolum oddan- alovdan, yolum qandan keçsə də

Məhv etmək istəyirəm o, mənfur düşmənimi.

Bu ana torpağıma qoy qurban olsun canım,

Döyüş əmri ver mənə, Ali Baş Komandanım!

Şeirdə "ATƏT-dən, BMT-dən əlac yoxdu dərdimə, gözə kül üfürürlər onlar illərdən bəri”-deyən şair bütün Azərbaycan əsgərlərinin döyüşə atılması üçün Ali Baş Komandanın əmrini gözlədiklərini deyir: Hər bir oğul bu yurdun vuran şah damarıdır,

Vətən yoxsa, biz nəyik? – Quru torpaq, quru daş...

Səngərlərdə qurd kimi marıqda dayanmasaq,

Bu yurda nə oğuluq, nə əsgər, nə vətəndaş?!

Vətəndir canım, gözüm, odur şərəfim, şanım,

Döyüş əmri ver mənə, Ali Baş Komandanım!

Şeirin son bəndi isə daha kəsgin, daha təsirlidir. Torpaqlarımızın yad əllərində qalmaması üçün şair hamının səfərbər olmasını istəyir. Bir milyon şəhidimiz olsa da belə Azərbaycan bayrağının Şuşada dalğalanmasını istəyir:

Qana - qandır bax bu gün mənim andım, şüarım,

Qanımı şərbət kimi içsin Vətən torpağı.

Bir milyon oğlu, qızı şəhid olsa da belə

Dalğalansın Şuşamda Azərbaycan bayrağı.

Qələbədir son andım, odur dinim, imanım,

Döyüş əmri ver mənə, Ali Baş Komandanım! Ali Baş Komandana üz tutan şair bir həqiqəti gözəl başa düşür ki, torpaqlarımızin yağı tapdağından azad olması yalnız əsgərlərimizin, mərd oğullarımızın sayəsində mümkün olacaq. Ona görə də şair səngərdə keşik çəkən, sərhədlərimizi qoruyan əsgərlərimizi heç vaxt yaddan çıxarmır. "Səngərim mənim” şeiri hər bir əsgərin dilində şüar kimi səslənir:

Sənə qədəm qoyanda dünya gülür gözümdə,

Çiçək açır, gül açır dağım, daşım, düzüm də.

Bir az mətinləşirəm, mərdləşirəm özüm də,

Sən ey evim-eşiyim, doğma səngərim mənim!

Səngərdə çinar kimi bitən oğullar öz səngərləri ilə fəxr edir, öyünür. Çünki səngər əsgəri, əsgər isə Vətəni qoruyur. Səngərdə dayanıb vətənini qoruyan əsgər üçün bundan şərəfli bir iş varmı?

Bir quş yayına bilməz mənim qırğı gözümdən,

Səngər məni qoruyur, mən isə səni, Vətən!

Bir əsgərəm, qoynunda çinartək bitmişəm mən,

Sən ey evim-eşiyim, doğma səngərim mənim!

Nə qədər ki, bu torpaq yaralıdır, yaralı,

Nə qədər ki, qəm yeyir Qarabağın maralı,

Bir an qala bilmərəm inan səndən aralı,

Sən ey evim-eşiyim, doğma səngərim mənim!

"Azərbaycan əsgəri” şeirində də eyni ruh yaşayır. Əsgərlərə müraciət edən şair vurğulayır ki, yurduna göz dikənin gözlərini tökməlisən. Sərhəddində ayıq-sayıq dayan ki, gözündən bir quş da yayına bilməsin:

Vətən yaralı şirdir, sən də bir şir balası,

Vətən-ana, sən-oğul keşikdə durmalısan.

Süngünü xəncər kimi sancıb yağı köksünə

Vətənin ürəyində ürəktək vurmalısan!

Asim yadigarın şeirlərində çağırış var, qələbə əzmi, döyüş ruhu var. O, türk poeziyasını, klassik və müasir Azərbaycan poeziyasını çox gözəl bilən şairdir.Türk poeziyasının böyük şairləri Yunus İmrə, Qaracaoğlan, Tofiq Fikrət, Məhmət Əmin Yurdaqul, Məhmət Akif Ərsoy, Behcət Kamal Çağlar, Nazim Hikmət, Aşıq Veysəl, Nəcib Fazil Qısakürək, Orxan Vəli, Orxan Şaiq Gökyay və başqalarını Asim Yadigar çox sevir və onların şeirlərindən bəzi nümunələri əzbər deyir. Biz dəfələrlə vətənpərvərlik ruhlu televiziya verilişlərində, ayrı-ayrı çıxışlarında Məhmət Əmin Yurdaqulun "Ya qazi ol, ya şəhid” şeirini çox eşitmişik:

Haydı yavrum! Mən səni bu gün üçün doğurdum,

Xamırını igidlik duyğusuyla yoğurdum;

Türk övladı odur ki, yurdu olan torpağı

Ana namusu bilib yad ayağı basdırmaz;

Bu yabançı bayrağı

Azan səsi duyulan heç bir yerə asdırmaz.

Get övladım, illərcə mən oğulsuz qalaram,

Bu yaralı bağrıma qara daşlar çalaram!

Haydı oğlum, haydı, get,

Ya qazi ol, ya şəhid!

Məhməd Əmin Yurdaqulun, eləcə də digər türk şairlərinin döyüş ruhlu şeirləri təbiidir ki, şairin yaradıcılığına yüksək və gözəl təsirini göstərib.

1992-ci ilin mayında Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda ağır döyüşlər gedirdi. Şəhid olan əsgərləri döyüş meydanından çıxarmaq da çətin olmuşdu. Belə bir dövrdə şəhid olan əsgərlər içərisində tanınmaz hala düşən bir şəhid də var idi. Həmin şəhid

"Naməlum əsgər” adı ilə Naxçıvanın Şəhidlər xiyabanında dəfn olundu. Şəhidin dəfnində yüzlərlə insanlardan biri kimi Asim Yadigar da iştirak edib və həmin gün "Naməlum əsgər” adlı bir şeir yazıb. Səhərisi gün məlum olub ki, "Naməlum əsgər” adı ilə torpağa tapşırilan şəhid Şərur rayonunun Püsyan kəndindən olan Fərhad Mirzəyev imiş. Bu xəbəri eşidən Asim Yadigar daha da kövrəlir. Axı, o özü də Şərur rayonunun Püsyan kəndində doğulub boya-başa çatıbdı. Demək şəhid olan gənc onun həmkəndlisi imiş. Bu xəbəri eşidən Asim Yadigar bir gün əvvəl yazdığı şeirə əlavələr edir. Həmin şeir üç hissədən ibarətdir. Birinci hissədə oxuyuruq:

Bu necə köçhaköç, bu necə yasdı,

Yenə nə söyləyir bu qəm karvanı.

Gedir çiyinlərdə bir şəhid oğul,

Nə adı bilinir, nə də ünvanı.

Şəhidlər xiyabanı insan seli ilə doludur. Şəhidin adı, ünvanı bilinmədiyi üçün hamı bu igid əsgərə son borcunu ödəmək üçün gəlib. Analar, qızlar onu öz əzizləri, döğması kimi ağlaya-ağlaya yola salırlar. Bu qəmli və ağrılı mənzərə şairin də gözündən yayınmır. Şair düşünür ki, görəsən bu şəhidin anası da bu anaların içindədirmi?

Ayüzlü gözəllər tökür göz yaşı,

Vardımı sevdiyi sonası görən?

Sızlayan analar "can bala”-deyir,

Hardadır doğmaca anası görən?

Şair şeirin ikinci hissəsini başqa bir əhval-ruhiyyə ilə başlayır:

Hər adsız məzarın öz ünvanı var,

Bu xəbər dolaşdı kəndbəkənd, ev-ev.

Naməlum ad ilə köçən əsgərin

Adı, ünvanı var:-Fərhad Mirzəyev.

Qəlbimi göynətdi bu xəbər, bu ad,

Ağrılar, acılar keçdi sınəmdən.

Onunla bir kəndin suyunu içib,

Birgə havasını udmuşam ki mən.

Şair onun şəhid kimi qəhrəmanlığından söz açır. Sinəsindən güllə yarası almış şəhidin torpağın qoynuna qəhrəman kimi girməsi ilə bir eloğlu kimi fəxr edir, öyünür.

Şeirin üçüncü hissəsi sanki rekviyemdir. Bu hissədə şair bütün şəhidləri ehtiramla yad edir, onların şəninə qəhrəmanlıq nəğməsi oxuyur:

Bu torpaq altında oğullar yatır,

Hamısı köksündən yaralanıbdır.

Şəhid məzarları əsgərsayağı

Cərgəyə düzülüb, sıralanıbdır.

Sanki dilə gəldi şəhid ruhları:

-Sanmayın torpaqda uyuyanlarıq.

Biz torpaq altında yatanda belə

Yenə də torpağı qoruyanlarıq!

Şəhidlər xiyabanında uyuyan hər bir şəhidə şair son ehtiramını şeirin son bəndlərində vətəndaşlıq duyğusu ilə belə bildirir:

Baxdım şəhidlərin məzarlarına,

Ucadan ucadır gördüm başları.

Sandım qəbirdə yox, səngərdədirlər,

Sağında, solunda səngərdaşları.

Torpağın qoynunda şəhidlər yatır,

Şəhidlik! Ulu ad daşıyır onlar.

Nə qədər bu torpaq, bu Vətən durur,

Beləcə ömr edib, yaşayır onlar!

Bu şeir şəhidlərə həsr olunmuş şeirlərin müsabiqəsində birinci mükafata layiq görülmüş və 1997-ci ildə "Şəhidlik-ömrün nur çağı” almanaxında çap olunmuşdur. Naxçıvan Yazıçılar Birliyinin sədri Hüseyn İbrahimovun tərtib etdiyi bu kitabın girişində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1996-cı ildə Naxçıvanın Şəhidlər xiyabanında dediyi aşağıdakı sözləri verilmişdir: "Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda şəhid olanlar əbədiyyətə qovuşublar. Onların qəhrəmanlıq xatirəsi bizim qəlbimizdə daim yaşayacaq. Burada, Şəhidlər xiyabanında, Azərbaycanın ayrılmaz hissəsi Naxçıvanın müdafiəsində həlak olanlar əbədi uyuyurlar. Allah rəhmət eləsin. Onlar daim bizim qəlbimizdədirlər”.

Azərbaycan poeziyasında bəlkə də Asim Yadigar qədər vətənpərvərlik ruhunda şeirlər yazan şairlər barmaqla sayılacaq qədər azdır. Onun bu vətənpərvərlik ruhlu şeirləri həmişə əsgərlərin də dilində səslənir. Bu baxımdan şairin "Döyüş havaları çaldırmalıyıq” şeiri də çox böyük təsir gücünə malikdir:

Yetər bu inilti, yetər göz yaşı,

Ər olsun yurdumun hər vətəndaşı,

Qaldıraq, sındıraq bu ağır daşı,

Döyüş havaları çaldırmalıyıq,

Milləti ayağa qaldırmalıyıq!

Şair, hər bir insanın, hər bir vətənsevərin damarında qeyrət qanını oyatmalıyıq deyir. O, bu əqidədədir ki, "əsgər səngərindir, səngər əsgərin”. Ona görə də əsgər səngərindən aralı düşə bilməz. Bu yolda şəhidlik zirvəsinə ucala bilsək onda şəhidlərin ruhları da bizimlə olacaq.

Hər oğul vətənçün candan keçirsə,

Hər ağrı damardan, qandan keçirsə,

Biz də oğul kimi verib səs-səsə

Döyüş havaları çaldırmalıyıq!

Milləti ayağa qaldırmalıyıq!

Vətən üçün şəhid olmaq şərəfdir. Nə qədər ki, torpaqlarımız yağı tapdağındadır biz onda şərəfli bir ömür sürə bilmərik. Yurdun hər qarış torpağı üçün vuruşmaq hər bir vətəndaş üçün, hər bir əsgər üçün şərəfdir:

Hər qarış torpaqçün can gərəkdirsə,

Ürək gərəkdirsə, qan gərəkdirsə,

Şərəfli bir ömür, an gərəkdirsə,

Döyüş havaları çaldırmalıyıq,

Milləti ayağa qaldırmalıyıq!

Belə fikirləşirəm ki, bu şeiri oxuyan hər bir insanın damarlarından axan qan da "Vətən” deyəcək, "Vətən üçün vuruşmalıyıq!”-deyəcək.

2014-cü ilin dekabr ayında Asim Yadigar "Vur, komandir, vur!” adlı gözəl bir şeir də yazıb. Əsgər komandirinə müraciət edərək düşmən helikopterinin vurulmasını xahiş edir. Komandir düşmən helikopterini vurub salır. Bu şeirdə şair sevinci əsgər sevincinə qarışır. Sanki şair də o anın şahidinə çevrilir, bu sevinc hissini misra-misra hər bir insanın, oxucunun qəlbinə yeridir:

Qarı düşmən at oynadır yurdunda,

Bir gün yanar qaladığı odunda...

Elə vur ki, yaddan çıxsın adı da,

Bəsdi yatdın, dur başına döndüyüm,

Vur, komandir, vur başına döndüyüm.

Şeirdə yağı düşmənin qaniçənliyi, yurdumu viran qoyub dağıtması bir daha komandirə əsgərin dili ilə söylənilir. Əsgərin özü də sanki komandirlə birlikdə o helikopteri vurur:

Vur, vurduğun qaniçəndir, yağıdır,

Neçə ildir yurd-yuvamı dağıdır,

Sinəmdə dağ namərd düşmən dağıdır,

Səsin gəlsin gur, başına döndüyüm,

Vur, komandir, vur başına döndüyüm.

Şair illərdən bəri "haqq-ədalətin yoxa çıxdığını, çəndə, dumanda itib- batdığını” söyləməklə Qarabağ ağrılarımızı dünyanın kar olmuş qulaqlarına bir daha poetik misraları ilə çatdırmaq istəyir:

Öz adını tarixə yaz, daşa yaz,

Səntək oğlu olan torpaq basılmaz,

Yerdən gəlir, göydən gəlir qorxma, qaz

Erməniyə gor, başına döndüyüm,

Vur, komandir, vur başına döndüyüm .

Şeirin son bəndində şairin gur səsi də sanki "Vur, komandir, vur!”-deyən əsgərin səsinə qarışır. Bu səsdə, çağırışda torpaq ağrısı ilə üzləşən milyondan artıq qaçqının, köçgünün də səsi var:

Vur naləsi bülənd olsun qoy göyə,

Qaçaq düşsün bu torpaqdan "Vay” deyə.

Yox erməni dığasına, axçiyə

Qarabağda yer, başına döndüyüm

Vur, komandir, vur başına döndüyüm!

Qarabağ ağrısı, dərdi, 30 ildən bəri xalqımızın davam edən narahatçılığı insanları artıq yorub. Acı bağırsaq kimi uzanan bu müharibənin, bu atəşkəsin ağrı-acısını həmişə duyuruq, yaşayırıq. Sərhədlərdə açılan güllələr yenə də, mərd mübariz oğullarımızın köksünü deşir, sərhəd kəndlərimizdə yaşayan insanlar hər səhərini qorxu içərisində açırlar. Atılan güllələr, mərmilər dinc insanların, qocaların, cavanların, hətta körpə uşaqların belə həyatına son qoyur. ATƏT-in, BMT-nin qərarları, bəyanatları yenə də qulaqardına vurulur. Beynəlxalq təşkilatların dəstə-dəstə gəlib gedən nümayəndələrinin işləri, səyləri elə kağız üzərində qalır. Müharibədən cana doymuş insanlar sülh istəyir. Hamı istəyir ki, öz ata-baba yurdunda sakit bir həyat keçirsin, öz torpağını əkib becərsin. Ona görə də dinc bir həyata qayıdış üçün böyük bir sülhə ehtiyac var. Bu ehtiyacı minlərlə insan kimi şair Asim Yadigar da duyur, istəyir. Bu münasibətlə yazdığı "Bir bayram istəyirəm” şeirində şair bu arzusunu dilə gətirir:

Bir bayram istəyirəm bayramlara tac olsun,

Bütün ağrı – acıma, dərdimə əlac olsun.

O bayramda nə kasıb, nə yoxsul, nə ac olsun,

Olsun Hünər bayramım, olsun Zəfər bayramım.

Şair "üzünə baxa bilim daşımın, torpağımın, qanını yuya bilim gülümün, yarpağımın, şəfəqinə bürünüm üçrəngli bayrağımın”- deyərək könül dolusu ürəkdən sevinmək, gülmək istəyir. İstəyir ki, düşməninin bağrını çatladıb, onun murdar sinəsini dağlasın. O, istəmir ki, onun torpağı yağı əllərində girov olsun. O, istəyir ki, tikə-tikə paralanmış torpağı para yox, bütöv olsun. Atlarımız yenə də "göy üzü çadırımız, Günəş bayrağımız” deyən babalarımızın arzularının üfüqlərini əvvəlki kimi genişləndirə bilək. Əgər Tanrı türk övladının dayağıdırsa onda nə gözləyirik:

Nə durub gözləyirsən, ey yurdun mərd övladı,

Gözlədin Qıratların söndü şimşək qanadı,

Bəsdir bu qədər zaman səbrimizi sınadı.

Olsun Hünər bayramım, olsun Zəfər bayramım.

Hər bir insanın beynində bir qələbə, zəfər kəlməsi varsa, ayağa qalxıb bir günü süngümüzlə tariximizə yazıb, özümüzün Qələbə bayramı kimi qeyd etməliyik:

Ey Ali Baş Komandan, ver əmrini hazıram,

Düşmən bağrın çatladıb, düşmən qəbrin qazıram,

Bir günü də süngümlə tariximə yazıram,

Olsun Hünər, Qələbə, olsun Zəfər bayramım!

Bu arzu təkcə şairin arzusu deyil, bu bütün yurddaşlarımızın, taleyin hökmü ilə dünyanın dörd bir tərəfinə səpələnmiş milyonlarla soydaşlarımızın ən müqəddəs arzusudur.

Asim Yadigar 2016-cı ilin 1-5 aprel tarixlərində Lələ Təpə uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən əsgərlərimizin də şücaətini unutmayıb. Şairin ”Cənnət Qarabağımız yenə cənnət olacaq” adlı şeiri Cəbrayıl rayonunun Çocuq Mərcanlını kəndini yağı tapdağından azad edən oğullarımızın qəhrəmanlığına həsr olunub:

Hər qarış torpaq belə müqəddəsdi, müqəddəs,

Canımızdan əzizdir bizə bu ana torpaq.

Yolumuzu gözləyir Laçınım, Kəlbəcərim,

Şuşada dalğalansın gərək üçrəngli bayraq.

Çingizlər, Mübarizlər böyüdən bu millətin

Bir qarış torpağı da düşməndə qalmayacaq!

Bu şeir Cocuq Mərcanlı azad olunan günlərdə yazılmışdı. Şair arzusunu da həmin şeirdə bildirmişdi ki, gələcəkdə bu yerlərdə durna qatarı kimi sıraya düzülən evlərdə yanan işıqlar namərd düşmənin gözünü kor edəcəkdir:

Durna qatarı kimi sıraya düzüləcək

Cocuq Mərcanlımızda sabah yüz-yüz baxça, bağ.

Yurduma göz dikənin gözləri oyulacaq,

Cənnət Qarabağımız yenə cənnət olacaq.

Çingizlər, Mübarizlər böyüdən bu millətin,

Bir qarış torpağı da düşməndə qalmayacaq!

Bəli, şairin bu arzusu da artıq gerçəkləşib. O ümidlə yaşayırıq ki, bütün Qarabağımızda evlərimizin gur işığı yanacaq, hər bir insan öz isti ocağının başında yurd, torpaq itgisinin ağrı-acısını unudacaqdır.

Biz Asim Yadigarın şeirlərində xalqın tarixi keçmişi ilə öyünmək duyğusu ilə yanaşı, bütün türk dünyasına da sonsuz sevgi və məhəbbəti görürük. Türk dünyasının tarixi qəhrəmanları, tarixi siyasi xadimləri, qüdrətli söz adamları həmişə onu düşündürüb və o, bu böyük türk dünyasını sevə-sevə tərənnüm edib. Bu baxımdan biz onun "Türkün gücü” şeirini ən gözəl poetik bir örnək kimi dəyərləndiririk. Şair bu şeirində sanki türk dünyası ilə nəfəs alır. Böyük alman filosofu Hegelin bir fikrini şeirinə epiqraf seçən şair düşüncələrini də bu sözün ətrafında cəmləyib. Hegel yazır: " Mən desəm ki, almanlar ağıllı millətdir, verin dünyanı almanlar idarə etsin, milliyətcə alman olduğum üçün məni qınayarlar, odur ki, deyirəm: "Dünyanı verin türklər idarə etsin, çünki türklər ən ədalətli və insaflı millətdir”.

Bu sözün özündə türk millətinin hər bir övladının duya biləcək, fəxr edəcək bir duyğu, bir qürur, bir hiss var:

Haqq, ədalət pozulur

dünyanın hər yerində,

Belə getsə qopacaq

dünya öz mehvərindən...

Zamanın ağrıları

gah üzdə, gah dərində,

Bu dərdlərin əlacı

türk oğlu türkdə ancaq,

Dünyanı dərddən, qandan

ancaq türk qurtaracaq!

Bu şeirin hər bir bəndində türkün gücünə, ədalətinə sonsuz bir sevgi yaşayır. Hegelin sözü ilə şairin şeirdəki fikirləri üst-üstə düşür. Sanki şair dahi filosofun bu fikrindən istifadə edərək yola çıxıb və ürəyindən keçən ən gözəl, ən xoş fikirləri şeirə gətirib:

Haqq, ədalət deyirik! –

ədalət türkdə olur,

Hünər, qeyrət, cəsarət,

dəyanət türkdə olur,

İnsanlığa mərhəmət,

məhəbbət türkdə olur,

Əbədidir, sönməzdir

türkün çatdığı ocaq,

Dünyanı dərddən, qandan

ancaq türk qurtaracaq!

Türk dünyasının tarixi qəhrəmanlarının yoluna işıq tutan şair XX əsrdə də türk dünyasının böyük, dahi şəxsiyyətlər yetirdiyini vurğulaması keçmişlə bu günün arasında bağlılığın olmasını bizə xatırladır. Yəni türk övladlarının damarlarından axan qan əsrlər keçsə də yenə özünü türkün digər övladlarının qanında göstərir. Xalqın ağır, dar günündə yenə də Tanrı türkə Atatürk kimi, Heydər Əliyev kimi xilaskarlar yetirir ki, vətəni parçalanmaqdan, xalqı məhv olmaqdan qoruya bilsin:

Metesi, Atillası,

Tüymuru, Çingizi var,

Tarixin yaddaşında

türk möhürü, izi var,

Türk ədalət sevəndir –

öz hökmü, öz sözü var.

Atatürk, Heydər olub

yolunda işıq, mayak,

Dünyanı dərddən, qandan

ancaq türk qurtaracaq!

Bu gün dünyada neçə-neçə müstəqil türk dövləti var. Bu dövlətlər və xalqlar arasında qırılmaz tellər var. Heç bir qüvvə türk birliyinə xələl gətirə bilməz. Onların adları ayrı olsa da soyları birdir, hamısı bir kökdən qidalanır:

Türk uyğur, qaraqalpaq,

qaqauz, türkmən, qazax...

Milyon-milyon türk oğlu

güvənibdir haqqa bax,

Adı ayrı olsa da,

soyları birdir ancaq,

Bir kökdən qidalanır,

güc alır neçə budaq,

Dünyanı dərddən, qandan

ancaq türk qurtaracaq!

Dünya türkə qənim yox,

dost olsa, qardaş olsa,

Ağrı-acılarına,

dərdinə sirdaş olsa,

İnsanların qəlbinə

sevgi, məhəbbət dolsa,

Türk bütün insanlığa

açar xoş üzlə qucaq,

Dünyanı dərddən, qandan

ancaq türk qurtaracaq!

XXI əsr türk əsridir deyiblər. İnanırıq ki, bu əsrdə bir türk dövləti olaraq Azərbaycan da öz sözünü deyəcək, tarixin bütün sınaqlarından alnıaçıq, üzüağ çıxacaqdır.

Günay Şirəliyeva

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi,

Filologiya üzrə fəlsəfə doktoru, dosent