CON ELViSi KiM ÖLDüRüB?

AQİL ABBAS
36644 | 2010-12-28 06:23
Yəqin ki, bu ad hamının yadından çıxıb. Yəni nə elə bir böyük fiqur deyildi, nə də şou-biznes əhli idi. ABŞ-ın Respublikaçılar İnstitutunun Bakıdakı nümayəndəsi idi. 10 il bundan əvvəl dekabr ayında mənzilində bıçaqlanıb öldürülmüşdü.
   
   Amma yenidən gündəmə gəlib. Milli Demokratiya İnstitutunun keçmiş rəhbəri, hazırda ABŞ-ın Marşal Fondunun eksperti Piter Van Praq adlı bir nəfər "The Washington Post" qəzetində bir məqalə yazıb Con Elvislə bağlı və həmin məqaləni də "Azadlıq" qəzeti bazar günü sayında ixtisarla dərc edib.
   
   Piter Van Con Elvisin ölümündə Azərbaycan iqtidarını suçlu bulub ittiham edir. Yazır ki: "Con Elvis demokratik qüvvələrlə sıx əməkdaşlıq etdiyinə görə, Bakıdakı mənzilində vəhşicəsinə qətlə yetirildi".
   
   Deməli, bu Piter Van Con Elvislə bərabər Azərbaycanda demokratiyanı inkişaf etdirməyə gəliblərmiş. Özünün yazdığına görə, hər ikisi də "həsrətlə" Azərbaycanda demokratiyanın inkişafını gözləyibmişlər. Nə isə, onun yazdıqlarını təkrar etmək fikrim yoxdu. Bir az da hədə-zad var yazısında.
   
   Gələk Con Elvisə. Həmin vaxt "Ədalət" qəzetində bu məsələ ilə bağlı Azərbaycanı ittiham edənlərə cavab vermişdim, yenə də cavab verməyi özümə borc bildim. Mənə elə gəlir ki, dövlətimizə və dövlətçiliyimizə qarşı haqsız ittihamlara, böhtanlara cavab vermək adi bir vətəndaşın da borcudur.
   
   Bu adam yazır ki, "ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) gənc demokratın öldürülməsi ilə bağlı cinayət işinin istintaqından narazı olduğunu açıq şəkildə dilə gətirdi".
   
   Bəli, FTB tökülüb gəlmişdi.
   
   Əslində heç onlar bura buraxılmalı deyildilər. Sən kimsən gəlib mənim ölkəmdə təhqiqat aparırsan? Mənim özümün təhqiqat apara biləcək mükəmməl orqanları və mükəmməl də mütəxəssisləri var. Necə ki də təhqiqatı apardılar, cinayəti bütün şəffaflığıyla üzə çıxartdılar. Cinayətkarlar da cəzalarını aldılar. Bizim də ABŞ-da vətəndaşımızı öldürdülər, onda bizim "FTB" durub ABŞ-a gedib?
   
   İndi day gəlmişdilər də, dünyanın vor zakonlarıdı, neyləyək? Dünyadakı bütün "razborkaları" gərək bunlar apara.
   
   Bəli, FTB gəldi , məsələnin nə yerdə olduğunu bildi, öyrəndi, özünün apardığı təhqiqatın nəticəsi də bizimkilərin apardığı təhqiqatla üst-üstə düşdü və FTB dinməz-söyləməz çıxdı getdi. Gedəndə də bizimkilərə yalvardılar ki, mümkünsə bu məsələni açıb-ağartmayın. Bir işdi olub, ABŞ-ın nüfuzuna zərbə vurmayın.
   
   Bizimkilər də day onların xətrinə dəymədilər, açıb ağartmadılar.
   
   Amma Azərbaycan ictimaiyyəti Con Elvisin niyə öldürülməsini bildi.
   
   Bu Piter Van yazır ki, Con Elvisi guya demokratik qüvvələrlə sıx əməkdaşlıq etdiyinə görə öldürüblər. Bəs, səni niyə öldürmədilər? Gülməşəkərsən?
   
   Con Elvisi demokratik qüvvələrlə sıx əməkdaşlıq etdiyinə görə yox, mavi olduğuna görə və başqalarını da bu işə cəlb etdiyinə görə, şərəfsizliyinə görə öldürmüşdülər. Ona görə də FTB dinməz-söyləməz çıxdı getdi.
   
   İndi üstündən 10 il keçəndən sonra elə bilirlər bu hadisəni hamı unudub Con Elvisdən demokratiya qəhrəmanı düzəltmək istəyirlər.
   
   Çox istərdim ki, hüquq-mühafizə orqanlarımız Con Elvisin öldürülməsi səbəblərini ortaya qoyan cinayət işini "The Washington Post" qəzetinə göndərsin və təkzib tələb etsin.
   
   Və əgər Amerikada demokratiya varsa görək bizim göndərdiyimiz materiala qəzetdə yer ayırarlarmı?! Piter Vanın məqaləsinin böhtan xarakterli olduğunu təkzib edərlərmi?!
   
   Qətiyyən. Yox, ona görə yox ki, Amerikada demokratiya yoxdur, sadəcə, Amerika demokratiyası özüyçündü.

TƏQVİM / ARXİV