ÖLüLƏR

AQİL ABBAS
49217 | 2011-02-01 14:08
MÜƏLLİFDƏN: Mirzə Cəlil mənim üçün günəşdi, havadı, sudu, torpaqdı. Mənə elə gəlir ki, onlarsız yaşamaq mümkün olmadığı kimi mən Mirzə Cəlilsiz də yaşaya bilməzdim və bilmərəm. Və Mirzə Cəlil elə bir yazıçıdır ki, yüz dəfə oxuyursan, təzədi. Elə bil birinci dəfədi oxuyursan. Hər dəfə oxuyanda sənin üçün ayrı bir dünya açılır. Mirzə Cəlilin vaxtında bilmirəm neçə Qurbanəli bəy olub, neçə Novruzəli, neçə Xudayar bəy, neçə Şeyx Nəsrullahg amma bunlar indi o qədər çoxdular ki?!
   
   Çoxdandı məni ağrıdan bir dərd içimdə yaraya dönüb. Nə qədər eləyirdim o dərdi içimdən çıxara bilmirdim, yaza bilmirdim. Gücüm çatmırdı. Bilmirəm neçənci dəfədi yenidən "Ölülər"i oxuyurdum. Və Mirzə Cəlil əlini əbədi dünyadan atdı mənim qəlbimdəki o dərdi dartıb qopartdı. Görən Mirzə Cəlil məni bağışlayarmı ki, mən onun "Ölülər" əsərini belə yazmaq qərarına gəldim?!
   
   Söz hörmətli oxucunundu.
   
   
   
   Məclislərin əhalisi
   
   
   
   Tasye - 60 yaşında
   
   Brat - onun köməkçisi, 45 yaşında
   
   Həsənqulu -Çadır şəhərinin ağsaqqalı
   
   Fatmanisə -onun arvadı
   
   İsgəndər -onun oğlu, 25 yaşında
   
   Cəlal- kiçik oğlu, 12 yaşında
   
   Nazlı -qızı, 17 yaşında
   
   Hacı Baxşəli
   
   Hacı Kərim
   
   Hacı Kazım
   
   Məşədi Oruc
   
   Mir Bağır ağa
   
   Heydər müəllim - qaçqınkom
   
   Əli bəy - qaçqınkomun məsul işçisi
   
   Mirzə Hüseyn - müəllim
   
   Kərbəlayı Vəli
   
   Dörd nəfər bığıburma
   
   
   
   Əhvalat vaqe olur Çadır şəhərində
   
   
   
   BİRİNCİ MƏCLİS
   
   
   
   Həsənqulunun evi. İsgəndərin otağı. Küncdə dəmir çarpayı, qabağında bir miz, üstündə 2-3 kitab, 2 stul. Müəllim Cəlala dərs deyir.
   
   
   
   CƏLAL: (qabağında kitab, duruxa- duruxa oxuyur) Moy neym Cəlal.
   
   
   
   MİRZƏ HÜSEYN: (ucadan) Moy yox, ay tupoy, moy yox!
   
   Moy uruscadı. Urus çezdi ey, day urus yoxdu. Leninlə qurtardıq. İndi day pulun üstə Leninin şəkli yoxdu ey, Vaşinqtonun şəkli var. İndi amerikalı var, indi ingilis var, Çörçill, Elton Con, qandın? May! May!
   
   
   
   CƏLAL: Qandım müəllim, qandım. May!
   
   
   
   MİRZƏ HÜSEYN: Di bir də oxu.
   
   
   
   CƏLAL: May nəyim
   
   
   
   MİRZƏ HÜSEYN: Nəyim nədi, ə? Yox bir bəyim! Neym! Neym! Oxu!
   
   
   
   CƏLAL: May neym iz Cəlal.
   
   
   
   MİRZƏ HÜSEYN: Ay maşallah
   
   
   
   (Bu vaxt bir nəfər girir içəri, tövşüyə-tövşüyə.)
   
   
   
   KİŞİ: Həsənqulu evdədi?
   
   
   
   CƏLAL: Atam gedib Bərdə bazarına.
   
   
   
   (Kişi çıxıb gedir, müəllim əsəbiləşir.)
   
   
   
   MİRZƏ HÜSEYN: Ədəbsiz, ədəbsizin biri ədəbsiz! Allahın bir salamını da vermədi, çox vacib imiş. Harda qaldıq.
   
   
   
   CƏLAL: Moy nəyim Cəlal.
   
   
   
   MİRZƏ HÜSEYN: Ay tupoy, sənə indicə dedim axı, moy yox, moy uruscadı. May! Nəyim yox, neym!
   
   
   
   CƏLAL: May neym iz Cəlal.
   
   
   
   (Bu vaxt İsgəndər girir içəri, "Vartan, Vartan" deyə bir iti də içəri gətirir).
   
   
   
   CƏLAL: Qağa, sən Allah, iti içəri gətirmə, iyrənirəm. Vallah, atam bilsə səni şülüyəcək. Qoy dərsimi oxuyum.
   
   
   
   (İsgəndər iti buraxır, papağın atır bir tərəfə, yayxınır çarpayıya, bir siqaret çıxarır)
   
   
   
   MİRZƏ HÜSEYN: (İsgəndərə) İsgəndər bəy...
   
   
   
   İSGƏNDƏR: Ə, day mən müəllim deyiləm, məni zavuç qoydular. (Gülür)
   
   
   
   MİRZƏ HÜSEYN: (Başını bulayır) Yaxşı, ol zavuç. (Amma yenə deyir) İsgəndər müəllim, yaxşı oldu gəldin. Xahiş edirəm bu Cəlala başa sal ki, dərsini oxusun.
   
   
   
   İSGƏNDƏR: Baş üstə, baş üstə. Amma mənim sözümə qulaq asan kimdi. Odur ey, Allahın Vartanı da sözümə baxmır. Nə qədər elədim içəri girmədi. Ha... ha... ha...
   
   
   
   MİRZƏ HÜSEYN: Yox, elə buyurma. Sən böyüksən. Cəlal da ağıllı oğlandı. Sənin sözünə baxar. Bu qədər zəhməti ki onun yolunda mən çəkirəm, atası çəkir, gərək o da elə edə ki, zəhmətimiz bada getməyə. Məgər Cəlal görmür ki, ingilis dilini bilməyən bir qəpiyə dəyməz. Adam ki, ingilis dilini bilmədi, onun nə xətri olar, nə də qədir-qiyməti. İnsan elm sahibi olmalıdı.
   
   
   
   İSGƏNDƏR: Deyirsən yəni Cəlal televizora baxmır, qəzet-jurnal oxumur? Görmür ki, nə elmin bir qəpiklik hörməti var, nə də alimin bir qəpiklik qiyməti. O kəsin ki elmi var, onun mənim kimi hörməti yoxdu. O kəsin ki Əli bəy-müəllim kimi hörməti var, onun da elmi yoxdu. Cəlal bilmir ki, professor əlində üç-dörd kilo soğan, kartof, yarım kilo ət dayanacaqda avtobus gözləyir, əynində də geyilməkdən dakrona dönmüş kostyum, amma qulağısırğalı gədələr mersedeslərdə ötür. Allah qoysa, qaqama bir mikrafon alacam, anamın da bir sırğasını qulağına taxıb aparacam Bakıya ulduz yarışına. Bəlkə bu Çadır şəhərindən canı qurtara. Ha... ha... ha...
   
   
   
   MİRZƏ HÜSEYN: Cəlal, İsgəndər müəllim zarafat eləyir. Ulduz yarışı nədi? Sən ingilis dilin öyrən. Odur ey, Əli bəy- müəllim on-on beş kəlmə ingiliscə bilir, o boyda qaçqınkomda o boyda vəzifədə işləyir, bəy balası kimi yaşayır.
   
   
   
   CƏLAL: Müəllim, fikir vermə, qağam vurub.
   
   
   
   İSGƏNDƏR: (gəlir Cəlalın yanına, ağzına üfürür) Mən kefliyəm ə, küçük?! Hanı?
   
   
   
   CƏLAL: (üz-gözünü turşudur) Qağa, vallah, yenə girdirmə araq içmisən.
   
   
   
   İSGƏNDƏR: (ucadan gülür) Yalan deyirsən. Araq içməmişəm, konyak içmişəm, özü də "Göygöl".
   
   
   
   MİRZƏ HÜSEYN: Cəlal, mən gedirəm. Sənə təzə dərs vermirəm. Bugünkün yaxşı oxumamısan. Yaxşı hazırlaş. İsgəndər müəllim, səndən də çox xahiş edirəm bu uşağı da öz gününə salma.
   
   
   
   (Bayaqkı kişi yenə tövşüyə-tövşüyə girir içəri)
   
   
   
   KİŞİ: Həsənqulu evdədi?
   
   
   
   CƏLAL: Ay əmi, axı bayaq dedim ki, dədəm gedib Bərdə bazarına.
   
   
   
   (Kişi gedir, həyətdə it hürür kişinin üstə)
   
   
   
   MİRZƏ HÜSEYN: (Öz-özünə) Ədəbsiz oğlu ədəbsiz, yenə salam vermədi, çox vacib imiş.
   
   
   
   İSGƏNDƏR: (qapıya tərəf gedir) Küş, küş, küş. Ha, ha, ha! Küş, Vartan, küşg Heyvanına şükür, Allah!
   
   
   
   CƏLAL: Qaqa, vallah dədəm gələndə deyəcəm ki, İsgəndər camaatın üstünə it fısqırdır.
   
   
   
   İSGƏNDƏR: Qaqa, o it deyil, səndən ağıllıdı.
   
   
   
   MİRZƏ HÜSEYN: (Öz-özünə) Yiyəsinə oxşayıb.
   
   
   
   İSGƏNDƏR: Mən də deyəcəm ki. Cəlal yenə dərsini bilmirdi. Ha, ha, ha! (Gülüb qurtarandan sonra gəlir Cəlalın yanına) Yox, qorxma, demərəm. Mən səni çox istəyirəm. Amma qağayın sözünə baxmamaqda bir az yaxşı eləmirsən. Dədəyin bu bisavad müəllimə verdiyi pula gündə iki dənə Smirnov arağı eləyir. O pulu verərdi mənə. Hər gün iki araq alardım, biri səhər üçün, biri axşam. Özüm sənə dərs deyib adam eliyərdim. Yoxsa, may neym kərtənkələ, may fazə Həsənqulu, may mazə Fatmanisə. Ha... ha... ha... İngilis dilini bilməklə adam olmaq mümkün olsaydı onda elə bütün ingilislər adam olardı da.
   
   
   
   MİRZƏ HÜSEYN: Bağışlayın, İsgəndər müəllim. Hərçənd ki, bəndəniz tərəfindən sizə nəsihət vermək ayıbdı. Amma uşaq tayfasına o cür sözləri deməyiniz bir az yaxşı deyil. Siz özünüz o boyda universitet bitirmisiniz, qardaşınıza deməkdən ki, səy elə, elm dalınca get, ingilis dilini öyrən. Başlayırsız ona olmayan sözlər deməyə.
   
   
   
   (Bayaqkı kişi yenə gəlir)
   
   
   
   KİŞİ: Həsənqulu evdədi?
   
   
   
   İSGƏNDƏR: Evdədi, evdədi. O biri otaqda "Aşkı memnu"ya baxır.
   
   
   
   CƏLAL: Qağ

TƏQVİM / ARXİV